“Azertrans Ltd” MMC şirkətində YAP Səbail rayon “Azertrans” ərazi ilk partiya təşkilatı təsis olundu

21 iyun 2019-cu il tarixində “Azertrans Ltd” MMC şirkətində YAP Səbail rayon “Azertrans” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və “Azertrans Ltd” MMC şirkətinin direktor müavini Azər Quliyev iştirak etdilər.

Yığıncağı açıq elan edən “Azertrans Ltd” MMC şirkətinin direktor müavini Azər Quliyev bildirdi ki, şirkət əməkdaşlarının Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün çoxsaylı müraciətlərini nəzərə alaraq şirkət rəhbərliyi “Azertrans Ltd” MMC şirkətində YAP ərazi ilk partiya təşkilatının yaradılması təşəbbüsü ilə YAP Səbail rayon təşkilatına müraciət etmişdir. A.Quliyev şirkət rəhbərliyinin müraciətinə operativ münasibət bildirən və bugünkü təsis yığıncağında şəxsən iştirak edən rayon partiya təşkilat sədri Şəmsəddin Hacıyevə bütün kollektiv adından ürəkdən təşəkkür etdi.

“Azertrans Ltd” MMC şirkətinin rəhbərliyi başda olmaqla bütün kollektivini ürəkdən salamlayan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev qeyd etdi ki, hər bir təşkilatın, hər bir strukturun tarixində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının yaradılması əlamətdar hadisədir. Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli inkişaf yolu haqqında yığıncaq iştirakçılarına geniş məlumat verən deputat bildirdi ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də Azərbaycanın olum ya ölüm məsələlərinin həll olunduğu son dərəcədə mürəkkəb və ziddiyyətli dövrdə bilvasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə o dövrdə ölkəmizdə mövcud olan səriştəsiz və biabırçı hakimiyyətə müxalif partiya kimi yarandı. Naxçıvanda 550 nəfərin iştirakı ilə təsis olunan YAP cəmi 7 ay sonra xalqın təkidi və dəstəyi ilə hakimiyyətə gələrək iqtidar partiyasına çevrildi. Xalqımız və milli dövlətçiliyimiz üçün ən taleyüklü məqamda baş verən bu hadisə Azərbaycanın qurtuluşunun, dağılmaq, məhv olmaq təhlükəsindən xilasının başlanğıcı oldu. Tamamilə demokratik əsaslarda hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev əhalinin 93%-inin iştirak etdiyi 1993-cü il Prezident seçkilərində seçicilərin 97%-inin dəstəyini qazandı. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində müstəqil Azərbaycanı iqtisadi tənəzzüldən iqtisadi inkişaf yoluna çıxartdı və milli dövlətçiliyimizi qoruyaraq respublikanın istisnasız bütün ictimai-siyasi, sosial-iqtisadi sahələrində əsaslı təməllər yaratdı. Millət vəkili vurğuladı ki, müstəqil Azərbaycan dövlətçiliyi üçün sözün əsl mənasında xilaskarlıq missiyasını yerinə yetirən Ümummili Liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri məhz sağlığında özünün layiqli siyasi davamçısını təyin etməsi və Azərbaycanı etibarlı əllərə təslim etməsi oldu. 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizdə bütün sahələrdə əldə olunan qibtəolunacaq uğurlar bir daha göstərdi ki, dahi Heydər Əliyev bu qərarında da yanılmadı və İlham Əliyev Ona etibar olunan məsul vəzifəni bu gün də şərəflə yerinə yetirir.

