Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü qeyd olundu
12.06.2019İyunun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F. Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, YAP-ın “Qızıl Fondu” adlandırılan “91”lər, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri, rayon ictimaiyyəti nümayəndələri, gənclər, tələbələr, partiya fəalları iştirak etdilər.
İlk öncə Dövlət Himni səsləndirildi. Daha sonra 15 iyun – Milli Qurtuluş Günü haqqında videoçarx nümayiş etdirildi.
Tədbiri açıq elan edən Milli Kitabxananın direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi prof. Kərim Tahirov bu əlamətdar gün barədə məlumat verdi. Qeyd olundu ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. siyasi sabitlik, əmin-amanlıq yaranıb, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bu yaxınlarda Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyi arasında imzalanan və koordinatorlarının YAP Səbail rayon təşkilatı və “Mədəniyyət işçiləri” ərazi ilk partiya təşkilatının (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) olduğu “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı”nı xatırladaraq bildirdi ki, Plana uyğun olaraq çoxşaxəli siyasi, mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulub. Vurğulandı ki, bugünkü tədbir də Fəaliyyət Planının tərkib hissəsidir.
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışan Vaqif Əliyev bildirdi ki, Ümummilli Lider hər zaman fəaliyyətində xalqına arxalanır və güvənirdi. Nazir müavini xüsusi qeyd etdi ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə daima xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər onun inkişafı, təbliği istiqamətində müstəsna töhfələr verib.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv amilləri və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edərək Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz tarixdən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizdə əldə olunan uğurlardan danışdı. Deputat 1991-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclik, Gəncə hadisələri, ölkəni parçalamaq istəyən, bəzi xarici dairələrin dəstəyi ilə şimalda və cənubda baş qaldıran separatçı qüvvələrin fəaliyyəti, ölkənin iqtisadi və sosial cəhətdən tamamilə defolt vəziyyətində olması, Dağlıq Qarabağda işğalçı qüvvələrin törətdikləri qırğınlar və ərazilərimizin işğalı, transformasiya proseslərinin çətinlikləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayan Ş.Hacıyev diqqətə çatdırdı ki, yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın siyasi, iqtisadi, sosial-mədəni qurtuluşunun əsasını qoydu. Müstəqil inkişaf tariximizin məhz 15 iyundan başladığını vurğulayan deputat qeyd etdi ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin gələcək inkişafının sosial-iqtisadi, siyasi, elmi-texniki, mədəni təməli qoyuldu. 2003-cü ildən isə respublikamız keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoydu. Millət vəkili bildirdi ki, məhz Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu ilə seçilən, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər və Azərbaycan xalqının milli maraqları nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir.
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə çıxışında 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi və istəyi ilə hakimiyətə gəlməsəydi Azərbaycanda baş verəbiləcək ssenari haqqında danışdı. Millət vəkili diqqətə çatdırdı ki, 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı, Ermənistan Silahlı Qüvvələri tərəfindən torpaqlarımızın işğalı davam edirdi, ölkədaxilində xarici qüüvələrin dəstəklədiyi separatçılıq meylləri güclənmişdi və parçalanan Azərbaycanda hakimiyyət uğrunda ağır mübarizə gedirdi. Ulu Öndər Heydər Əliyev o taleyüklü məqamda ölkə rəhbərliyinə gəlməsəydi, Azərbaycan neftinin gəlirləri də xarici neft şirkətlərinin büdcəsinə axacaqdı. Müdrik xalqımızın təkidi ilə Heydər Əliyev ölkədə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda sabitlik yarandı, ictimai-siyasi həyatın bütün sahələrində əsaslı islahatlar aparıldı, Azərbaycan dünya birliyinin layiqli üzvünə çevrildi. Bütün bu uğurların səbəbi isə bu oldu ki, Azərbaycan xalqı Heydər Əliyevi və onun siyasi kursunu dəstəklədi, Onu hakimiyyətə gətirdi. Nə qədər ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi kursu davam edir, Azərbaycan xalqı daima böyük uğurlar və qələbələr qazanacaqdır.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, 15 iyun 1993-cü il tarixi olmasaydı müasir müstəqil Azərbaycandan söhbət gedə bilməzdi. Milli Qurtuluş Günü müasir Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. Heydər Əliyevin rəhbərliyə gəldiyi tarixə qədər formal müstəqil olan Azərbaycanda heç bir iqtisadi inkişafdan, müstəqilliyin atributlarından, ordu quruculuğundan söhbət getmirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının gələcəyə dair ümidlərini gücləndirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti Azərbaycan xalqınıın parlaq gələcəyinin və firavan həyat şəraitinin başlıca təminatçısıdır.
“Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev diqqətə çatdırdı ki, Milli Qurtuluş Günü müstəqil Azərbaycanın taleyində ən əziz günlərdən biridir. B.Quliyev bildirdi ki, o dövrü xarakterizə edərkən Qurtuluş Gününə qədərki dövr və ondan sonrakı dönəmi müqayisə etsək, bu bayramın məzmununu və nə qədər əziz olduğunu görmüş olarıq. 15 iyun ərəfəsində AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığı, səriştəsizliyi Azərbaycanı müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin ərəfədə Sürət Hüseynov ciddi cəhdlə çevrilişə hazırlaşırdı. Faktiki olaraq Azərbaycan bir neçə yerə bölünə bilərdi. Cənubda Talış-Muğan, şimalda başqa bir qrup mərkəzdənqaçma meylləri ilə hərəkət eməyə başlamışdı. Azərbaycanın “de-yure” müstəqilliyi əldə edilsə də, “de-fakto” dağılmaq ərəfəsində idi. Sözsüz ki, bu tarixi yenidən təhlil edəndə görürük ki, Qurtuluş bayramı müstəqil Azərbaycanı yenidən bərpasıdır. İkinci dəfə müstəqillik tarixinin başlandığı gündür. Məhz həmin dövrdə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə dəvət olunması Azərbaycana ikinci müstəqillik dövrünü bəxş etdi. Güclü dövlətin yaranmasına zəmin yaratdı. Ulu Öndərimiz müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasına, vətəndaş cəmiyyətinin qurulmasına stimul verdi.
Çıxış edən YAP Siyasi Şurasının və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorun müşaviri, məşhur “91-lər”dən olan prof. Vilayət Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasında və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dəvət olunmasında partiyanın “Qızıl Fondu” adlandırılan “91-lərin”in rolundan danışaraq, o dövrdə ölkəmizdə gedən ziddiyyətli proseslər və aparılan mübarizə haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırılıb, sabitlik və iqtisadi inkişaf təmin edildi. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.
Sonda YAP sıralarına yeni daxil olan Milli Kitabxananın əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim olundu.
Tədbirin videoyazısı
SəsTV