YAP Səbail rayon təşkilatında 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri davam edir
23.10.201923 oktyabr 2019-cu il tarixində YAP Səbail rayon təşkilatının İdarə heyətinin və 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar rayon partiya təşkilatında yaradılmış seçki qərargahı üzvlərinin birgə iclası keçirildi. İclasda bələdiyyə seçkilərinə hazırlıq işləri və bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olundu, Seçki Məcəlləsinin prosedur qaydalarına uyğun olaraq müvafiq qərarlar qəbul olundu.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev son bir həftə ərzində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan kadr islahatlarını yüksək qiymətləndirdi və bu islahatların cəmiyyətdə yaratdığı müsbət rezonans haqqında danışdı. Cənab Prezidentin dünən Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsinə təyin olunan Şahin Mustafayevlə görüşü zamanı proqram xarakterli nitqini xüsusi qeyd edən Sədr bildirdi ki, ölkə başçısı çıxışında Azərbaycan iqtisadiyyatının yaxın gələcək üçün iqtisadi inkişafının konseptual əsaslarını müəyyən edərək aidiyyatı qurumlar qarşısında konkret və son dərəcə dəqiq vəzifələr qoydu. Bu vəzifələrə Azərbaycanın dinamik inkişafının davam etdirilməsi üçün iqtisadi artımın, inkluziv, davamlı və dayanıqlı inkişafın təmin olunması, əhalinin sayının artması ilə əlaqədar yaranan iqtisadi problemlərin həlli, yeni iş yerlərinin açılması, iqtisadiyyatımızın şaxələndirilməsi, neftdən asıllığımızın minimuma endirilməsi və neft-qaz sektorundan əldə olunan gəlirlərin Azərbaycan iqtisadiyyatının, vətəndaşlarımızın rifahının ildən-ilə yüksəlməsinə sərf olunması daxildir. Millət vəkili ölkə rəhbərinin kadr siyasətini yüksək təqdirlə qarşıladığını vurğulayaraq Şahin Mustafayevin bu yüksək məsul vəzifəyə təyinatından bir iqtisadçı olaraq son dərəcə məmnun olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, cənab Prezident bugünlərdə idarəetmə mədəniyyətində daha bir yeni yanaşma və müsbət nümunə nümayiş etdirdi. Cəmiyyətimiz bir daha şahid oldu ki, Azərbaycan xalqına, dövlətinə vicdanla xidmət edən insanların əməyi yüksək qiymətləndirilir. Ölkə başçımızın fəaliyyəti, insanlarla münasibəti ümumiyyətlə bütün sahələrdə dövlət məmurları üçün ən böyük nümunədir. Dövlət məmurunun əməyinə veriləbiləcək ən yüksək dəyəri göstərən İlham Əliyev bu mənada da yeni bir ənənəni ictimaiyyətə təqdim etdi. Cəmiyyətimiz ölkəmizin dinamik inkişafını, gedən pozitiv işləri, Azərbaycanın artan beynəlxalq nüfuzunu, uğurlu ölkədaxili siyasəti görür, təqdir edir və cənab Prezidentin siyasətini dəstəkləyir. Bununla belə, özünü müxalifət adlandıran bir qrup destruktiv, dağıdıcı, xəyanətkar qüvvələr ölkəmizin inkişafına kölgə salmaq, ölkəmizdə formalaşmış ictimai-siyasi sakitliyi, əmin-amanlığı, rifahı pozmağa çalışırlar. Məqsəd də bəllidir – cəmiyyətdə qarşıdurma yaratmaq, vətəndaş itaətsizliyi formalaşdırmaq, ictimai asayişi pozmaq, ölkə rəhbərliyinin diqqətini bu süni daxili problemlərə yönəltmək, respublikamızın günü-gündən artan beynəlxalq nüfuzuna xələl gətirmək və beləliklə Dağlıq Qarabağ məsələsi üzərindəki diqqəti yayındırmaq. Çünki, ölkə başçımızın son beynəlxalq tədbirlərdə – “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı və MDB dövlət başçılarının Aşqabad Sammitindəki tarixi çıxışları və işğalçı Ermənistanı kəskin ifşa etməsi Ermənistan rəhbərliyinin, erməni cəmiyyətinin ciddi təşvişinə səbəb olub. Siyasi nakaut vəziyyətinə düşən Paşinyan son bir neçə gündə iki dəfə Təhlükəsizlik Şurasının iclasını toplayıb, çünki onlar artıq görürlər ki, Azərbaycan xalqının səbri tükənir və bu gün ən müasir silahlarla təchiz olunan, yüksək döyüş ruhuna malik Azərbaycan ordusu hər an Ali Baş Komandanımızın hər bir əmrinə hazırdır. Ölkəmizdəki qaragüruhçuların son dövrdəki dırnaqarası canfəşanlığı da məhz bu qeyd olunan amillərlə əlaqəlidir. Azərbaycan cəmiyyəti bu məsələlərdə ayıq-sayıq olmalı və ölkəmizin, xalqımızın firavan gələcəyi üçün Ulu Öndər Heydər Əliyev ideyaları, İlham Əliyev siyasəti ətrafında sıx birləşməlidirlər.
Ş.Hacıyev 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri ilə əlaqədar rayon partiya təşkilatının qarşısında duran vəzifələr haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi. Bildirildi ki, ölkəmizdə idarəetmə institutu kimi inkişaf edən bələdiyyələrin fəaliyyəti ilə bağlı zəruri qanunvericilik bazası Milli Məclis tərəfindən təmin olunmuşdur. Yeni Azərbaycan Partiyası 1999-cu ildən etibarən ölkəmizdə keçirilən bütün bələdiyyə seçkilərində inamlı qələbə qazanmışdır. Bu da təbiidir, çünki, ölkə başçısının, Ali Baş Komandanın həyata keçirdiyi genişmiqyaslı işlər cəmiyyətdə partiyamıza olan etimadı ildən-ilə yüksəldir və seçicilər yalnız YAP-ın əməli fəaliyyətinə etimad göstərirlər. Bugünə kimi keçirilən Prezident, Milli Məclis, Bələdiyyə seçkilərində və Referendumlarda Səbail rayonunda fəaliyyət göstərən 29 saylı seçki dairəsinin heç bir məntəqəsində nə beynəxalq müşahidəçilər, nə də müxalifət tərəfindən negativ halların aşkarlanmadığını vurğulayan deputat son illərdə Səbail rayonunda seçici fəallığının da yüksəldiyini xüsusi qeyd etdi və bildirdi ki, rayonumuzda görülən təqdirəlayiq işlər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir və bu nəticələr seçkilərdə də öz əksini tapacaq.
Sonra seçkiyə hazırlıqla bağlı müvafiq prosedur qaydalarına uyğun olaraq rayon partiya təşkilatının bələdiyyə seçkiləri üçün səlahiyyətli nümayənləri təsdiq olundu və qərargah üzvləri arasında işbölgüsü barədə məlumat verildi.
Azərbaycan Teatr Xadimləri İttifaqının dünən keçirilən XIV hesabat-seçki konfransı münasibətilə Xalq artisti Azər Paşa Nemətovu və iclasda iştirak edən İttifaqın sədr müavini, YAP Səbail rayon “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri, Xalq artisti Hacı İsmayılovu YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından ürəkdən təbrik edən Ş.Hacıyev Azərbaycanın teatr sənətinin inkişafında xüsusi yeri və rolu olan Teatr Xadimləri İttifaqına gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı.
İclas YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayon ictimaiyyətinin noyabr ayında Cocuq Mərcanlı kəndinə planlaşdırılan növbəti səfərinin təşkilati məsələlərinin müzakirəsi ilə davam etdi.