Səbail rayonunda iftar süfrəsi təşkil olundu
04.06.2019Dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyəti hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalaraq aztəminatlı rayon sakinləri üçün iftar süfrəsi təşkil etdi.
4 iyun 2019-cu il tarixində YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı.
250 nəfərlik iftar süfrəsində rayon ictimaiyyəti nümayəndələri, rayonun Səbail, Badamdar və Bibi-heybət qəsəbələrinin əsasən aztəminatlı sakinləri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, kimsəsizlər, tənha ahıllar, əlillər, eləcə də partiya fəalları, gənclər iştirak etdilər.
Mərasimdə Qurani-Kərimdən ayələr oxundu, dualar səsləndi, bu müqəddəs ayın fəzilətlərindən, iftarın savablarından danışıldı, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması və aztəminatlı vətəndaşlara göstərilən dövlət qayğısı xüsusi vurğulandı.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Müqəddəs Ramazan bayramı münasibətilə hər kəsi təbrik etdi, hamıya cansağlığı, ailələrində xoşbəxtlik və işlərində uğurlar arzuladı. Ramazan ayının, orucun və iftar süfrələrinin fəzilətindən danışan deputat bildirdi ki, Azərbaycan xalqı dünya müsəlmanlarının əziz bayramı olan və birlik, bərabərlik, həmrəylik, yardımlaşma, paylaşma rəmzi olan Ramazan bayramını qeyd etməklə milli-mənəvi və islam dəyərlərinə sadiqliyini, bu dəyərləri qoruduğunu və yaşatdığını nümayiş etdirir. Qeyd olundu ki, bu gün Azərbaycan cəmiyyəti tolerantlığın, dini dözümlüyün, multikulturalizmin həyat tərzinə çevrildiyi, əmin-amanlığın, ictimai-siyasi sabitliyin, xalq-iqtidar birliyinin yüksək səviyyədə olduğu və qorunduğu, bütün bu dəyərləri ilə dünya üçün müsbət nümunə təşkil edən cəmiyyətdir. Azərbaycanda aparılan dini siyasət milli kimliyimizi təşkil edən mənəvi dəyərlərimizin qorunmasına yönəldilmişdir. Ölkəmiz, müstəqil dövlətimiz ildən-ilə qüdrətlənir, iqtisadiyyatımız inkişaf edir və əhalinin rifahı, yaşayış səviyyəsi yüksəlir. YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin daima rayonun aztəminatlı və yardıma ehtiyacı olan sakinlərini xüsusi diqqətdə saxladığını və Ramazan ayı boyunca hər il ənənəvi olaraq iftar süfrələri təşkil etdiyini diqqətə çatdıran Ş.Hacıyev vurğuladı ki, rayon rəhbərliyi daima sakinlərin yanındadır və onları narahat edən problemlərin həlli istiqamətində çalışır. Bütün Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə bir daha ürəkdən təbrik edən millət vəkili arzu etdi ki, Azərbaycanın müstəqil dövlətçiliyi daimi olsun, ölkəmizin iqtisadi qüdrəti və əhalinin rifahı ildən-ilə yüksəlsin, ağrılı problemimiz olan Dağlıq Qarabağ problemi yaxın gələcəkdə həll olunsun, itirilmiş torpaqlarımız, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, qaçqınlarımız, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıtsınlar və biz növbəti Ramazan bayramlarını Şuşada, Xankəndində keçirək. Amin!
Ramazan bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran tutulan orucların, edilən duaların, xeyirli niyyətlərin qəbul olunmasını arzuladı. Azərbaycanda İslamın müqəddəs dəyərlərinin qorunması və yaşadılmasında Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətlərindən danışan S.Aran bildirdi ki, Azərbaycan ənənəvi olaraq bütün dini icmalara eyni münasibətin göstərildiyi, dini tolerantlığın və multikulturalizmin parlaq nümunəsi olmuşdur. Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmamışdır. İslam dinində orucun və Ramazan ayının fəziləti haqqında geniş məlumat verən S.Aran Azərbaycan xalqına firavan həyat arzulayaraq bu müqəddəs günlərdə edilən duaların qəbul olunmasını dilədi.
Müqəddəs Ramazan ayında oruc tutmağın, bu fəzilət ayını sözün əsl mənasında bayram kimi keçirməyin böyük şərəf olduğunu vurğulayan “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirdi ki, bu ay ərzində Azərbaycanın bütün bölgələrində, hər yerdə iftar süfrələri açılır. Orucun, Ramazan ayının ən mühüm fəzilətlərindən biri də insanları iftar süfrələrində bir araya gətirməkdir. Tolerantlığın, sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşayışın Azərbaycanda din siyasətinin əsas məzmununu təşkil etdiyini diqqətə çatdıran B.Quliyev xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin ən böyük sərvəti Azərbaycan vətəndaşları, insanlardır. Hər kəsin Ramazan bayramını ürəkdən təbrik edən B.Quliyev arzu etdi ki, Allah Azərbaycan dövlətçiliyini, ölkə başçısını qorusun, Azərbaycan xalqına firavan həyat və bol ruzi-bərəkətli süfrələr nəsib etsin! Amin!
Sonra iftar süfrəsi açıldı.
İştirakçılar, rayon sakinləri iftarın təşkilində əməyi keçənlərə minnətdarlıqlarını bildirdilər və onlara cansağlığı, bol ruzi-bərəkət arzuladılar.