YAP Səbail rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə geniş tərkibli yığıncaq keçirildi
04.09.2019Sentyabrın 4-də YAP Səbail rayon təşkilatının qərargahında 30 avqust 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Sədr müavini – İcra katibi və Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə işgüzar yığıncaq keçirildi.
Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələr, ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi və YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələr haqqında ətraflı məlumat verdi.
Ş.Hacıyev diqqətə çatdırdı ki, Azərbaycanda aparılan düzgün, düşünülmüş siyasət və ölkə başçısı cənab İlham Əliyevin idarəetmə məharətinin nəticəsidir ki, bu gün ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, qibtə olunacaq səviyyədə ictimai-siyasi sabitlik, ölkənin iqtisadi inkişafının əsasını təşkil edən əlverişli sahibkarlıq və biznes mühiti, vətəndaş cəmiyyətinin bütün zəruri institutları formalaşmışdır. Deputat vurğuladı ki, ölkəmizdə neft gəlirlərindən düzgün istifadə olunur, bu gəlirlər Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrinin inkişafına, xüsusilə əhalinin rifahının, sosial həyat səviyyəsinin ildən-ilə yüksəlməsinə, insan kapitalının formalaşmasına sərf olunur. Sosial paket çərçivəsində son illər aparılan sistemli islahatların nəticəsində 4 milyon insanın əməkhaqlarının, sosial müavinətlərinin, ümumiyyətlə ölkədə minimum əmək haqqının artması əhalinin həyat səviyyəsini daha da yüksəltmişdir. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın yaxın günlərdə nəşr olunmuş 600 səhifəlik hesabatında Azərbaycan malik olduğu resurslardan ən səmərəli istifadə edən və böyük nəticələr əldə edən üç ölkədən biri kimi qeyd olunmuşdur. Digər mötəbər təşkilatların reytinq cədvəllərində də Azərbaycan son illər öz mövqeyini xeyli yaxşılaşdırmışdır. Bu, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin iqtisadi siyasətinin böyük nailiyyətidir.
Qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlıq prosesi və bununla əlaqədar rayon partiya təşkilatı və ərazi ilk partiya təşkilatlarının qarşısında duran vəzifələr haqqında məlumat verən Ş.Hacıyev bildirdi ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən başlayaraq keçirilmiş bütün Prezident, Parlament, Bələdiyyə seçkilərində inamlı qələbə qazanmışdır. Demokratik seçkilərdə qazanılan təcrübə bunu deməyə əsas verir ki, partiyamız bu seçkilərdə də uğurla iştirak edəcəkdir. Deputat qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında bələdiyyələrin rolu ildən-ilə artır və Azərbaycanda bu yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləmək üçün Milli Məclis tərəfindən dünya təcrübəsi nəzərə alınaraq lazımi hüquqi-qanunvericilik bazası yaradılmışdır. Partiyamız bacarıqlı, savadlı, müstəqil dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə bağlı sağlam əqidəli gənclərin Bələdiyyə seçkilərində iştirakı üçün ciddi işlər görmək əzmindədir.
Daha sonra qeyd olunan məsələlərlə bağlı rayon partiya təşkilatı və ərazi ilk partiya təşkilatlarının qarşısında duran vəzifələr ətraflı müzakirə olundu. Çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Səbail rayon “Ailə problemləri” ərazi ilk partiya təşkilatının sədri Sədaqət Qəhrəmanova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, YAP Səbail rayon “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri, Xalq artisti Hacı İsmayılov, YAP Səbail rayon “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikası Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev müzakirə olunan məsələlərlə bağlı təkliflər irəli sürdülər.
Yığıncaqda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri qarşısında konkret vəzifələr qoyuldu.
”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti
VİDEO
SəsTV