YAP Səbail rayon təşkilatının cari ilin birinci yarısındakı fəaliyyətinin yekunları müzakirə edildi

İyulun 3-də YAP Səbail rayon təşkilatının Rayon Şurası və İdarə heyətinin geniş iclası keçirildi.

İclasda 2019-cu ilin birinci yarımilliyində rayon partiya təşkilatı tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr müzakirə edildi, yeni təsis olunmuş ərazi ilk partiya təşkilatları təsdiq olundu və digər cari məsələlər barədə müvafiq qərarlar qəbul olundu.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev 2019-cu ilin birinci yarımilliyində ölkəmizin ictimai-siyasi həyatında baş verən əlamətdar siyasi, iqtisadi, sosial hadisələr və yeniliklər, görülən işlər barədə iclas iştirakçılarına geniş məlumat verdi. Cari ilin birinci yarısında xüsusilə sosial sahədə həyata keçirilən əsaslı islahatları, əldə olunan uğurları xüsusi qeyd edən deputat vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial məsələlərinin həlli və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində imzaladığı sənədlər təqribən 3 milyona yaxın vətəndaşı əhatə etmişdir. Xüsusilə şəhid ailələrinin və əlillərin sosial təminatının gücləndirilməsi, problemli kreditlərin həlli, çoxmənzilli binaların istismarına icazə prosedurunun sadələşdirilməsi və sənədləşdirilmə ilə bağlı problemlərin aradan qaldırılması, minimum əməkhaqqının və büdcədən maliyyələşən təşkilatlarda çalışan şəxslərin əməkhaqlarının artırılması və digər istiqamətlərdə dövlət başçısının imzaladığı fərman və sərəncamlar yüz minlərlə vətəndaşın həyatında əhəmiyyətli dərəcədə hiss edilən dəyişikliklərə səbəb oldu. Qeyd olundu ki, ən mühüm uğurlardan biri də Prezidentin bu fərman və sərəncamlarından irəli gələn məsələlərin həlli üçün lazım olan vəsaitin əvvəlcədən təsdiq edilmiş büdcə xərclərində müəyyən dəyişikliklər və ixtisarlar edilməsi yolu ilə deyil, səmərəli və şəffaf fiskal siyasət sayəsində ilk dəfə büdcədə yaranmış böyük həcmdə əlavə mənbələr hesabına ayrılmasıdır. Bütün bunlar Azərbaycanın sürətli inkişafının, dövlətimizin sosial sahəyə verdiyi önəmin göstəricisidir. Bu gün Cənubi Qafqaz ölkələrində ümumi daxili məhsulun 71 faizi Azərbaycanda formalaşır. Bu inkişaf ölkəmizdə bütün sahələrdə həyata keçirilən sosial islahatların reallaşdırılmasına, ən əsası Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır. Ordumuz işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadirdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həlli istiqamətində Azərbaycan dövlətinin qətiyyətli siyasəti ilə bağlı ətraflı məlumat verən Ş.Hacıyev ölkəmizin bütün sahələrdə Ermənistanı dəfələrlə üstələdiyini vurğuladı. Diqqətə çatdırıldı ki,  Azərbaycanın sürətli və dayanıqlı inkişafı, ordu quruculuğunun ildən-ilə daha da gücləndirilməsi, beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi və bunun beynəlxalq hüquqi aktlarda öz əksini tapması, bölgədə inkişafa və təhlükəsizliyə mane olan ölkə kimi tanınmış Ermənistanın sosial-iqtisadi vəziyyətinin xeyli pisləşməsi və daxilində vətəndaş qarşıdurmasının dərinləşməsi işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyini deməyə əsas verir.

Millət vəkili məmnunluqla vurğuladı ki, bu uğurların əldə olunmasına Yeni Azərbaycan Partiyasının hər bir üzvünün öz töhfəsi var. YAP ölkəmizin inkişafındakı yeri və roluna görə nəinki ölkədə, eləcə də yaxın coğrafiyamızda ən uğurlu fəaliyyət göstərən avanqard siyasi qüvvədir. Təsadüfi deyil ki, partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib. Bu isə partiyanın hər bir üzvünün məsuliyyətini daha da artırır.

Bildirildi ki, hesabat dövrü YAP Səbail rayon təşkilatı üçün uğurlu olub. Hazırda təşkilatda 126 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. İlin birinci yarısında 4 yeni ərazi ilk partiya təşkilatı təsis olunub, üzvlərin sayı 286 nəfər artıb. Hazırda təşkilatın sıralarında 26 min 493 üzv var. Onların 65,8 faizini gənclər, 55,8 faizini qadınlar təşkil edirlər. Üzvlər arasında gənclərin sayının artması qürurverici olmaqla yanaşı, partiyanın öz uğurlarını gələcəkdə də davam etdirəcəyinə qəti əminlik yaradır.

Sədr yarımil ərzində rayon partiya təşkilatının keçirdiyi çoxsaylı tədbirlər sırasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illik yubileyi, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın  anadan olmasının 96-cı ildönümü və anım günü ilə əlaqədar YAP Səbail rayon təşkilatı tərəfindən keçirilmiş silsilə tədbirlər, xüsusilə YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə hazırladığı və nəşr etdirdiyi “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının 10 may 2019-cu il tarixində təntənəli təqdimat mərasimi, Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndinə Səbail rayonun geniş heyətinin iki dəfə səfəri, səfərlər çərçivəsində cəbhə bölgəsindəki əsgərlər və kənd sakinləri üçün təşkil olunan genişşaxəli tədbirlər, YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bir qrup şagirdinin Bakıya üçgünlük səfəri, 2019-cu il “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə qeyd olunması, Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının imzalanması, bütün rəsmi təqvim günlərinin partiya təşkilatında qeyd olunması və rayon partiya təşkilatının informasiya portalının fəaliyyəti haqqında geniş məlumat verdi.

Digər çıxış edənlər YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Çıxışlarda bu uğurların qarşıdakı dövrdə də davam etdirilməsi üçün görüləcək işlərlə bağlı təkliflər səsləndirildi.

İclasda, yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxıldı. Səbail rayonunda yerləşən “Nəbatat Bağı” (AMEA-nın Mərkəzi Nəbatat Bağı) və “Azertrans” (“Azertrans Ltd” MMC şirkəti) ərazi ilk partiya təşkilatlarının qeydiyyata alınması barədə qərarlar yekdilliklə qəbul olundu.

Ş.Hacıyev YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından rayon partiya təşkilatının sədr müavini Muxtar Nağıyevi anadan olmasının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, ona möhkəm cansağlığı, sağlam uzun ömür və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

YAP Səbail rayon təşkilatının ictimai-siyasi, mədəni-kütləvi həyatında yaxından iştirak edən “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının sədr müavini Sultanəli Qurbanova təşkilat adından Təşəkkür elan olundu və bir sıra partiya fəalları, gənclər Fəxri Fərmanlarla təltif olundular.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı.

Tədbirin videoyazısı
Video-Mükafatların təqdimi
SəsTV