Səbail rayonunda təmir-tikinti, abadlaşdırma və yenidənqurma işləri davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son beş ildə Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri və infrastrukturun, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər nəticəsində rayonun siması tamamilə dəyişib. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonun qədimliyinin qorunması şərti ilə aparılan yenidənqurma işləri bu gün də yüksək səviyyədə davam etdirilir.

Bu gün, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Səbail rayonu seçki dairəsi üzrə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev rayonun Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi və 20-ci yaşayış sahəsi ərazisində oldular və küçələrdə, parklarda, qəsəbələrdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış oldular.

Əvvəlcə Badamdar qəsəbəsində təşkil olunmuş meyvə-tərəvəz yarmarkasını gəzən rayon rəhbərliyi daha sonra IDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Abad məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən həyətdə abadlıq və yaşıllaşdırma işləri ilə tanış oldular. Badamdar sakinləri ilə səyyar görüş keçirildi, əhalinin problemləri dinlənildi və bu problemlərin həlli istiqamətində göstərişlər verildi.

Daha sonra 2-ci yaşayış massivi və 20-ci yaşayış sahəsində küçələrdə, dalanlarda və tamamilə yenidən qurulan “Fəhlə əlləri” parkında aparılan abadlıq işlərinin gedişi ilə tanışlıq oldu. Yolboyu sakinlər rayon rəhbərliyinə yaxınlaşaraq problemlərini, arzu və istəklərini bildirdilər. Sakinlər tək-tək dinlənildi və problemlərinin həlli istiqamətində tapşırıqlar verildi.

Qeyd edək ki, rayon rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Rayonun küçələri, dalanları, evləri müasir tələblərə uyğun təmir olunur, illərlə asfalt çəkilməyən küçələrə asfalt çəkilir və kanalizasiya sistemi yenilənir.

Gəzinti boyunca rayon sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğı ilə bağlı dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

SəsTV

”Yeni Azərbaycan” qəzeti