Bakıda Rizvan İsmayılın fərdi sərgisi açıldı

İyunun 25-də “Qalereya 1969” sərgi salonunda Gürcüstanda yaşayan soydaşımız rəssam Rizvan İsmayılın fərdi sərgisi açıldı.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş etdirildi.

Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Rizvan İsmayıl həm Azərbaycan, həm də Gürcüstan Rəssamlar İttifaqlarının üzvüdür. O, iki ölkə arasında mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verir. Özünəməxsus üslubu olan rəssamın rəqəmlərin fəlsəfəsi ilə bağlı əsərləri artıq bir çox fərdi kolleksiyalarda, xarici rəsm galereyalarında nümayiş olunur.

Sonra Mədəniyyət Nazirliyinin xüsusi mükafatı Rizvan İsmayıla təqdim olundu.

Bugünkü sərginin Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı çərçivəsində keçirilən növbəti tədbir olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycan rəssamlıq məktəbinin istedadlı nümayəndəsi, rəssam-filosof Rizvan İsmayılın fərdi sərgisinin belə gözəl məkanda təşkilinin təqdirəlayiq olduğunu bildirdi. Ulu Öndər Heydər Əliyevin “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” – müdrik kəlamını xatırladan deputat vurğuladı ki, qədim Azərbaycan mədəniyyətindən, sənət nümunələrindən bəhrələnərək gözəl və fərqli əsərlər yaradan Rizvan İsmayıl rəsmlərinin bu gün Paris, İstanbul, Lüksemburq, Brüssel, Moskva və digər şəhərlərdə sərgilənməsi Azərbaycan mədəniyyətinin, milli rəssamlıq məktəbimizin dünyada tanıdılması və təbliği ilə yanaşı dost Azərbaycan-Gürcüstan xalqlarının mədəni əməkdaşlığına da böyük töhfədir.

Millət vəkili rəqəmlərin dili ilə cəmiyyət və təbiətdəki reallıqların tamamilə fərqli forma və ideyalarla ifadə olunaraq insanlara çatdırılmasının Azərbaycan rəssamlıq məktəbində yeni bir istiqamət olması haqda danışaraq qeyd etdi ki, rəssamın əsərləri ilə tanış olduqda onun əsərlərinin dərin fəlsəfi məzmuna malik olması ilə yanaşı sənətkarın özünün də istedadlı, eyni zamanda geniş dünyagörüşünə, zəngin təfəkkürə malik olduğu qənaətinə gəlirsən. Bakıda fərdi sərgisinin açılması münasibətilə Rizvan İsmayılı bir daha ürəkdən təbrik edən Ş.Hacıyev rəssama möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.

Digər çıxış edənlər də Rizvan İsmayılın çoxşaxəli yaradıcılığından söhbət açdılar.

Sonra rəssama diplom və medal təqdim edildi.

Rizvan İsmayıl sərginin təşkilinə görə Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasına minnətdarlığını bildirdi.

Qeyd edək ki, Rizvan İsmayıl rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır. Numerologiya – rəqəmlərin bir-biri ilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyatının və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rəssam “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, “Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.