Ölkə başçısının düşünülmüş, cəsarətli və müstəqil siyasəti nəticəsində möhtəşəm “15+1” dövründə Azərbaycanın keçdiyi sürətli inkişaf yolu, həyata keçirilən misilsiz işlər haqqında danışan Ş.Hacıyev diqqətə çatdırdı ki, Azərbaycan hazırda məhz İlham Əliyevin rəhbərliyi altında müstəqillik tarixinin ən güclü, qüdrətli olduğu dövrünü yaşayır, ölkəmiz bölgənin lider dövlətidir, milli iqtisadiyyatımız Cənubi Qafqaz iqtisadiyyatının 71%-ini təşkil edir, Azərbaycan bir çox sosial-iqtisadi göstəricilərə görə beynəlxalq reytinqlərdə ilk sıralardadır. Azərbaycanda formalaşmış ictimai-siyasi sabitlik, multikultural və tolerant həyat tərzi, dini dözümlülük və siyasi plürializm dünyada Azərbaycan modeli kimi öyrənilir və bu müsbət təcrübə digər ölkələrdə də tətbiq olunmağa başlanılır. Deputat 2019-cu ilin əvvəllərindən əhalinin sosial müdafiəsinin yüksəldilməsinə yönəldilmiş addımlar və sosial paket çərçivəsində həyata keçirilən sistemli islahatlar haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, beynəlxalq müqayisələrin əsaslandığı Alıcılıq Qabiliyyəti Paritetinə əsasən hazırda Azərbaycan əmək haqları göstəricilərinə görə MDB məkanında 1-ci yerdədir. Son dövrlərdə qəbul olunan sosial qərarların həyata keçirilməsi Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinin, ictimai-siyasi, sosial sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Millət vəkili bütün bu uğurların əldə olunmasında və həyata keçirilən işlərdə Yeni Azərbaycan Partiyasının müstəsna rolunu xüsusi qeyd etdi. Vurğulandı ki, bu gün 742 min 200 nəfərdən çox partiya üzvünün sıralarında cəmləşdiyi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də yaxın coğrafiyanın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir. Partiyamızın sıraları ildən-ilə həm kəmiyyət, həm keyfiyyət cəhətdən genişlənir və təkmilləşir. Ş.Hacıyev paytaxt Bakının mərkəz, strateji rayonu olan Səbail rayonunda fəaliyyət göstərən YAP Səbail rayon təşkilatının çoxşaxəli siyasi, ideoloji, maarifləndirici, mədəni-kütləvi və sosial-humanitar fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, biz Səbaillilər hər zaman rayonumuzun adına layiq işlər görməklə Partiya Sədrimizin bizə göstərdiyi etimadı doğrultmaq üçün çalışırıq. Bizim yolumuz Heydər Əliyev yoludur. Heydər Əliyev siyasəti bu gün ölkəmizdə yaşayır, möhkəmlənir və dövrün müasir tələb və çağırışlarına uyğun şəkildə yeni keyfiyyət çalarları qazanır. “Azertrans Ltd” MMC şirkətinin respublikamızın və Səbail rayonunun ictimai-siyasi həyatında daha yaxından iştirak etmək təşəbbüsünü ürəkdən alqışlayan deputat bu gün seçiləcək heyəti təbrik etdi və əminliyini ifadə etdi ki, gənc kollektivi olan bu şirkətdə yaranan yeni ərazi ilk partiya təşkilatı ən fəal və nümunəvi partiya təşkilatlarından biri olacaqdır.

Yığıncağın davamında təşkilati məsələlərə baxıldı. “Azertrans” ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı səsvermə keçirildi, təşkilat təsis edildi, 9 nəfərdən ibarət İdarə heyəti seçildi və “Azertrans Ltd” MMC şirkətinin Kadrlar şöbəsinin rəisi Xudiyev Almaz Nadir oğlu yekdilliklə yeni ərazi təşkilatının sədri seçildi.

Çıxış edən ərazi ilk partiya təşkilatının sədri Almaz Xudiyev ona göstərilən yüksək etimada görə təşəkkür etdi və bildirdi ki, şirkət əməkdaşları ölkəmizdə gedən zəngin ictimai-siyasi proseslərin məsuliyyətini dərk edirlər və bugündən etibarən siyasi proseslərdə yaxından iştirak edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətinə öz töhfələrini verəcəklər.

Yığıncaq gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi ilə davam etdi.