YAP Səbail rayon “Multikultural” (Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi) ərazi ilk partiya təşkilatında iclas keçirildi
04.06.201904 iyun 2019-cu il tarixində YAP Səbail rayon “Multikultural” (Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi) ərazi ilk partiya təşkilatında iclas keçirildi.
İclasda ərazi ilk partiya təşkilatının sədri Kulik Valentin Mixayloviçin dünyasını dəyişməsi ilə əlaqədar “Multikultural” ərazi ilk partiya təşkilatına yeni sədrin seçilməsi məsələsi müzakirə edildi.
İclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Fidan Hacıyeva və “Multikultural” ərazi ilk partiya təşkilatının qeydiyyatında olan partiya üzvləri iştirak etdilər.
İlk öncə dünyasını dəyişən Kulik Valentin Mixayloviçin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası açıq elan edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Mərkəzdə son aylarda baş verən struktur dəyişikləri haqqında məlumat verərək bildirdi ki, Mərkəzin kollektivində fəaliyyətə başlayan yeni əməkdaşların Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmaq üçün çoxlu sayda müraciətləri qeydə alınmışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi ətrafında geniş ziyalı təbəqəsinin formalaşdığını və bu intellektual potensialın Mərkəzin fəaliyyətində yaxından iştirak etdiyini diqqətə çatdıran R.Həsənov bildirdi ki, Mərkəz bir çox qurumlarla olduğu kimi Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq edir və bugünədək ölkə daxilində və xaricində bir çox birgə layihələr reallaşdırılmışdır. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin Beynəlxalq Multikulturalizm Mərkəzi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə dünyanın 11 ölkəsinin nüfuzlu ali təhsil müəssisələrində qeyd olunduğunu xüsusi vurğulayan R.Həsənov Beynəlxalq Multikulturalizm Mərkəzinin bundan sonra da YAP-la əməkdaşlığını genişləndirəcəyinə, ölkə daxilində və xaricində birgə müxtəlif səpkili tədbirlər keçirəcəyinə, bir sözlə sıx əməkdaşlıq edəcəyinə dair əminliyini ifadə etdi.
Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirdi ki, YAP respublikamızda fəaliyyət göstərən 50-dən çox siyasi partiya arasında istər kəmiyyət, istər keyfiyyət göstəriciləri ilə seçilən, gördüyü işlərlə avanqard rol oynayan iqtidar partiyasıdır. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda ölkə başçısı cənab İlham Əliyevin sədrlik etdiyi, sıralarında cəmiyyətin bütün sosial təbəqələrinin nümayəndələrini cəmləşdirən və üzvlərinin sayı 740 min nəfərdən çox olan YAP Azərbaycanın müstəqil dövlətçiliyinin daha da möhkəmləndirilməsi istiqamətində xalqımızın milli maraqlarına uyğun siyasət yürüdür.
YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında iclas iştirakçılarına geniş məlumat verən Z.Bayramov qeyd etdi ki, Bakının mərkəz rayonlarından biri olan Səbail rayonunu əhatə edən və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən partiya təşkilatının qeydiyyatında hazırda 128 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, YAP Səbail rayon “Multikultural” ərazi ilk partiya təşkilatı hər zaman partiya işində xüsusi fəallığı ilə seçilən, partiya təşkilatının ictimai-siyasi fəaliyyətində yaxından iştirak edən, bütün tapşırıqları vaxtlı-vaxtında və məsuliyyətlə icra edən təşkilatlardan biridir. Z.Bayramov əminliyini ifadə etdi ki, “Multikultural” ərazi ilk partiya təşkilatının üzvləri bundan sonra da partiya işində yaxından iştirak edəcək və sıralarını həm kəmiyyət, həm keyfiyyət baxımından ildən-ilə genişləndirəcəklər.
Sonra təşkilati məsələlərə baxıldı. İclas iştirakçıları “Multikultural” ərazi ilk partiya təşkilatının yeni sədri vəzifəsinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Nurlan Mirzəliyevin namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Yeni seçilmiş sədr Nurlan Mirzəliyev ona göstərilmiş yüksək etimada görə təşəkkür etdi. Sonra ərazi ilk partiya təşkilatının sədr müavini seçildi.
Yeni seçilmiş heyətə gələcək fəaliyyətlərində uğurlar arzu edən R.Həsənov və Z.Bayramov qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə hər kəsi təbrik etdilər, həm YAP Səbail rayon təşkilatının, həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərləri başda olmaqda kollektivlərinin bütün üzvlərinə cansağlığı və işlərində yeni-yeni nailiyyətlər dilədilər.