Bakıda “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı oldu

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı oldu.

Sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdı.

Sərginin açılışından öncə Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin əhəmiyyətindən söz açdı. Sərginin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı olduğunu deyən X.Əsədova bildirdi ki, dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər yer almaqdadır. Bugünkü sərgidə isə Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsində qorunan Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq XIX əsrin ortalarına qədərki bir dövrü əks etdirən sənədlər bu gün Azərbaycana gətirilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cahan Özdemir sərginin heç də asan ərsəyə gəlmədiyini qeyd etdi ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək.

TİKA-nın rəhbəri Teoman Tiryaki Azərbaycanda göstərdikləri fəaliyyətdən bəhs etdi. O, ölkəmizlə Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafında rəhbəri olduğu qurumun töhfəsindən məmnun olduğunu qeyd edərək bu tədbirin təşkilindən məmnunluğunu ifadə etdi.

Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəhbəri Uğur Ünal arxivlərdə son dərəcə əhəmiyyətli məlumatların olduğunu diqqətə çatdırdı: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarix ərzində ən önəmli şəkildə arxivlərdə qeyd edilib. İstər Azərbaycan, istər Türkiyə arxivlərində bu iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər yer alır. Türkiyədə xüsusilə Osmanlı dövlətindən qalma arxivlər təkcə Anadolu coğrafiyasını deyil, dünyanın 40-dan çox dövlətinin arxivini özündə birləşdirir. Bizim arxivlərdə Azərbaycan ilə Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə sənəd yer alır. Bugünkü sərgidə onlardan yalnız 30-u nümayiş olunur. Bu sənədlər Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı isti münasibətləri əks etdirir. Biz bu əlaqələri daha da dərinləşdirməliyik, çünki arxivlərimizdə hələ öyrənilməmiş minlərlə sənəd vardır. Sərginin tarixi əlaqələrimizi anlamaq məsələsində faydalı olacağına inanıram”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral nümayiş olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrinin əyani sübutu olduğunu vurğulayaraq qeyd etdi ki, İrəvan xanlığı və Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub: “Əlimizdəki sənədlər keçmişdə də Türkiyə ilə Azərbaycan arasında çox yaxın münasibətlərin olduğunu göstərir”.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

VİDEO