Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının ilk kursu keçirildi
05.10.2019Oktyabrın 5-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və formalaşmasında Yeni Azərbaycan Partiyasının yeri və rolu” mövzusunda ilk kurs təşkil edildi.
Kursda ilk olaraq Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda gənclər üçün məruzəçi qismində çıxış etdi. Əli Əhmədov bildirdi ki, bu səpkidə kursların təşkil edilməsi gənclər üçün faydalıdır. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının gənc fəal üzvləri kursları keçərək öz siyasi biliklərini və dünyagörüşlərini genişləndirsinlər, siyasi təcrübə əldə etsinlər və Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün lazım olan vərdişləri qazanmış olsunlar. “Siz Yeni Azərbaycan Partiyasının gənc və fəal üzvlərinisiniz. Partiyamızın həm bugünkü fəaliyyətində, həm də gələcək inkişafında sizin rolunuzu xüsusi vurğulamaq istəyirəm. Biz istəyirik ki, siz gənc nəsil olaraq inkişaf edəsiniz. Gələcəkdə partiyanın funksiyalarının həyata keçirilməsində daha yaxından iştirak etmək imkanınız olsun. Həm də, bütövlükdə, Azərbayacanın ictimai-siyasi həyatında geniş şəkildə iştirak edəsiniz. Bunun üçün də zəruri vərdişlərə ehtiyac var. Xüsusilə siyasi biliklər artırılmalıdır. Dünyanın hər yerində siyasi partiyaların nəzdində bu cür kurslar mövcuddur. Kursların yaranmasında məqsəd siyasi partiyaların vasitəsilə bütövlükdə cəmiyyətin siyasi həyatı üçün təcrübəli gənc siyasətçilərin formalaşmasından ibarətdir. Bizim də məqsədimiz budur”-deyən, YAP Sədrinin müavini partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclərin birləşdiyini diqqətə çatdırdı. Vurğulandı ki, partiya üzvlərinin 40 faizi gənclərdən ibarətdir və bu böyük siyasi gücdür. Gənclərin YAP-ın sıralarına axını onların öz gələcək siyasi talelərini Heydər Əliyev ideyalarına bağlaması, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır.
Baş nazirin müavini diqqətə çatdırdı ki, biz dövlətimizin gələcəyini gənclərdə görürük. Gənclər nə qədər savadlı, bilikli, vətənpərvər, öz ölkəsini sevən insanlar olarsa, o ölkənin gələcəyi o qədər də parlaq olur. Bizim çox dəyanətli və vətənpərvər gəncliyimiz var. Bu gəncliyimizlə fəxr edirik. İnanırıq ki, bu müasir gəncliyimiz Azərbaycanın gələcəyini daha da işıqlı və parlaq edəcək. Əli Əhmədovun fikrincə, Yeni Azərbaycan Partiyasının gəncləri də bu baxımdan bizi qürurlandırır.
Bu kursların faydalı və maraqlı olacağına inandığını deyən YAP Sədrinin müavini qeyd edib ki, təşkil olunan belə tədbirlər gənclərimizə böyük siyasi təcrübə qazandıracaq.
Əli Əhmədov mühazirəsində ilk olaraq dünyada siyasi sistemin formalaşması prosesindən bəhs etdi və qeyd etdi ki, siyasi sistemin əsasını dövlət təşkil edir. Onun sözlərinə görə, siyasi sistemin vacib elementlərindən biri də siyasi partiyalardır. YAP Sədrinin müavini bildirdi ki, hazırda dünya ölkələrinin mütləq əksəriyyətində çoxpartiyalı sistem mövcuddur. Onun sözlərinə görə, hüquqi-demokratik dövlət kimi müstəqil Azərbaycanda da çoxpartiyalı sistem mövcuddur.
YAP Sədrinin müavini partiyamızın 1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını və qısa müddət ərzində hakimiyyətə gəldiyini xatırlatdı. YAP-ın keçdiyi inkişaf yolundan geniş bəhs edən Əli Əhmədov partiyamızın Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğunu diqqətə çatdırdı. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs etdi, Azərbaycan vətəndaşlarının partiyamızın fəaliyyətini dəstəklədiyini, bütün seçkilərdə parlaq qələbələr qazandığını diqqətə çatdırdı.
Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırıldı.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək. Kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir. Layihənin sonunda kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.
YAP Səbail rayon təşkilatından üç gənc Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasında iştirak edir.