Azərbaycan Respublikası Energetika Nazirliyi və YAP Səbail rayon təşkilatının birgə yığıncağı keçirildi

Sentyabrın 5-də YAP Səbail rayon “Energetik” ərazi ilk partiya təşkilatında yığıncaq keçirildi.

Azərbaycan Respublikası Energetika Nazirliyi və YAP Səbail rayon təşkilatının birgə təşkil etdiyi yığıncaqda Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov və Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatınınsədri prof. Şəmsəddin Hacıyev iştirak etdilər.

Yığıncağı açıq elan edən Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov Nazirliyin Aparatının əməkdaşlarının 2/3-sinin Yeni Azərbaycan Partiyasının üzvü olduğunu və Ulu Öndər Heydər Əliyevin yaratdığı, hazırda ölkə başçısı cənab İlham Əliyevin sədrlik etdiyi bu partiyaya üzvlüyün hər bir vətəndaşımız üçün böyük şərəf və məsuliyyət olduğunu bildirdi. Nazir yüksək məmnunluqla qeyd etdi ki, Energetika Nazirliyində nisbətən yaxın dövrlərdə yaradılmasına baxmayaraq “Energetik” ərazi ilk partiya təşkilatı istər Səbail rayonunda, istərsə də ölkə miqyasında gedən ictimai-siyasi proseslərdə yaxından iştirak edir, çox sahələrdə varlığını göstərir və yüksək fəallığı ilə seçilir. Şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının Azərbaycanın uğurlu gələcəyinin zəmanəti olduğunu xüsusi vurğulayan P.Şahbazov diqqətə çatdırdı ki, Azərbaycan ərazisinə və əhalisinin sayına görə kiçik ölkə olsa da, bir çox transkontinental enerji və iqtisadi layihələrin iştirakçısı olmaqla beynəlxalq iqtisadi proseslərə təsir etmə imkanı əldə edir. Ölkəmizdəki dinamik inkişaf əlbəttə ki, bəzi xarici qüvvələri narahat etməyə bilməz. Bu səbəblə, müstəqil Azərbaycanın sabit və uğurlu inkişafı gənclərimizdə, vətəndaşlarımızda rahatlıq, passivlik yaratmamalıdır. Əksinə, gənclərimiz ölkəmizin inkişafını eyni səviyyədə davam etdirməli və daha yüksək nailiyyətlər əldə etmək üçün çalışmalıdırlar. Hər kəs çalışdığı vəzifə və gördüyü işlə ümummilli inkişafımıza töhfə verməlidir. Bu mənada müstəqil dövlətçiliyimizə və xalqımızın milli maraqlarına 27 ildir ki, şərəflə xidmət edən Yeni Azərbaycan Partiyası sıralarında olmaq hər birimizin məsuliyyətini birə-yüz artırır. Energetika Nazirliyinin bundan sonra da YAP Səbail rayon təşkilatı ilə sıx əməkdaşlığa hazır olduğunu bildirən Nazir iclasda şəxsən iştirak etdiyi və təşkilatları tərəfindən görülən işlərin hər zaman partiya səviyyəsində yüksək qiymətləndirildiyi üçün Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatınınsədri prof. Şəmsəddin Hacıyevə ürəkdən təşəkkür etdi.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ilk öncə, Energetika Nazirliyi kimi mötəbər bir dövlət qurumunda və ziyalı kollektivdə bu gün birgə tədbirin təşkil olunması səbəbiylə son dərəcə məmnun olduğunu bildirdi. Nəinki Azərbaycanın, eyni zamanda yaxın coğrafiyanın ictimai-siyasi həyatında ciddi rola malik ən böyük, mütəşəkkil və yüksək potensiallı siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının yaranma tarixi haqqında iclas iştirakçılarına ətraflı məlumat verən deputat Azərbaycanın müstəqilliyini bərpa etdiyi ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq və Azərbaycanı uçuruma, parçalanmaya, vətəndaş müharibəsinə sürükləyən ölkə rəhbərliyinin səriştəsizliyi nəticəsində yaranmış dərin böhran şəraitində YAP-ın yaranmasının obyektiv və zəruri şərtləri barədə danışdı. Azərbaycanın parçalanmasının, siyasi, iqtisadi, sosial, mədəni tənəzzülün, hakimiyyət uğrunda mübarizənin və torpaqlarımızın bədnam qonşularımız tərəfindən işğalının gündəmdə olduğu o acınacaqlı dövrdə Azərbaycanın müstəqil dövlətçiliyinin taleyinə biganə olmayan 91 nəfər vətənpərvər ziyalının Heydər Əliyevə müraciətini xüsusi qeyd edən Ş.Hacıyev vurğuladı ki, məhz Yeni Azərbaycan Partiyası təsis olunması və partiyamızın ilk Sədri Ulu Öndər Heydər Əliyevin sivil, demokratik seçkilər yolu ilə hakimiyyətə gəlməsi müstəqil Azərbaycan üçün məhv olmaq və siyasi xəritədən silinmək təhlükəsindən qurtuluş yolunun başlanğıcı oldu. 1992-ci ildə 550 nəfər partiya üzvünün iştirakı ilə təsis olunmuş və 7 ay sonra xalqın dəstəyi və seçimi ilə iqtidara gələrək ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən çox insan cəmləşmişdir. Cənubi Qafqazın ən mütəşəkkil və ən böyük siyasi qüvvəsi olan YAP 1993-cü ildən bu günədək Azərbaycanın həm siyasi, həm iqtisadi, həm mədəni inkişafında müstəsna rol oynayır. Müasir Azərbaycan dövlətinin istər daxili, istərsə də xarici siyasətində reallaşdırılan möhtəşəm işlər və əldə olunan yüksək nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının əvəzolunmaz xidmətləri vardır.

