YAP Səbail rayon təşkilatının İdarə heyətinin iclası keçirildi

Sentyabrın 27-də YAP Səbail rayon təşkilatının İdarə heyətinin iclası keçirildi.

İclasda 30 avqust 2019-cu il tarixində YAP-ın İcra Katibliyində partiyanın Səbail və Xətai rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə keçirilən müşavirədən irəli gələn vəzifələrin icra vəziyyəti, bələdiyyə seçkilərinə hazırlıqla bağlı qarşıda dayanan vəzifələr və digər məsələlər müzakirə edildi.

Ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklərdən, görülən işlərdən danışan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafının uğurla davam etdirildiyini bildirdi. Millət vəkili diqqətə çatdırdı ki, ölkəmizin dinamik inkişafı, ölkə başçısının xalqımızın milli maraqlarına xidmət edən müstəqil siyasəti, Azərbaycanın təbii sərvətlərinin sahibi olması müəyyən xarici qüvvələr tərəfindən qısqanclıqla qəbul edilir. Bu səbəblə müstəqil dövlətçiliyimizə, ölkə başçısına qarşı xüsusilə virtual məkanda bir çox çirkin vasitələrlə anti-Azərbaycan təbliğatı təşkil olunur. Demokratik cəmiyyətdə sağlam müxalifətin mövcudluğu vacib şərtdir, lakin hazırda ölkəmizdə özünə müxalifət deyənlər siyasi mübarizəni elementar etik qaydalar çərçivəsində təşkil edə bilməyən, yalnızca dağıdıcılıq məqsədi güdən radikal qüvvələrdir. Sosial bazası, elektoratı yox səviyyəsində olan bu qüvvələr açıq şəkildə müəyyən xarici mənbələrdən maliyyələşirlər və bunun müqabilində konkret öhdəlikləri olduğu üçün sosial şəbəkələrdə cəmiyyətdə gedən prosesləri təhrif etməklə məşğuldurlar. Hazırda sosial şəbəklərdə adıçəkilən çirkin kampaniyaların iştirakçısı olan qaragüruhçuların hakimiyyəti dövrünü yaşamış xalqımız onlara qətiyyən etimad etmir. Müxalifət tamamilə şər-böhtan, qarayaxma və yalan əsasında sadəcə olaraq danışır, Yeni Azərbaycan Partiyası isə konkret iş görür. Bizim deməyə sözümüz də, onlara veriləcək cavablarımız da var. Hazırda sosial şəbəkələrdə dövlətimizə, ölkə başçısına qarşı aparılan çirkin təbliğat ciddi ictimai qınaq obyektidir, bu məsələdə bütün cəmiyyət üzvləri, xüsusilə gənclərimiz ayıq-sayıq olmalıdırlar. Deputat vurğuladı ki, müxalifət artıq sosial şəbəkələrdə də uduzduğunu görür, son mitinq istəkləri ilə bağlı təşkil etdikləri sorğuda iştirak edənlərin 87%-i mitinqə “yox” cavabını verdi, bu da müxalifətin cəmiyyətdə zəif sosial bazasının olmasının bariz göstəricisidir.

Sonra mövzu ətrafında müzakirələr aparıldı, partiyanın siyasi mübarizə formalarının müasir dövrün çağırışlarına uyğun qurulması, sosial şəbəkələrdə işin gücləndirilməsi və səmərəliliyin yüksəldilməsi, ərazi ilk partiya təşkilatları sədrlərinin fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində İdarə Heyətinin üzvlərinə müvafiq tövsiyə və tapşırıqlar verildi.

İclasda yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxıldı. “Turizm işçiləri” (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi) ərazi ilk partiya təşkilatlarının qeydiyyata alınması barədə qərar yekdilliklə qəbul olundu. Partiya sıralarının genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verən Ş.Hacıyev vurğuladı ki, partiya üzvlərinin sayının sürətlə artması YAP-ın ölkəmizin ictimai-siyasi həyatında çəkisinin və nüfuzunun güclənməsinin nəticəsidir.

Sonra gündəlikdə olan digər məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi, rayon partiya təşkilatının fəallığının daha da artırılması istiqamətində qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparıldı.

”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti