YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin iclası keçirildi

Sentyabrın 25-də YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin iclası keçirildi.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin iştirak etdiyi iclasda ölkəmizdə və yaxın coğrafiyada gedən ictimai-siyasi proseslərdə gənclərin rolu və yeri, onların ictimai fəallığının daha da artırılması, xüsusən müasir dünyada gedən informasiya mübarizəsinin müxtəlif formalarından, ilk növbədə sosial şəbəkələrin imkanlarından geniş, səmərəli istifadə edilməsi və digər məsələlər müzakirə olunaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tövsiyələr verildi.

Gənclərin müstəqil dövlətçiliyimizin qorunması və qüdrətlənməsində müstəsna rolu haqqında geniş danışan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, sürətlə inkişaf edən və torpaqlarının 20%-inin işğal altında olmasına baxmayaraq iqtisadi, hərbi gücü ildən-ilə artan Azərbaycanın öz təbii sərvətlərinin sahibi olması və müstəqil siyasət yürütməsi bəzi xarici qüvvələri son dərəcə narahat edir. Azərbaycanın bölgədə söz sahibinə çevrilməsini istəməyən müəyyən güclər ölkəmizə, müstəqil dövlətçiliyimizə qarşı müxtəlif vasitələrlə çirkin qarayaxma və nüfuzdan salma kampaniyaları həyata keçirirlər. Deputat vurğuladı ki, hər bir azərbaycanlı, milli ruhla yaşayan hər bir vətəndaş ölkəmizdə bu gün mövcud olan sabitliyi, əmin-amanlığı, firavanlığı, müstəqil və güclü dövlətçiliyimizi göz bəbəyi kimi qorumalıdır. Gənclər xatırlamasa da, orta nəslin nümayəndələri indi sosial şəbəkələrdə müxtəlif pafoslu çıxışlar edən AXC-Müsavat cütlüyü nümayəndələrinin hakimiyyətdə olduğu biabırçı bir neçə il ərzində cəmiyyət həyatının bütün sahələrində yaranan dərin böhranı, torpaqlarımızın itirilməsi ilə nəticələnən müharibə şəraitini, ölkədə hökm sürən hərc-mərcliyi, özbaşınalığı xatırlayır. Bu səbəblədir ki, özlərinə müxalifət deyən qaragüruhçuların cəmiyyətdə heç bir sosial bazası, elektoratı yoxdur və onlar sadəcə virtual məkanda ilk növbədə gənclərin hədəf alındığı və xaricdən sifariş olunan, maliyyələşən mənəvi terrorla məşğuldurlar. Tamamilə şər-böhtan və əsassız qarayaxma üzərində qurulan bu anti-Azərbaycan təbliğatının əsas məqsədi milli-mənəvi dəyərlərimizi, xalqımızın kökünü, kimliyini unutdurmaq və beləliklə ölkəmizi parçalayaraq təbii sərvətlərini ələ keçirməkdir. Millət vəkili diqqətə çatdırdı ki, gənclərimiz bu məsələdə ayıq-sayıq olmalı və möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək xalqımızın milli maraqlarına xidmət edən bu siyasəti qorumalıdırlar.

Ş.Hacıyev Azərbaycanda son illər bütün sosial-iqtisadi göstəricilər üzrə əldə olunan uğurlar, əhalinin rifahının, həyat şəraitinin yaxşılaşdırılmasına istiqamətlənən sosial paket çərçivəsində reallaşdırılan islahatlar, nəinki mərkəz – Bakıda, eləcə də Bakıətrafı kəndlərdə, bütün regionlarda gedən genişmiqyaslı abadlıq-quruculuq, tikinti və infrasturktur yenilənmə işləri haqqında ətraflı məlumat verərək bütün bu görülən işlərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd etdi. Gənclər üçün ölkəmizdə yaradılmış şərait, dövlət səviyyəsində Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı, xaricdə təhsil və təqaüd imkanları haqqında danışan deputat gənclərə bütün bu imkanlardan səmərəli istifadə etməyi, Vətənə, dövlətə, cəmiyyətə yararlı vətəndaşlar və mütəxəssislər kimi formalaşmağı və milli-mənəvi dəyərlərimizi qorumağı tövsiyə etdi. Vurğulandı ki, Yeni Azərbaycan Partiyası istedadlı, savadlı gəncləri hər zaman dəstəkləmişdir və gələcəkdə təşəbbüskar gənclərimizi maraqlı layihələr gözləyir.

İclas mövzu ətrafında müzakirələrlə davam etdi, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavinləri Lamiyyə Hacıyeva, Elmar Məmmədov, İdarə heyətinin üzvləri Aygül Ağayeva, Turan Bağırov və digərləri müzakirə olunan məsələlər haqqında fikirlərini bildirdilər.

”Səs” qəzeti