Bakı şəhəri Səbail rayonu ilə Litva Respublikasının Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalandı
17.10.2019Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas arasında Səbail rayonunun Druskininkay şəhəri ilə qarşılıqlı əməkdaşlıq barədə protokol imzalandı.
İmzalanma mərasimində Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev iştirak etdilər.
Səbail rayonunun Druskininkay şəhəri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq arenadakı mövqeyi, eləcə də Səbail rayonu haqqında qonaqlara ətraflı məlumat verərək qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır.
Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas çıxış edərək bildirdi ki, Litva Respublikası ilə Azərbaycan Respublikası arasında birgə maraq kəsb edən müxtəlif sahələr üzrə qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq əlaqələrini nəzərə alaraq, iki dövlət arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin möhkənləndirilməsi ilə əlaqədar Litva Respublikasının Druskininkay şəhər bələdiyyəsi ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə protokolunun ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirmişdir.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev belə bir əlamətdar tədbirdə iştirakdan məmnun olduğunu bildirərək çıxışında qeyd etdi ki, əməkdaşlıq protokolunun imzalanması hər iki tərəfin fəaliyyətində mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu qarşılıqlı faydalı sənədin sadəcə kağız üzərində qalmayacağına əminliyini ifadə edən millət vəkili burada nəzərdə tutulmuş bütün məsələlərin ardıcıl surətdə öz həllini tapacağını, iqtisadi, sosial, mədəni əlaqələrin, o cümlədən idarəetmə sahəsində təcrübə mübadiləsinin inkişafı istiqamətində səmərəli addımların atılacağını diqqətə çatdırdı.
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında tarixən formalaşmış dostluq münasibətlərinin və ənənələrinin bu gün də uğurla davam etdirildiyi barədə danışan deputat bildirdi ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün zəruri olan hüquqi, institusional baza yaradılmışdır. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır, ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuş, müxtəlif əməkdaşlıq sahələrini əhatə edən onlarla saziş imzalanmış, səfirliklər, hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində üzv olduğu bütün beynəlxalq təşkilatlarda Litvanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, problemin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olmasının cəmiyyətimizdə böyük məmnunluq hissi yaratdığını xüsusi qeyd edərək millət vəkili buna görə bir daha dərin təşəkkürünü bildirdi.
Bütün bunların fonunda ticarət-iqtisadi əlaqələrin səviyyəsinin adekvat olmamasını tədbir iştirakçılarının nəzərinə çatdıran Ş.Hacıyev vurğuladı ki, gələcək dövrlərdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur və hazırda imzalanmış protokol da bu potensialın reallaşdırılmasına mühüm töhfələr verəcəkdir.
Millət vəkili Səbail rayonunun Bakı şəhərinin ən əhəmiyyətli strateji rayonu olduğuna diqqət çəkərək qeyd etdi ki, bu rayonun zəngin iqtisadi, mədəni, turizm potensialına malik olması, eyni zamanda rayonun idarəetmə strukturlarında, xüsusilə İcra Aparatında gənc, enerjili, kreativ kadrların təmsil olunması qarşıda dayanan bütün vəzifələrin uğurla icra ediləcəyinə real zəmin yaradır. Tədbir iştirakçılarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etməklə çıxışını yekunlaşdıran millət vəkili imzalanmış əməkdaşlıq protokolunun hər iki tərəf üçün xeyirli və uğurlu olmasını arzuladı.
Tədbirin sonunda Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasa xatirə hədiyyələri təqdim edildi.