YAP İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” adlı layihənin yekunu və eyni adlı portalın təqdimat mərasimi keçirildi

İyulun 4-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” adlı layihənin yekunu və eyni adlı portalın təqdimat mərasimi keçirildi.

Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olundu.

Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, layihənin koordinatoru Salman Salmanov bildirdi ki, layihə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunub. O, layihə və portal haqqında geniş məlumat verdi və qeyd etdi ki, gənclər bu layihədə fəal iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənclərin həyata keçirdiyi layihəni yüksək qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Əli Əhmədovun sözlərinə görə, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı.

YAP Sədrinin müavini onu da qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Eyni zamanda, milli özünüdərk prosesi formalaşdı ki, bunun nəticəsində 1980-ci illərin sonunda xalqımız azadlıq mübarizəsinə qalxmış oldu.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən Əli Əhmədov bildirdi ki, bu gün Azərbaycanın bütün nailiyyətlərinin kökündə Heydər Əliyev siyasəti dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, əhalinin rifah halı daha da yüksəlir. Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir.

Baş nazirin müavini vurğuladı ki, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri kimi qəbul olunur. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır. Əli Əhmədov qeyd etdi ki, bu siyasət Azərbaycana yalnız və yalnız uğurlar gətirir. O, gəncləri Heydər Əliyev irsini dərindən mənimsəməyə, Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırdı.

Tədbirin videoyazısı
SəsTV