YAP-ın İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirildi

Avqustun 30-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirildi.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırdı. Əli Əhmədov bildirdi ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir.

Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini qeyd etdi ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalanır. Əli Əhmədov vurğuladı ki, Azərbaycan dövləti gücləndikcə, əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.

YAP Sədrinin müavini bildirdi ki, Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir inkişafdan, əminamanlıqdan söhbət gedə bilməz. Ona görə də, hər bir dövlət və xalq üçün sabitlik ən mühüm şərtlərdən biridir.

Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini diqqətə çatdırdı.

Bununla belə Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd etdi. Bu vasitələrin biri də sosial şəbəkələrdir.

YAP Sədrinin müavini vurğuladı ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdır. Ona görə də, partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidir. O cümlədən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.

Əli Əhmədov həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçirələcəyini nəzərə çatdırdı və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirdi. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə etdi.

Müşavirədə Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədar ilk partiya təşkilatı sədrlərinə tövsiyə və tapşırıqlarını verdi.

Tədbirin videoyazısı
AzTV
Yeni Azərbaycan kanalı