YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirildi
18.10.2019Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirildi.
Sərginin açılış mərasimində çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı. S.Novruzov bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun müstəqil dövləti var. Dünyada 3000-ə qədər xalqın olduğunu deyən YAP İcra katibinin müavini qeyd etdi ki, onların yalnız 200-nün dövləti var. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir.
Azərbaycanın müstəqilliyə gedən yolunun çox çətinliklərdən keçdiyini deyən natiq diqqətə çatdırdı ki, 1991-ci ildə müstəqilliyimiz elan olunan zaman cəmiyyətimizdə vəziyyət acınacaqlı idi. Belə ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, digər tərəfdən torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini qeyd edən S.Novruzov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, ictimai-siyasi sabitliyin bərpa edildiyini, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirdi.
YAP İcra katibinin müavini vurğuladı ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. S.Novruzov qeyd etdi ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söylədi.
“Bu gün müstəqilliyimizin 28-ci ildönümü qeyd edirik və bununla qürur duyuruq. Prezident İlham Əliyev öz siyasəti ilə dövlətimizin və xalqımızın maraqlarını ən yüksək səviyyədə qoruyur. Buna görə də, ötən illər ərzində müstəqil dövlətimiz güclənib, beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının həyata keçirdiyi islahatlar çox uğurlu nəticələr verməkdədir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə dövlətimizin daha da güclənməsinə xidmət edir. Onun xüsusilə sosial sahədə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir” – deyən S.Novruzovun sözlərinə görə, müstəqil dövlətimizin güclənməsində Yeni Azərbaycan Partiyası və onun üzvləri də fədakarlıq göstərir. Partiyamızın üzvləri ölkəmizin inkişafında yaxından iştirak etməklə yanaşı Azərbaycana qarşı qarayaxma kampaniyası aparan dairələrlə də lazımı mübarizə aparır. YAP İcra katibinin müavini deyib ki, biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik.
Bu sərginin də rəmzi məna daşıdığını deyən S.Novruzov bildirdi ki, burada gənc memarlar Azərbaycanın gələcəyini necə gördükləri haqqında ekspozisiya təqdim edirlər. Bu yaradıcılıq nümunələri Bakı Mühəndislik Universitetinin tələbələri tərəfindən hazırlanıb. S.Novruzov tələbə-gənclərin əl işlərini yüksək qiymətləndirdi və əminliyini ifadə etdi ki, bu gənclər öz fəaliyyəti ilə gələcəkdə müstəqil ölkəmizə layiqincə xidmət edəcəklər.
Tədbirdə çıxış edən edən Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov bildirib ki, rəhbərlik etdiyi ali məktəb 8 noyabr 2016-cı ildə dövlət başçısının sərəncamı əsasında yaradılıb. Universitet 27 ixtisas üzrə kadr hazırlayır ki, onlardan biri də memarlıqdır. Rektorun fikrincə, ölkədə memarlıq peşəsinə ehtiyac var və universitet bu sahədə peşəkar kadrların yetişdirilməsi üçün səylə çalışır. Bunun üçün tələbələrə bütün imkan və şərait yaradılıb. Onun sözlərinə görə, bu sərgidə universitetin 27 tələbəsinin 40-ya yaxın əl işi təqdim olunur. Rektor bu sərginin təşkilinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür etdi.
Tədbirdə həmçinin Bakı Mühəndislik Univeristetinin tələbələri, gənc memar-dizaynerlər Əli Həsənbəyli və Jalə Əhmədova çıxış etdilər.
Sonra sərgidə əl işləri təqdim olunan gənc memar-dizaynerlərə sertifikatlar təqdim olundu.