Azərbaycan gəncləri Bakının azad edilməsinin 101-ci ildönümünü qeyd etdilər
15.09.2019Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası – NAYORA, “Cavan” İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri Bakının antiazərbaycan bolşevik diktaturasının və erməni quldur daşnak dəstələrinin hakimiyyətindən azad edilməsinin 101-ci ildönümünü Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusu sıralarında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin önündə qeyd etdilər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov, NAYORA-nın sədri Məryam Məcidova, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu günün xalqımızın və dövlətimizin tarixindəki yeri rolundan danışdılar, Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini, sovet təbliğatının bütün cəhdlərinə baxmayaraq, onların heç vaxt unudulmadığını diqqətə çatdırdılar. Ulu Öndərimizin “Bir millət, iki dövlət” fikrini xatırladan natiqlər, bu gün qeyd etdiyimiz əlamətdar tarixin bunun ən bariz nümunələrindən biri olduğunu vurğuladılar.
Gənclər bu gün Azərbaycan gəncinin qüdrətli, firavan və sabit ölkədə yaşadığını bildirdilər və buna görə Azərbaycan gəncləri adından Prezident İlham Əliyevə təşəkkür etdilər.
***
Bu il Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 101-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
Bakının işğaldan azad olunmasında 6 min azərbaycanlı hərbçi və könüllü dəstə, 8 min türk əsgər və zabiti iştirak edib.
Xalq şairi Nəriman Həsənzadə 2009-cu ildə “Nuru Paşa” poemasını yazıb. Poemada Qafqaz İslam Ordusunun Bakıya 40 saata daxil olmalı olduğu, amma bunu 36 saata etdiyi qeyd edilib.