Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində YAP Səbail rayon “Turizm işçiləri” ərazi ilk partiya təşkilatı təsis olundu

Sentyabrın 26-da Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində YAP Səbail rayon “Turizm işçiləri” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iştirak etdilər.

Yığıncaq iştirakçılarını və qonaqları ürəkdən salamlayan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev gənc qurum olan Agentliyin fəaliyyəti haqqında məlumat verdi. Sədr qeyd etdi ki, Agentliyin kollektivi əsasən gənclərdən ibarətdir və burada başlıca prinsip dövlətçiliyinə bağlı və dövləti sevən insanların işə cəlb olunmasıdır. İlk gündən etibarən bu məsələyə xüsusi diqqət etdiklərini vurğulayan F.Nağıyev Dövlət Turizm Agentliyində bu gün YAP ərazi ilk təşkiatının təsis olunmasından son dərəcə məmnun olduğunu bildirdi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev bugünkü təsis yığıncağı münasibətilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəhbərliyi başda olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik etdi və Agentliyin bütün əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı. Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyən və uzun illər bu partiyanın sıralarında şərəflə xidmət edən bir qrup partiya həmkarlarımızın Dövlət Turizm Agentliyində ərazi ilk partiya təşkilatı yaratmaq təşəbbüsünü ürəkdən alqışlayan Ş.Hacıyev bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən YAP Səbail rayon təşkilatı partiya sıralarının genişlənməsi istiqamətindəki fəaliyyətini əsasən iki prinsip əsasında təşkil edir. Birincisi, mövcud ərazi ilk partiya təşkilatlarında keyfiyyət seçimi əsasında yeni üzvlərin qəbulu ilə sıralarımızın genişləndirilməsi və ikincisi, intellektual potensialı yüksək, gənc kollektivə malik idarə və müəssisələrdə yeni ərazi ilk partiya təşkilatlarının təsis olunması. Bu baxımdan, 2015-ci ildən etibarən rayon partiya təşkilatı nəzdində 28 yeni ilk ərazi təşkilatı təsis olunmuşdur.

Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan turizmin inkişafına dövlət siyasəti səviyyəsində göstərilən diqqət və qayğıdan danışan deputat bildirdi ki, son illər turizm sektorunda əldə olunan yüksək göstəricilər və turist axını nəticəsində ölkəmizə hər il 3 milyard dollara qədər vəsait daxil olur. Son iki ildə Azərbaycana 5 milyondan çox turist gəlmiş, cari ildə isə turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Turizmin inkişafının mühüm multiplikator effekti olduğunu diqqətə çatdıran rayon partiya təşkilatının sədri qeyd etdi ki, bu sektorun digər sahələrin inkişafında, yeni iş yerlərinin açılmasında, manatın məzənnəsinin möhkəmlənməsində, ümumi iqtisadi inkişafda və ölkənin təbliğində, tanınmasında əvəzsiz rolu vardır. Ölkə başçısının bu sektora xüsusi diqqətinin nəticəsidir ki, Azərbaycanın turizm potensialı ildən-ilə yüksəlir, paytaxt Bakı və bütün regionlarımız gözəlləşir, respublikada infrastruktur yenilənir, yeni yollar, otellər şəbəkəsi tikilir və bütün bu görülən işlər bilavasitə müstəqil dövlətiçiliyimizin möhkəmlənməsinə və xalqımızın firavan gələcəyinin təmin olunmasına xidmət edir. Millət vəkili vurğuladı ki, Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə ötən il Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin yaradılması və bu sahənin idarə edilməsinin və tənzimlənməsinin vahid mərkəzdə cəmləşməsi ölkəmizdə turizmin inkişafına ciddi təkan vermişdir. Təbii ki, bu uğurların əldə olunmasında Agetliyin gənc kollektivinin də əməyi az olmamışdır deyən Ş.Hacıyev bildirdi ki, Azərbaycanda görülən bütün işlərin, əldə olunan uğurların başlıca təməli ölkə başçısının siyasəti nəticəsində ölkəmizdə uzun illərdir formalaşan ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyidir. Ölkəmizdəki sabitliyin, təhlükəsizliyin qarantı olan bu siyasəti hər bir azərbaycanlı qorumalıdır.

Millət vəkili 90-cı illərin əvvəllərində məhv olmaq təhlükəsində olan dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, müasir Azərbaycanın qurulmasında və xalqımızın milli maraqlarına xidmət edən ölkədaxili və xarici siyasətin təmin olunmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolunu qeyd edərək partiyanın yaranma tarixi və şərəfli inkişaf yolu haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, 1992-ci ildə, yarıtmaz idarəçiliyi, biabırçı fəaliyyəti və səriştəsizliyi ilə ölkəni uçuruma aparan AXC-Musavat hakimiyyəti dövründə müxalifət partiyası kimi yaranan YAP, cəmi 7 ay sonra ümumxalq dəstəyi ilə iqtidar partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycana hakimiyyətə gəldikdə ölkə müstəqilliyini itirmək, dağılmaq, parçalanmaq ərəfəsində idi, vətəndaş müharibəsi başlamışdı, bütün ictimai-siyasi, iqtisadi, sosial sahələrdə dərin böhran vəziyyəti hökm sürürdü. Bununla belə, Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, vətəndaş müharibəsini dayandırdı və cəmi bir il üç aydan sonra 1994-cü ildə bugünlərdə imzalanmasının 25 illiyini qeyd etdiyimiz “Əsrin Kontraktı”nın imzalanmasına nail oldu. Bu neft müqaviləsinin imzalanması müstəqil dövlətçiliyimizin qorunmasında, möhkəmləndirilməsində, iqtisadi inkişafımızda həlledici rol oynadı, Azərbaycan dünyaya açıldı, dünya Heydər Əliyevə və Azərbaycana inandı. O son dərəcə mürəkkəb və ziddiyyətli dövrdə xilaskarlıq missiyasını yerinə yetirən və Ümimmilli Lider statusunu qazanan Heydər Əliyev 10 il ərzində Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxartdı, ali qanunvericilik bazası olan müstəqil Konstitusiyamız qəbul olundu, ölkəmizdə bazar iqtisadiyyatı institutları formalaşdı, ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində əsaslı islahatlara başlanıldı, ordumuz quruldu, idarəetmə sistemi formalaşdı, bir sözlə Azərbaycan sivil cəmiyyətə malik müstəqil, demokratik, unitar dövlətə çevrildi.

2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ildən-ilə artan iqtisadi, hərbi qüdrəti, yüksələn beynəlxalq nüfuzu haqqında geniş məlumat verən Ş.Hacıyev qeyd etdi, ötən 16 il ərzində Ulu Öndər Heydər Əliyev siyasəti ölkəmizdə yeni keyfiyyət dəyişiklikləri əsasında, dünyada baş verən proseslərə adekvat şəkildə inkişaf etmişdir və Azərbaycan xalqının firavan gələcəyinə xidmət edən bu siyasətin uğurlu nəticələri göz qabağındadır. Bu gün Azərbaycan sözün əsl mənasında dünyaya günəş kimi parlayır, ölkəmiz qüdrətli regional gücə çevrilib, ümumi illik gəlirlərimiz 80 mlrd. AZN-dən çoxdur, 50 mlrd. ABŞ dolları həcmində valyuta ehtiyamız mövcuddur, Azərbaycan nəhəng transkontinental enerji və nəqliyyat layihələrinin müəllifi, iştirakçısı və icraçısıdır. Bu iqtisadi rəqəmlər ölkəmizin gələcəkdə davamlı və dayanıqlı iqtisadi inkişafının təminatıdır. Ölkəmizdə bütün sivil, demokratik azadlıqlar təmin olunub, beynəlxalq təşkilatların reytinqlərində, hesabatlarında Azərbaycanda görülən işlər yüksək qiymətləndirilir, əhalinin yaşayış şəraiti ildən-ilə yüksəlir, mövcud problemlərin həlli istiqamətində hər il sosial islahatlar aparılır. Əminliklə demək olar ki, Azərbaycan bu gün öz müstəqilliyi tarixində ən  qüdrətli inkişaf dövrünü yaşayır. Xalqımız bütün bu reallığı görür və ölkə başçısının siyasətini dəstəkləyir.

Çıxışına davam edən deputat YAP Səbail rayon təşkilatının geniş ictimai, siyasi, sosial, mədəni fəaliyyəti haqqında məlumat verdi və Dövlət Turizm Agentliyinin əməkdaşlarını respublikamızın və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak etməyə dəvət etdi. Ş.Hacıyev Dövlət Turizm Agentliyinin kollektivini qurumun tarixində əlamətdar hadisə olan YAP ilk ərazi təşkilatının yaranması münasibətilə ürəkdən təbrik etdi və əminliyini ifadə etdi ki, bu gənc kollekiv Səbail rayonunda ən fəal təşkilatlardan biri olacaqdır.

Sonra “Turizm işçiləri” ərazi ilk partiya təşkilatı təsis olundu, kollektivin ümumi müzakirəsi nəticəsində ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri seçildi. Kollektivin yekdil rəyi əsasında Dövlət Turizm Agentliyinin Sənədlərlə iş və təminat şöbəsinin müdiri Cəmilə Abbasova “Turizm işçiləri” ərazi ilk partiya təşkilatının sədri seçildi.

Yığıncaq Dövlət Turizm Agentliyi ilə YAP Səbail rayon təşkilatı arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə davam etdi.