Millət vəkili diqqətə çatdırdı ki, müstəqilliyimizin ilk illərində post-Sovet məkanında 15 respublika arasında ən mürəkkəb və ağır böhran vəziyyətində olan Azərbaycan Ulu Öndər Heydər Əliyev dühası və ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti və məharətli idarəçiliyi nəticəsində bu gün bütün sosial-iqtisadi göstəricilərinə, əhalisinin sayına, ictimai-siyasi sabitliyinə, iqtisadi və hərbi qüdrətinə, əhalinin yaşayış səviyyəsinə, Alıcılıq Qabiliyyəti Paritetinə əsasən adambaşına düşən gəlirə, milli iqtisadiyyat rəqabətqabiliyyətinə, milli resurslarından səmərəli istifadə səviyyəsinə görə Cənubi Qafqazın lider ölkəsidir. Azərbaycanın yalnız hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir, ölkəmizdə elm və təhsilə ayrılan büdcə vəsaiti isə Ermənistan büdcəsinin 75%-ini təşkil edir. Deputat vurğuladı ki, “Bizim ən böyük nailiyyətimiz ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdir, əmin-amanlıqdır. Bu gün, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, qəlbində Azərbaycan sevgisi, milli ruh olan hər bir azərbaycanlı çalışmalıdır ki, müstəqil dövlətçiliyimiz üçün yeganə düzgün və alternativi olmayan bu siyasəti qoruyub saxlasın, Prezidentimizin ətrafında sıx birləşsin və hamılıqla ölkəmizin inkişafına, daha da qüdrətlənməsinə öz töhfəsini versin.”

Çıxışına davam edən Ş.Hacıyev YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti, o cümlədən seçkilərin təşkili, seçkiqabağı təbliğat-təşviqatın keçirilməsi, cəmiyyətdə ideoloji təbliğat, Səbail rayonunda yaşayan və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrin daima diqqətdə saxlanılması, müxtəlif səpkili ictimai, siyasi, mədəni tədbirlərin təşkili haqqında geniş məlumat verdi və nisbətən gənc təşkilat olmasına baxmayaq “Energetik” ərazi ilk partiya təşkilatının rayonun ictimai-siyasi həyatındakı özünəməxsus yeri və rolunu yüksək qiymətləndirdi. Partiyanın bütün tapşırıqlarına çevik və yüksək məsuliyyətlə yanaşdıqları üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin rəhbərliyi başda olmaqla bütün kollektivinə ürəkdən təşəkkür edən deputat onlara möhkəm cansağlığı və şərəfli, məsuliyyətli işlərində uğurlar arzuladı.

Yığıncaqda “Energetik” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin 7 nəfərdən ibarət yeni tərkibi seçildi.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunan Energetika Nazirliyinin bir qrup əməkdaşına partiya vəsiqələri təqdim olundu.

Yığıncaq Azərbaycan Respublikası Energetika Nazirliyi və YAP Səbail rayon təşkilatı arasında gələcək əməkdaşlıq və birgə fəaliyyət istiqamətlərinin müzakirəsi ilə davam etdi.