YAP Səbail rayon təşkilatının ilk sədri, mərhum professor Zahid Qaralovun 85 illik yubileyi qeyd edildi

İyulun 10-da Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli ictimai-siyasi xadim, pedaqoq, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri, Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak edən, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, YAP Səbail rayon təşkilatına 22 il rəhbərlik etmiş ilk sədr, “Şöhrət” və  “Şərəf” ordenli, pedaqogika üzrə elmlər doktoru, mərhum professor Zahid Qaralovun 85 illik yubileyi qeyd edildi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının Rayon Şurası və İdarə Heyətinin üzvləri, mərhumun ailə üzvləri əvvəlcə İkinci Fəxri xiyabanda Zahid Qaralovun məzarını ziyarət etdilər, önünə əklil və tər güllər qoydular.

Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunda və YAP Səbail rayon təşkilatının qərargahında professor Zahid Qaralovun anadan olmasının 85 illik yubileyi münasibətilə tədbirlər keçirildi.

YAP Səbail rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən rayon partiya təşkilatının sədr müavinləri Muxtar Nağıyev, Əhliman Qarayev, Mehman İsmayılov Afət Xanbabayeva, mərhumun ailə üzvləri, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, İdarə Heyətinin üzvləri Hacan HacıyevKamil Qafarov, Rayon Şurasının üzvü Gülşən Orucova və başqaları görkəmli alim və ictimai-siyasi xadim Zahid Qaralovun həyat yolundan bəhs etdilər. Bildirildi ki, respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Tutduğu vəzifələrdən asılı olmayaraq, o, üzərinə düşən bütün işləri layiqincə yerinə yetirib, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğruldub. Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor elmi adını alıb.

Vurğulandı ki, Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirəlayiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunub. Azərbaycanda pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi var. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə edib. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunan müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Diqqətə çatdırıldı ki, ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirib.

Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilib, o, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.