YAP Səbail rayon təşkilatının fəal gəncləri Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsində uğurla iştirak edirlər
13.07.2019YAP Səbail rayon təşkilatının bir qrup fəal gənci 08-12 iyul 2019-cu il tarixlərində Yeni Azərbaycan Partiyasının ölkəmizin gözəl guşələrində olan Lerik rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbi” layihəsində uğurla iştirak etdilər.
Lerik “Relax” istirahət mərkəzində təşkil olunan yay məktəbi çərçivəsində 5 gün ərzində respublika üzrə YAP rayon (şəhər) təşkilatlarını təmsil edən ümumilikdə 70 nəfər yay məktəbi iştirakçılarına Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətləri, partiyanın gənclər siyasəti haqqında məlumat verildi, Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucovun iştirakı ilə müxtəlif mövzularda seminarlar təşkil olundu, gənclər ilə geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, yay məktəbinin iştirakçıları arasında hər gün müxtəlif interaktiv, intellektual və praktik oyunlar, idman yarışları, “Natiqlik və bədən dili”, “Gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gənclərin sosial mediada rolu”, “Milli rəqslərimizin təbliği” mövzularında təlimlər keçirildi, hər günün sonunda maraqlı şou-proqramlar təşkil olundu.
İyulun 10-da yay məktəbinin iştirakçıları üçün təşkil olunan seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak etdilər. Çıxış edən deputatlar Yeni Azərbaycan Partiyasının ənənəvi olaraq təşkil etdiyi “Yay məktəbləri” layihəsinin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdilər. Vurğulandı ki, layihənin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir. Görüş gənclərin iştirakı ilə maraqlı diskusiya şəraitində davam etdi.
İyulun 11-də yay məktəbinin növbəti günündə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov gənclərlə görüşdü. YAP Gənclər Birliyinin sədri çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, bu gün cəmiyyətimizdə gənclərin fəallığı yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edir. Sonra gənclərin çoxsaylı sualları cavablandırıldı, onların müxtəlif mövzularla bağlı fikirləri və təklifləri dinlənildi.
Qeyd edək ki, bu layihə çərçivəsində ilk dəfə yay məktəbinin iştirakçıları olan Oğuz və Lerik qrupları canlı yayına çıxdılar. Gənclər bir-birilərinə hazırladıqları fləşmobları təqdim etdilər.
Gənclərin böyük marağına səbəb olan və yüksək fəallıqla iştirak etdikləri yay məktəbinin birinci Lerik turuna iyulun 12-də axşam saatlarında keçirilən bağlanış mərasimi ilə yekun vuruldu.
YAP-ın “Gənc liderlər üçün yay məktəbləri” layihəsində birinci Lerik turunun geniş videoxülasəsi