YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirildi
03.10.2019Bu gün, YAP Səbail rayon təşkilatında partiyanın gənc fəalları ilə görüş keçirildi.
Görüşdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və rayon Gənclər Birliyinin Şurasının və İdarə Heyətinin üzvləri iştirak etdilər.
Çıxış edən prof. Şəmsəddin Hacıyev gənclərlə keçirilən bugünkü görüşün müstəqillik tariximizin ən şərəfli hadisələrindən birini qeyd etdiyimiz günə təsadüf etdiyini bildirdi. 1993-cü ilin 3 oktyabr tarixində Ulu Öndər Heydər Əliyevin xalqımızın etimadını qazanaraq 98,84% səslə Azərbaycan Respublikasının Prezidenti seçildiyini diqqətə çatdıran millət vəkili vurğuladı ki, bu əlamətdar hadisə Azərbaycanın yeni siyasi tarixində yeni dövrün başlanğıcı oldu, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasında, ölkədə idarəçilik sisteminin formalaşmasında, cəmiyyət həyatının istisnasız bütün sahələrində fundamental dəyişikliklərin həyata keçirilməsində müstəsna rol oynadı. Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanı dağılmaqdan, məhv olmaqdan xilas etdi, inkişaf, tərəqqi yoluna çıxartdı və etibarlı əllərə əmanət etdi. Heydər Əliyevin uzunmüddətli perspektivə hesablanmış ideyaları bu gün də yaşayır, tamamilə yeni keyfiyyətdə uğurla davam etdirilir. Deputat xüsusi qeyd etdi ki, Heydər Əliyev bu gün beynəlxalq aləmdə Azərbaycanın simvoluna çevrilib – Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Azərbaycan xalqının dahi oğlu bir insan ömrünə sığmayacaq qədər böyük və genişmiqyaslı fəaliyyəti ilə Azərbaycanı dünyaya tanıtdı. Müstəqil dövlətçiliyimizin qurulmasında Ulu Öndərin başladığı işləri möhtərəm Prezidentimiz İlham Əliyev reallaşdırdı. Azərbaycan bu gün bütün sahələrdə dinamik, şaxələnmiş, inklüziv inkişafını davam etdirir. Beynəlxalq təşkilatlar ölkə əhalisinin rifahının ildən-ilə yüksəlməsi istiqamətində aparılan sosial islahatları yüksək qiymətləndirirlər və ölkəmiz bir çox sosial-iqtisadi göstəricilər üzrə beynəlxalq hesabatlarda ilk mövqelərdədir. Ş.Hacıyev diqqətə çatdırdı ki, Azərbaycan bu gün öz sərvətinin sahibidir, müstəqil siyasət yürüdür və əlverişli geosiyasi mövqelərini, təbii sərvətlərini sözün əsl mənasında güc faktoruna, rəqabət üstünlüyünə çevirməyə nail olub. Ölkəmiz bu gün beynəlxalq nəqliyyat və enerji layihələrini maliyyələşdirən regional iqtisadi gücdür. Bütün bu nailiyyətlərin bilavasitə ölkə başçısının şəxsi keyfiyyətlərinin, idarəetmə məharətinin, xalqın milli mənafelərindən çıxış etməsinin, müstəqil daxili və xarici siyasətinin nəticəsi olduğunu vurğulayan deputat bildirdi ki, dövlətimizin bu uğurlarını qısqanclıqla qarşılayanlar açıq şəkildə bütün mümkün vasitələrlə anti-Azərbaycan təbliğatı ilə məşğuldurlar. Bununla əlaqədar gənclərimiz ayıq-sayıq olmalı, müstəqil dövlətçiliyimizə qarşı yönəlmiş bütün təxribatlara yüksək milli təəssübkeşlik hissi ilə layiqli cavablar verməlidirlər. Gənclərimizə qarşıda duran şərəfli və məsuliyyətli işlərində uğurlar arzu edən Ş.Hacıyev YAP Səbail rayon təşkilatının gənclərin bütün təşəbbüslərinə dəstək verməyə hazır olduğunu bildirdi.
Rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, GB sədr müavinləri Lamiyyə Hacıyeva, Vüsal Əhmədov, GB İdarə Heyətinin üzvü Mahir Süleymanlı və başqaları mövzu ətrafında çıxış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və azərbaycançılıq məfkurəsi hər bir Azərbaycan gənci üçün böyük məktəbdir. Azərbaycan gəncləri onlara əmanət olunmuş bayrağımızı daim ucalarda dalğalandırmaq üçün var gücləri ilə çalışırlar və ölkə başçısının siyasəti ətrafında sıx birləşərək müstəqil dövlətçiliyimizin keşiyində ləyaqətlə durmağa hazırdırlar.
Sonra rayon Gənclər Birliyi daxilində təşkilati məsələlərə baxıldı və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparıldı.