Deputat Səbail rayonu veteranları ilə görüşdü

Oktyabrın 18-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının qərargahında Səbail rayonu 29 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Səbail rayonunun veteranları ilə görüşdü.

İlk öncə müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın müstəqilliyinin bərpasının 28-ci ildönümünü qeyd etdiyimiz bu əlamətdar bayram günündə veteranlarla görüşə gələn deputatı bütün veteranlar adından ürəkdən salamlayan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev bildirdi ki, sağlamlıqlarını dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə itirən müharibə veteranları daim dövlətimizin, ölkə başçımızın, Ali Baş Komandanımızın yanında olan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədaxili və ölkə xarici siyasətini dəstəkləyən dəyərli, ləyaqətli insanlardır. AVMVİB-nin Səbail rayon təşkilatının sədri İ.Əliyev dövlət tərəfindən müharibə veteranlarının daim xüsusi diqqət mərkəzində saxlanıldığını, bu kateqoriyadan olan insanların rifahının ildən-ilə yüksəlməsi üçün müvafiq tədbirlərin görüldüyünü vurğulayaraq diqqətə çatdırdı ki, hazırda veteranlarımızı ən çox narahat edən problemlər mənzil təminatı və veteran övladlarının iş tapmaqla bağlı çətinlikləridir.

Sonra görüşdə iştirak edən veteranlar onları narahat edən problemləri millət vəkili ilə bölüşdülər və çoxsaylı arzu, istək və təkliflərini bildirdilər. Ümumilikdə 15 nəfər veteranın müraciətləri və təklifləri qeydə alındı.

Dövlət müstəqilliyimizin əldə olunması, qorunması, möhkəmləndirilməsi uğrunda aparılan mübarizədə yaxından iştirak edən, bu yolda canlarını belə əsirgəməyən fədakar veteranlarla görüşə hər zaman olduğu kimi bu gün də son dərəcə məmnun olduğunu bildirən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ilk növbədə onları “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə ürəkdən təbrik etdi. Millət vəkili bildirdi ki, bu gün Azərbaycanın müstəqillik tarixində ən əlamətdar gündür. Azərbaycanın dövlət müstəqilliyinin bərpası nəticəsində xalqımız öz taleyinin, Vətəninin, dövlətinin və sərvətlərinin sahibi oldu, biz azadlığa, müstəqilliyimizə qovuşduq. İnsan üçün, dövlət üçün bundan böyük nemət, dəyər ola bilməz. Azərbaycanın iqtisadi inkişafının əsasında neft amili dayanır. Müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yeni müstəvidə həyata keçirdiyi idarəçilik məharəti nəticəsində biz milli sərvətimiz olan neft gəlirlərimizdən səmərəli istifadə etdik və dinamik, davamlı inkişafa nail olduq, ən əsası isə müstəqil dövlətçiliyimizin əbədiliyini və dönməzliyini təmin etdik. Azərbaycandan daha zəngin neft sərvəti olan ölkələr var, lakin o ölkələrdə qeyri-sabitlik, müharibələr, yoxsulluq, rəzalət hökm sürür və bu dövlətlərin əhalisi nəinki milli sərvətinin sahibi deyillər, hətta öz ölkələrində qaçqın-köçkün, yoxsulluq və ümidsiz şəraitdə yaşayırlar. Bu fikirləri konkret faktlarla təsdiqləyən deputat vurğuladı ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin, yaradılmış gözəl imkanların, sosial-iqtisadi infrastrukturun qədrini bilmək lazımdır. Azərbaycan heç vaxt bugünkü qədər müstəqil olmayıb və biz müasir, qüdrətli, müstəqil dövlətçiliyimiz üçün Ulu Öndər Heydər Əliyevə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.

Ş.Hacıyev Səbail veteranlarını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının yaranmasının 25 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, qəhrəman veteranlarımıza möhkəm cansağlığı və sağlam uzun ömür arzuladı.

Veteranlar tərəfindən səsləndirilən bütün problemləri diqqətlə dinlədiyini, müvafiq qeydlər apardığını nəzərə çatdıran deputat bu problemlərin, təkliflərin heç birinin diqqətsiz qalmayacağını, hər bir məsələ ilə ciddi məşğul olacağını və lazımi icra strukturlarına müraciətlər ediləcəyini bildirdi. Veteran övladları ilə bağlı qaldırılan məsələyə münasibət bildirən Ş.Hacıyev qeyd etdi ki, ən qısa zamanda bu gənclərin interaktiv şəbəkəsi yaradılacaq və onlar YAP Səbail rayon təşkilatının ictimai-mədəni tədbirlərinə, maarifləndirici işlərinə yaxından cəlb olunacaqlar.

Millət vəkili diqqətə çatdırdı ki, ölkə başçısı cənab İlham Əliyevin bu məsələyə xüsusi diqqəti nəticəsində bu gün Azərbaycanda vətəndaşa, insana qayğı, xidmət, diqqət, vətəndaşın rifahı bir nömrəli məsələdir. “Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün” deyən İlham Əliyev əməli fəaliyyəti ilə sübut etmişdir ki, O, sözün əsl mənasında hər bir azərbaycanlının Prezidentidir. Bu gün Azərbaycanın çox güclü, savadlı, cəsarətli, yüksək intellektli, xalqını hədsiz dərəcədə sevən, milli dəyərlərimizi hər şeydən üstün tutan müdrik Prezidenti var. Biz Onunla fəxr edirik, qürur duyuruq və daima Onun yanındayıq.

Veteranları bir daha Dövlət Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edən və hamını ölkə rəhbərinin siyasəti ətrafında sıx birləşməyə dəvət edən Ş.Hacıyev bütün qeyd olunan problemlərlə bağlı veteranlara yardımçı olacağını bildirdi.

Deputata ürəkdən təşəkkür edən veteranlar onlara göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər.