Milli Məclisin deputatları “DOST” mərkəzi ilə tanış oldular
13.06.2019Bu gün, Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədrləri və deputatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat – DOST Agentliyinin 1 saylı “DOST” mərkəzində oldular.
Mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verildi. Qeyd edildi ki, ilk “DOST” mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır. İlk “DOST” mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növ xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosialyönümlü xidmətlər göstərəcək.
Milli Məclisin deputatları mərkəzdəki xidmət bölmələri ilə tanış oldular, burada sosial agentlər, könüllülər tərəfindən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçirdilər. Onlar “DOST” mərkəzində göstərilən xidmətlərlə bağlı məmnunluqlarını, xoş təəssüratlarını ifadə etdilər.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, ilk növbədə, iştirakçıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edərək vurğuladı ki, 1993-cü il iyunun 15-də xalqın yekdil iradəsi ilə respublikamıza rəhbərliyə qayıdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti həmin dövrdə Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə, bütün sahələri bürümüş dərin böhranın qarşısının alınmasına imkan verdi.
Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, iqtisadiyyatın dirçəldilməsi, ölkədə güclü sosial siyasətin formalaşdırılması üçün Ulu Öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri diqqətə çatdırdı. O, müstəqil Azərbaycanın dinamik və uzunmüddətli inkişaf yolunun Milli Qurtuluş Günündən başlandığını, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə möhtəşəm tarixi nailiyyətlərə imza atdığını, eyni zamanda, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğuladı.
S.Babayev görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin inkişafı proseslərində xidmətlərindən bəhs edib. Nazir bildirib ki, YAP-ın Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatı da dövrün tələblərinə uyğun fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı mütəmadi olaraq artmaqdadır. 2018-ci ilin aprelindən indiyədək nazirliyin 641 əməkdaşı ərizələri əsasında YAP-a üzv qəbul edilib. Hazırda nazirlik sistemində çalışanların 86,4 faizi YAP-ın üzvüdür. Ərazi ilk partiya təşkilatı bundan sonra da öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının cəmiyyətdə olan yüksək nüfuzuna uyğun şəkildə davam etdirəcək.
Milli Məclisin Sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixində misilsiz uğurlarla zəngin şərəfli bir inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğuladılar.
Daha sonra DOST Agentliyində 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar deputatların də iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirildi.
Sonda DOST Agentliyinin 32 əməkdaşının YAP-a üzvlüklə bağlı ərizələri qəbul edildi.
Tədbirin videoyazısı
RealTV