Səbail rayonunda tələbə adını qazanmış abituriyentlərlə görüş keçirildi

Sentyabrın 12-də Səbail Rayon İcra Hakimiyyətində 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirildi.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, məktəb direktorları, 600-dən çox bal toplayan tələbələr və onların valideynləri iştirak etdilər.

Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalov qeyd etdi ki, Azərbaycan təhsilinin bugünkü inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq davam etdiriliir. Vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikamızın təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri uğurla həyata keçirilir. Vüqar Zeynalov ali təhsil müəssisələrinə qəbul olunan və tələbə adını qazanan məzunları, valideynləri bir daha təbrik etdi və tələbə adını qazanmış hər bir gəncimizə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini öyrənməyi, azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə bağlı, müasir gənc kimi müstəqil fəaliyyət göstərməyi və dövlətinə, xalqına xidmət etməyi arzuladı.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ilk öncə, bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bütün tələbələri ürəkdən təbrik etdi, təhsildə, elmdə, ictimai-siyasi fəaliyyətlərində onlara uğurlar arzuladı.

Azərbaycanın milli təhsil sisteminin inkişafı, Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə, gənclərə verdiyi yüksək dəyər, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsil siyasəti, ölkəmizdə təhsil sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqət, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanda əldə olunan uğurlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil sektorunda həyata keçirilən önəmli layihələr, proqramlar, xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizdə minlərlə məktəbin əsaslı təmir olunması, yenidən tikilməsi, ən müasir texnika və avadanlıqlarla təchiz olunması haqqında geniş danışan deputat görüşdə iştirak edən və tələbə adını qazanmış abituriyentlərə müasir dövrdə Azərbaycan gəncliyinin qarşısında duran məqsəd və vəzifələr haqqında ətraflı məlumat verdi.

Ş.Hacıyev bildirdi ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusi fərqlənərək ən yüksək nəticə əldə edən gənclərimiz cəmiyyətimizin gələcək intellektual elitasını təmsil edir. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən 102 nəfər abituriyentin arasında təqaüdçülərin demək olar ki, yarısının regionlarda fəaliyyət göstərən məktəblərin məzunları olması faktına diqqət çəkən millət vəkili vurğuladı ki, bu göstəricilər, eləcə də ali məktəblərə qəbul faizinin ildən-ilə yüksəlməsi Bakı şəhəri ilə yanaşı regionlarımızda fəaliyyət göstərən orta məktəblərdə verilən təhsilin keyfiyyətinin ifadəsidir. Qeyd olundu ki, tələbələr, gənclər dövlət tərəfindən onlara göstərilən bu diqqət və qayğının qarşılığında daima öz üzərlərində işləməli, biliyini, savadını artırmalı və yüksəkixtisaslı kadrlar kimi formalaşaraq müstəqil dövlətçiliyimizə xidmət etməlidirlər.

Yeni tədris ili münasibətilə tələbələri bir daha səmimi qəlbdən təbrik edən Ş.Hacıyev gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev və 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova çıxış edərək ötən tədris ilində əldə olunan uğurlardan danışdılar.

Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə hədiyyələr təqdim olundu və tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirdilər.