AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nəsimi ideyaları günümüzün işığında” mövzusunda seminar keçirildi

Sentyabrın 27-də YAP Səbail rayon “Azərbaycan tarixçiləri” (AMEA Milli Azərbaycan Tarixi Muzeyi) ərazi ilk partiya təşkilatında dahi Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ideyaları günümüzün işığında” mövzusunda seminar keçirildi.

Seminarda Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, rayon partiya təşkilatının məsləhətçisi Fariz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov, muzey əməkdaşları, Maliyyə-İqtisad Kollecinin müəllim-tələbə heyəti, eləcə də Səbail rayonu 6 saylı məktəb-liseyin müəllim və şagirdləri iştirak etdilər.

Tədbiri açıq elan edən Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva iştirakçıları salamladı, tədbirin mahiyyəti haqqında məlumat verdi, İ.Nəsiminin Azərbaycanın fikir tarixindəki rolunu yüksək qiymətləndirdi. Qeyd olundu ki, Muzeyin fondlarında Nəsiminin əsərləri, ona həsr olunmuş tablolar qorunur, mütəmadi olaraq Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş tədbirlər keçirilir.

YAP Səbail rayon “Azərbaycan tarixçiləri” ərazi ilk partiya təşkilatının sədri, muzeyin baş mütəxəssisi Pərvanə Əzimova dövlət başçısının müvafiq Sərəncamını səsləndirdi.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev və təşkilatın məsləhətçisi Fariz Quliyev ölkə başçısının İ.Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının, ədəbi irsinin təbliğinə göstərdiyi diqqət və qayğıdan danışdılar.

Sonra məruzəçilər – BBMM-nin şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov “Təsəvvüf metafizikası və multikulturalizm”, muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nəsimi irsində dinlərin və aləmin vəhdəti”, muzeyin fond müdiri dos. Nardanə Yusifova “Nəsimi yaradıcılığına riyazi-məntiqi yanaşma” mövzularında slaydların müşayiəti ilə məruzə ilə çıxış etdilər.

Sonda iştirakçıların sualları cavablandırıldı, xatirə şəkli çəkildi.