YAP Səbail rayon Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi
13.09.201913 sentyabr 2019-cu il tarixində YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi.
Rayon təşkilatı Qadınlar Şurasının sədri dos. Təranə Kərimova iclası açıq elan edərək, gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Gündəlik səsə qoyuldu və təsdiq olundu.
T.Kərimova azərbaycançılıq ideologiyasını prioritet hesab edərək, xalqına sədaqətlə xidmət edən Ulu Öndər siyasətinin davamçısı, müstəqil dövlətçiliyimizin qarantı, milli təhlükəsizliyin və hər bir azərbaycanlının rifahının təminatçısı, uğurlu daxili və xarici siyasətin müəllifi, möhtərəm Prezidentimiz İlham Əliyevin və cəmiyyət həyatının xüsusi diqqət və qayğı tələb edən ən həssas sahələrində xeyirxahlıq və şəfqətlilik missiyasını uğurla yerinə yetirərək ümumxalq məhəbbəti qazanan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının firavan gələcəyi naminə genişmiqyaslı fəaliyyəti, son illər respublikamızın ictimai-siyasi həyatında gedən proseslər, bu proseslərdə Yeni Azərbaycan Partiyasının sıralarında olan qadınların yeri və rolu, eləcə də qarşıda duran vəzifələr haqqında danışdı. Ölkəmizdə əhalinin rifahının yüksəldilməsi üçün aparılan sosial-iqtisadi islahatlar, infrastuktur quruculuğu, abadlıq və yenidənqurma işləri, eləcə də Azərbaycanın tərəfdaş olduğu irimiqyaslı qlobal layihələr, respublikamızın beynəlxalq tədbirlərə yüksək hazırlıq və təşkilatçılıq məharəti ilə evsahibliyi etməsi xüsusilə qeyd olundu. T.Kərimova bildirdi ki, “Xarici havadarlarının qrant payları ilə sapı özümüzdən olan küt və korşalmış baltalar bu uğurları görməzdən gəlir, sosial mediyada həqiqətdən kənar yazılar yazırlar. Bu səbəbdən, sosial mediada fəaliyyətimizi aktivləşdirməli, məntiq və etika çərçivəsində onlara tutarlı cavablar verməli, bu istiqamətdə bütün mümkün potensialımızı və siyasi iradəmizi ortaya qoymalıyıq.”
Sonra iclasın gündəliyində duran məsələlər müzakirə edildi.
Respublikada Bələdiyyə seçkiləri ərəfəsində YAP-dan namizədliyi irəli sürüləcək qadınlara dəstək olmaq məqsədilə “Qadınların cəmiyyətdə ictimai-siyasi fəallığının artırılması” mövzusunda dəyirmi masanın keçirilməsinə dair təşkilati məsələlər müzakirə edildi. Müzakirələrdə İdarə heyəti üzvlərindən Təranə Muradova, Aliyə Təhmasib, Tinatin Əliyeva və digərləri çıxış etdilər. Çıxış edən rayon partiya təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov müzakirə edilən məsələlərlə bağlı təklif və tövsiyələrini irəli sürdü, eləcə də YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələrdə, görüləcək işlərdə Qadınlar Şurasının üzvlərinin fəallıqlarını daha da artıracaqlarına dair əminliyini bildirdi.
Sonra “Nəsimi ili” çərçivəsində “Nəsimi yaradıcılığında siyasi, iqtisadi, fəlsəfi həqiqətlər və müasirlik” adlı dəyirmi masanın keçirilməsinə dair təşkilati məsələlər və digər cari məsələlər müzakirə edildi.