Görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı keçirildi

İyunun 27-də I Fəxri xiyabanda Azərbaycan teatrının görkəmli aktyoru, teatr rejissoru, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu.

Taleyin qəribə güzarı Hüseyn Ərəblinskini qətlindən sonra da izlədi. Belə ki, ömrü 38 yaşında faciəli şəkildə bitmiş görkəmli aktyoru əvvəlcə Dağüstü parkın yerindəki şəhər qəbiristanlığında dəfn edirlər. Ötən əsrin otuzuncu illərində Dağüstü parkın salınması barədə qərar çıxarılanda mərhumların qohumlarına, varislərinə məzarların köçürülməsi təklif edilir. O zaman gənc rejissor Zəfər Nemətov Ərəblinskinin dəfnində iştirak etmiş teatr xadimləri ilə birlikdə Ərəblinskinin nəşinin təzə yaradılan Fəxri xiyabanda torpağa tapşırılmasına nail olur. Çox adi görünüşlü sinə daşı uzun illər xiyaban ziyarətçilərinə böyük aktyor Hüseyn Ərəblinskinin burada uyuduğunu bildirirdi.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə vəfatından 100 il sonra Hüseyn Ərəblinskinin möhtəşəm qəbirüstü abidəsi hazırlandı.

Abidənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, YAP Səbail rayon təşkilatının nümayəndələri, partiya fəalları, paytaxt teatrlarının kollektivləri, teatrsevərlər iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər və abidələrinin önünə güllər düzdülər.

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinskinin ömür yolu və zəngin yaradıcılığından söhbət açdı. Bildirildi ki, teatr sənətində öz adını qızıl hərflərlə yazmış elə şəxsiyyətlər var ki, həmin şəxslər qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq və onların adı daim böyük hörmət və ehtiramla yad olunacaq: “Bu gün vəfatından 100 il ötən böyük sənətkar Hüseyn Ərəblinski belə şəxsiyyətlərdəndir. Belə bir təşəbbüs irəli sürüldü ki, onun adına layiq heykəl hazırlansın. Bu abidənin qoyulmasında məqsəd Ərəblinskinin nə qədər dahi insan olduğunu bir daha göstərməkdir. Onun adı ilə Azərbaycan teatrının intibahı, inkişafı dövrü bağlıdır. Hüseyn Ərəblinskinin dövründə milli dramaturgiyanın mükəmməl nümunələri yaranıb, dünya dramaturqlarının əsərləri Azərbaycan dilində tamaşaya qoyulmağa başlanıb”.

Teatr sənətinin Azərbaycan xalqının tarixində özünəməxsus yer tutduğunu söyləyən nazir ölkəmizdə bu sənətin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan danışdı. Bildirildi ki, bu gün açılışı olan Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin hazırlanması da dövlətimizin teatr sənətinə, dünyasını dəyişmiş şəxslərin xatirəsinə verdiyi qiymətin göstəricisidir.

Çıxış edən Xalq artisti Azər Paşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verdi, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını diqqətə çatdırdı.

Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış etdilər.

Abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov çıxış edərək bildirdi ki, hələ qırx il əvvəl Hüseyn Ərəblinskinin ömrünün son anlarını səhnədə təsvir edən abidəsinin maketini hazırlayıbmış, hətta bu maket onun əsərlərinin kataloquna daxil edilibmiş. Odur ki, bu ideyanın qırx ildən sonra yerinə yetməsi onu da çox sevindirir.

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsində aktyor yarı örtülmüş səhnə pərdələrinin arasında, sanki bu səhnədən getmək istəmirmiş kimi təsvir edilib.

Video