YAP Səbail rayon “İdarəedicilər” ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
18.09.2019Sentyabrın 18-də YAP Səbail rayon “İdarəedicilər” ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.
İclasda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirak etdilər.
İclası giriş sözü ilə açan Akademiyanın rektoru akademik Urxan Ələkbərov son illərdə Azərbaycan Respublikasında bütün sosial-iqtisadi göstəricilər, o cümlədən inkluziv inkişaf üzrə əldə olunan uğurlar və beynəlxalq reytinqlərdə ölkəmizin yaxşılaşan mövqeləri haqqında məlumat verdi. Azərbaycanın inkluziv inkişaf göstəricilərinə görə keçid iqtisadiyyatlı ölkələr arasında 3-cü, dünyada isə 22-ci olduğunu diqqətə çatdıran rektor bu sosial-iqtisadi uğurlarda, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, əhalinin rifahının ildən-ilə yüksəlməsində, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının, Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətlərini və ölkə başçısı cənab İlham Əliyevin innovativ idarəetmə məharətinin rolunu xüsusi qeyd etdi. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında müasir dövrün tələblərinə uyğun təşkil olunan kadr hazırlığı haqqında ətraflı danışan U. Ələkbərov Dövlət İdarəçilik Akademiyasının professor-müəllim və tələbə kollektivinin ölkəmizin ictimai-siyasi həyatında fəallığını bundan sonra daha da artıracağına dair əminliyini ifadə etdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi başda olmaqla bütün kollektiv üzvlərini və tələbələrini ürəkdən salamlayan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev Dövlət İdarəçilk Akademiyasına dəfələrlə gəldiyini, professor-müəllim heyətini şəxsən tanıdığını və bu ali təhsil müəssisəsinin nüfuzuna, tələbələrinin və məzunlarının uğurlarına yaxından bələd olduğunu qeyd etdi.
Deputat XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın 28 il ərzində keçdiyi şərəfli inkişaf yolu, tarix üçün bu qısa zaman kəsiyində ölkəmizin əldə etdiyi misilsiz uğurlar haqqında geniş məlumat verərək vurğuladı ki, müstəqilliyin ilk illərində Azərbaycanın düçar olduğu dərin böhran və ictimai-siyasi həyatın bütün sahələrini bürüyən tənəzzüldən qurtuluş yolunun tapılmasında, müstəqilliyimizin qorunub saxlanılmasında və bu gün nailiyyətlərinə şahid olduğumuz müasir Azərbaycanın qurulmasında Ulu Öndər Heydər Əliyevin, yaradıcısı, ilk sədri olduğu Yeni Azərbaycan Partiyasının və Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasəti 2003-cü ildən etibarən uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri olmuşdur. Ş.Hacıyev bildirdi ki, bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, dünyaya həqiqətən də bir günəş kimi parlayır. Azərbaycan son 16 ildə malik olduğu resurslardan ən səmərəli istifadə edən 3 ölkədən biridir, respublikamız geosiyasi, geoiqtisadi üstünlüklərini rəqabət faktoruna, iqtisadi gücə çevirməyə nail olmuşdur. Bu gün Azərbaycanın $50 mlrd. ABŞ dolları həcmində valyuta ehtiyatı mövcuddur, bu isə cari resursların gələcək nəsillər üçün qorunmaqla istifadə olunduğunu ifadə edir. Millət vəkili diqqətə çatdırdı ki, bu gün dünyada 200-ə yaxın dövlət var, lakin ümumxalq məhəbbəti qazanaraq Lider statusuna yüksəlmiş prezidentlərin sayı olduqca azdır. Ölkə başçısı cənab İlham Əliyev fəaliyyəti ilə, ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın iqtisadi-hərbi qüdrətini, beynəlxalq nüfuzunu xeyli yüksəltməklə, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün həyata keçirilən inqilabi islahatlarla dəfələrlə sübut etmişdir ki, O, sözün əsl mənasında hər bir azərbaycanlının Prezidentidir. Bizim ən böyük dəyərimiz ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdir, əmin-amanlıqdır, xalq-iqtidar birliyidir. Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının üzvləri, gənclərimiz ayıq-sayıq olmalıdır, müstəqil dövlətçiliyimizi, ölkəmizin milli maraqlarına xidmət edən bu siyasəti, Prezidentimizi qorumalıdır. Çünki Azərbaycanın uğurları, müstəqil iqtisadi siyasəti, dövlətimizin öz sərvətlərinin sahibi olması ilk növbədə bizim əzəli düşmənlərimizi və məlum xarici qüvvələri narahat edir. Bu səbəblə də ölkəmizə, dövlətimizə, iqtidar partiyasına qarşı yalan-yanlış məlumatlar, təhrif olunmuş göstəricilər, əsassız qarayaxmalar və hər cür şər-böhtan vasitəsilə əsasən mühacir müxalifəti tərəfindən virtual olaraq sosial şəbəkələrdə çirkin anti-Azərbaycan kampaniyaları təşkil olunur. İctimaiyyət bu kimi qarayaxma təbliğatın mənbələrini, sifarişçilərini, ölkədaxilində və xaricindəki icraçılarını çox gözəl bilir, bu səbəblə də Azərbaycan cəmiyyəti hazırda heç bir sosial bazası olmayan və virtual məkanda reallığa uyğun gəlməyən təbliğat ilə məşğul olanlara layiqli şəkildə cavablar verir.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının fəaliyyətinin əsas istiqamətləri haqqında iclas iştirakçılarına məlumat verərək bildirdi ki, respublikamızın, Səbail rayonunun ictimai-siyasi həyatında hər zaman fəallığı ilə seçilən “İdarəedicilər” ərazi ilk partiya təşkilatının intellektual potensialı olduqca yüksəkdir və bu potensialdan maksimum istifadə etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi başda olmaqla bütün kollektiv üzvlərinə və tələbələrinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzu edən deputat əminliyini ifadə etdi ki, “İdarəedicilər” ərazi ilk partiya təşkilatı bundan sonra da ölkəmizin ümummilli inkişafına əhəmiyyətli töhfələr verməyə davam edəcəkdir.
Sonra gündəlikdə duran təşkilati məsələlərə baxıldı. “İdarəedicilər” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi seçildi və yekdilliklə təsdiqləndi. Kollektivin təklifinə əsasən YAP üzvü Əhmədov Elçin İldırım oğlu “İdarəedicilər” ərazi ilk partiya təşkilatının yeni sədri seçildi.
Göstərilən yüksək etimada görə Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə və kollektivinə təşəkkür edən E.Əhmədov “İdarəedicilər” ərazi ilk partiya təşkilatının partiyanın fəaliyyətində fəallığının daha da artırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Yeni seçilən İdarə heyətini və sədrini təbrik edən Ş.Hacıyev “İdarəedicilər” ərazi ilk partiya təşkilatının gələcək fəaliyyətinə uğurlar arzuladı.