Qərbi Kaspi Universitetində “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi
16.09.2019Sentyabrın 16-da Qərbi Kaspi Universitetində “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev, Universitetin Qəyyumlar şurasının sədri prof. Hüseyn Bağırov, universitetin rektoru prof. Andris Leitas iştirak etdilər.
Universitetin Qəyyumlar şurasının sədri prof. Hüseyn Bağırov “Bilik Günü” münasibətilə tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzuladı. Son illər ölkəmizdə, o cümlədən Qərbi Kaspi Universitetində tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr, beynəlxalq proqramlar haqqında danışan H.Bağırov qeyd etdi ki, ali təhsil müəssisələrində infrastrukturun və tədris texnologiyalarının müasir tələbələrə və dünya təcrübəsinə uyğun olaraq yenilənməsi tələbələr üçün daha geniş imkanlar yaradır.
Bu il tələbə adını qazanan gəncləri bu çox önəmli və yaddaqalan hadisə münasibətilə Milli Məclisin Elm və təhsil komitəsi, eləcə də YAP Səbail rayon təşkilatı adından ürəkdən təbrik edən prof. Şəmsəddin Hacıyev bütün tələbələrə təhsildə, elmdə, ictimai-siyasi sahədəki fəaliyyətlərində uğurlar arzuladı.
Deputat milli təhsil sisteminin müasir inkişaf səviyyəsindən, ölkəmizdə təhsil siyasətindən, gənclərimizin bilikli, savadlı, müstəqil dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə bağlı layiqli vətəndaşlar, bacarıqlı mütəxəssislər kimi formalaşması istiqamətində respublikamızda yaradılmış təhsil və özünüinkişaf mühitindən bəhs edərək müasir Azərbaycan gəncinin qarşısında duran məqsəd və vəzifələr haqqında tələbələrə ətraflı məlumat verdi.
Ölkələr arasında rəqabət mübarizəsinin ildən-ilə kəskinləşdiyi müasir mürəkkəb və ziddiyyətli dövrdə iqtisadi inkişafın və yüksək rifahın ən mühüm amilinin məhz bilik olduğunu qeyd edən millət vəkili bildirdi ki, bu gün dünyada elə bir resurs yoxdur ki, o tükənməsin, tükənməyən yeganə resurs bilikdir. Biliyin daşıyıcıları isə insanlar, peşəkar mütəxəssislərdir. Məhz bu səbəblə, Azərbaycan dövlətinin başlıca siyasi prioriteti – neft gəlirlərinin beynəlxalq rəqabət mübarizəsində ölkəmizi layiqincə təmsil edəcək insan kapitalına çevrilməsidir. Biz bu gün elə gənclər yetişdirməliyik ki, onlara sözün əsl mənasında kapital deyə bilək. Ölkəmiz dinamik inkişaf edir, iqtisadi, hərbi qüdrətimiz artır, milli iqtisadiyyatımızın neftdən asıllığı azalır, beynəlxalq istehsal zəncirində iştirakımız dünya gəlirlərindən pay almaq imkanlarımızı artırır, dünyada Azərbaycanın siyasi, iqtisadi nüfuzu ilbəil yüksəlir. Bütün bu proseslərdə iştirak etmək və ümummilli inkişafımıza töhfə vermək üçün ilk növbədə gənclərimizi, tələbələrimizi gələcəkdə son dərəcə məsuliyyətli vəzifələr gözləyir. Bu vəzifələrin icrasında gənclərə uğurlar arzu edən Ş.Hacıyev Qərbi Kaspi Universitetində tələbələr üçün yaradılmış keyfiyyətli təhsil mühiti, şəffaf müəllim-tələbə münasibətləri, kreativ və innovasiyaslara əsaslanan təhsil sistemi, ali təhsilin bütün səviyyələrində müxtəlif xarici dillərdə təhsil almaq və təhsilini xarici ölkələrdə davam etdirmək imkanları, ikilidiplom proqramları, bu ali təhsil müəssisəsinin məzunlarının yüksək işədüzəlmə əmsalları haqqında danışaraq tələbələrə bütün bu imkanlardan lazımınca istifadə etməyi tövsiyə etdi: “Qərbi Kaspi Universiteti həmişə öz innovativliyi, keyfiyyətli və şəffaf təhsili ilə seçilib. Buradakı imkanlardan istifadə edərək yaxşı təhsil almaq sizin üçün gələcək uğurlu karyeranızın başlanğıcı olacaq. Tələbəlik illəri heç vaxt yaddan çıxmır. Bu, həyatımızın qaynar və maraqlı dövrüdür. Tələbəlik dövrü yalnız təhsil almaqla bitmir, xoş ovqatlı, əyləncəli gənclik illəridir. Gənclər cəmiyyətdə bir çox proseslərin aparıcı qüvvəsi kimi çıxış edir. Əziz gənclər! Dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə sadiq gənclər kimi ölkəmizin inkişafına, yüksəlişinə, modernləşməsinə öz töhfənizi verin, mədəni-kütləvi tədbirlərdə, ictimai proseslərdə aktiv iştirak edin, idmanla məşğul olun, sağlamlığınızı qoruyun. Bir də unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq və müharibə yalnız cəbhədə getmir. Siz yaxşı mütəxəssis kimi yetişməklə həm cəbhədə, həm də ölkəmizin ictimai-siyasi həyatında daha faydalı işlər görə bilərsiniz. Harada olmağınızdan asılı olmayaraq, bilin ki, siz Azərbaycanımızı, milli təhsil sistemimizi, adət-ənənələrimizi, mədəniyyətimizi təmsil edirsiniz. Sizin simanızda bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bütün tələbələri ürəkdən təbrik edirəm, sizə bütün sahələrdə və şəxsi həyatınızda uğurlar arzulayıram.”
Çıxış edən universitetin rektoru prof. Andris Leitas, universitetin İnnovasiya və yaradıcı fəaliyyət üzrə prorektoru Teymur Nəcəfzadə, İngilis dilində tədrisin təşkili və Elmi-Tədqiqat üzrə prorektor Ross Duqlas, Filologiya və tərcümə məktəbinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Maurus Roller, Universitetin professoru Fikrət Sadıxov, Memarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, prof. Elçin Əliyev tələbələri təbrik etdilər, onlara təhsillərində uğurlar arzuladılar.
Universitetin “Biznesin idarə edilməsi” ixtisası üzrə 2015-ci il məzunu, Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və Mədəni Marşurutların İnkişafı şöbəsinin böyük məsləhətçisi Nərmin İsmayılova və “Regionşünaslıq” ixtisasının 2013-cü il məzunu, Gənclər və İdman Nazirliyində nazir köməkçisi kimi çalışan Şir-Aslan Kərimov da tələbələrə həyatlarının yeni mərhələsində uğurlar arzuladılar.
Sonra tələbələrə ayrı-ayrı ixtisaslar üzrə təqdimatlar edildi, təhsil sistemi və universitet haqqında geniş məlumatlar verildi.