YAP Səbail rayon “162 №-li oxu zalı” ərazi ilk partiya təşkilatında iclas keçirildi

10 sentyabr 2019-cu il tarixində YAP Səbail rayon “162 №-li oxu zalı” ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.

Ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibinin və sədrinin seçilməsi məsələlərinin müzakirə edildiyi iclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova və ərazi ilk partiya təşkilatının qeydiyyatında olan partiya üzvləri iştirak etdilər.

İclası açıq elan edən 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova məktəbin müəllim kollektivinin və ərazidə yaşayan sakinlərin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, cəmiyyətdə Yeni Azərbaycan Partiyasının nüfuzu yüksəkdir və ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.

İclas iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev adından salamlayan rayon partiya təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov ilk öncə məktəbin bütün müəllim-şagird kollektivini qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik etdi, onlara təhsil və elm sahəsində fəaliyyətlərində uğurlar arzuladı.

162 nömrəli tam orta məktəbin kollektivinin hər zaman məhsuldar fəaliyyəti ilə seçildiyini qeyd edən Z.Bayramov təəssüflə bildirdi ki, son illər müəyyən obyektiv və subyektiv səbəblərlə “162 №-li oxu zalı” ərazi ilk partiya təşkilatının ictimai-siyasi fəaliyyətində passivlik hiss olunur. Aparat rəhbəri Bələdiyyə seçkiləri ərəfəsində ölkəmizdə siyasi fəallığın yüksələcəyi dövrdə “162 №-li oxu zalı” ərazi ilk partiya təşkilatının fəaliyyətində də siyasi durğunluğun aradan qaldırılacağına dair əminliyini ifadə etdi və bugünkü iclasda seçiləcək İdarə Heyətinin yeni tərkibinə və sədrinə ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra təşkilati məsələlərə baxıldı. Ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi təsdiqləndi. İclas iştirakçıları “162 №-li oxu zalı” ərazi ilk partiya təşkilatının yeni sədri vəzifəsinə məktəbin direktoru, kifayət qədər partiya stajına və təcrübəsinə malik olan YAP üzvü Nəzərova Arzu Aslan qızının namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Yeni seçilmiş sədr ona göstərilmiş yüksək etimada görə təşəkkür etdi.

İclasa yekun vuran Z.Bayramov iclas iştirakçılarını partiya işində və YAP Səbail rayon təşkilatının ictimai, siyasi, sosial, mədəni tədbirlərində yaxından iştirak etməyə dəvət etdi, rəhbərlik başda olmaqla məktəbin bütün müəllim-şagird kollektivinə cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.