YAP Səbail rayon “Qurucular” ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
17.09.2019Sentyabrın 17-də YAP Səbail rayon “Qurucular” (Bakı Şəhər İcra Hakimiyyəti) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Elgin Həbibullayevin iştirak etdiyi iclasda ərazi ilk partiya təşkilatının İdarə heyətinin yeni tərkibinin və təşkilatın yeni sədrinin seçilməsi məsələləri müzakirə olundu.
Tədbiri açıq elan Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Elgin Həbibullayev Ulu Öndər Heydər Əliyevin yaradıcısı və ilk sədri olduğu, hazırda ölkə başçısı cənab İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olub bu partiyanın ideyalarının daşıyıcısı olmağın və bu partiya sıralarında xidmət etməyin böyük şərəf, eyni zamanda yüksək məsuliyyət olduğunu bildirdi. Siyasi partiyaların XVII-XVIII əsrlərdə parlamentarizmin inkişafı ilə əlaqədar yarandığını və bəşəriyyətə demokratik ideyalar gətirəcəyinin düşünüldüyünü qeyd edən Aparat rəhbəri diqqətə çatdırdı ki, müasir dünyada baş verən proseslər bu ideyaların tənəzzülünü göstərir. Qeyri-sabitliyin hökm sürdüyü müasir beynəlxalq münasibətlərin iştirakçısı olan dövlətimizin müstəqilliyinin qorunub saxlanılması ölkə başçısının siyasətinin xalq tərəfindən dəstəklənməsindən asılıdır. Xarici dövlətlərə Azərbaycanın təbii sərvətləri, nefti-qazı lazımdır, Azərbaycan xalqının firavanlığını əmin edəcək güclü dövlət müəyyən qüvvələri ciddi narahat edir. Bununla əlaqədar olaraq, insanların xarici və daxili təhlükələr barədə maarifləndirilməsi, ölkədə və dünyada baş verənlər haqda əhaliyə düzgün məlumat çatdırılması məsələsində iqtidar partiyasının üzvlərinə böyük məsuliyyət düşür. Bu səbəblə, biz rayon partiya təşkilatı ilə daha sıx əlaqələrin qurulmasını və birgə fəaliyyət göstərməyimizi arzu edirik.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev respublikamızın ictimai-siyasi həyatında olduqca böyük və əhəmiyyətli rol oynayan və ən fəal təşkilatlardan biri olan “Qurucular” ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdi və təşkilat rəhbərliyi başda olmaqla bütün kollektivə şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı.
Yeni Azərbaycan Partiyasının yaranma tarixi, gərgin mübarizələr və möhtəşəm qələbələrlə zəngin olan şərəfli inkişaf yolu, ölkəmizin ictimai-siyasi həyatında ölçüyəgəlməz töhfələri haqqında iclas iştirakçılarına ətraflı məlumt verən deputat qeyd etdi ki, Azərbaycan bu qədər qısa müddətdə belə yüksək nailiyyətlər əldə etmiş nadir ölkələrdəndir. Ş.Hacıyev görülən bütün işlərdə Yeni Azərbaycan Partiyasının özünəməxsus yeri və rolunu vurğulayaraq diqqətə çatdırdı ki, hazırda nəinki ölkədaxilində, eləcə də yaxın coğrafiyada mütəşəkkiliyinə və siyasi, intellektual çəkisinə görə YAP-a rəqib ola biləcək ictimai-siyasi təşkilat mövcud deyildir. Bununla belə, qüdrətli və müstəqil Azərbaycan dövlətini görmək istəməyən qüvvələr virtual şəkildə ölkəmizə, dövlətimizə qarşı informasiya terroru ilə məşğuldurlar. Lakin cəmiyyət bu qüvvələrin kimlər və nə məqsədlərlə maliyyələşdirildiyini bildiyi üçün bu kimi cəhdlər mütləq şəkildə iflasa uğrayacaqdır. Hazırda YAP real gücünü virtual məkanda da nümayiş etdirir və əyani olaraq sübut olunur ki, qərəzli şəkildə yalnız şər-böhtan və qarayaxma əsasında danışanların heç birinin reallıqda sosial bazası, elektoratı yoxdur.
Çıxışının davamında YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verən millət vəkili “Qurucular” ərazi ilk partiya təşkilatının respublikamızın, o cümlədən Səbail rayonunun ictimai-siyasi həyatında hər zamanki fəallığını daha da yüksəldəcəyinə dair əminliyini ifadə etdi.
Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olundu, 9 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi təsdiq olundu və kollektivin təklifi əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri İmanov Elmin Allahverdi oğlu yekdilliklə YAP Səbail rayon “Qurucular” ərazi ilk partiya təşkilatının yeni sədri seçildi.
Göstərilən yüksək etimada görə dərin minnətdarlığını bildirən E.İmanov partiyanın bütün tapşırıqlarını tam məsuliyyəti ilə icra etmək üçün əlindən gələni edəcəyinə dair əminliyini ifadə etdi.
İdarə Heyətinin yeni seçilmiş tərkibini və ərazi ilk partiya təşkilat sədrini ürəkdən təbrik edən Ş.Hacıyev Bakı şəhər İcra Hakimiyyətinin Başçısına və bütün kollektivə cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı.