Bakı Bələdiyyə Teatrının quruluşunda “İmadəddin Nəsimi” fəlsəfi dram tamaşasının premyerası keçirildi

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Məhz bu səbəbdəndir ki, bu ili böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi kimi qeyd edir, keçirilən tədbirlərlə il ərzində onu xatırlayır və xatırlamağa da davam edirik. Mədəni hadisələrdən biri də incəsənət sahəsində yeganə canlı sənət növü olan teatrlardır.

Noyabrın 12-də Azərbaycan Milli Akademik Dram Teatrında Bakı Bələdiyyə Teatrının quruluşunda “İmadəddin Nəsimi” fəlsəfi dram tamaşasının premyerası keçirildi. YAP Səbail rayon təşkilatının üzvləri də tamaşanın premyerasında iştirak etdilər.

İsa Hüseynovun “Məşhər” romanı əsasında yeni səhnə redaksiyasının müəllifi dramaturq Çingiz Ələsgərli, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Premyeradan öncə çıxış edən Xalq artisti Mərahim Fərzəlibəyov bildirdi ki, “Nəsimi” tamaşasının timsalında tamaşaçılar fərqli bir Nəsimi ilə tanış olacaqlar. Çünki bu dəfə Nəsimini hürufiliyin təbliğatçısı kimi deyil, bir şəxsiyyət və hansı insani keyfiyyətlərini özündə xarakterizə edən biri kimi daha yaxından tanımış olacağıq. Elə məqamlara toxunmağa çalışmışıq ki, həmin səhnələr “Nəsimi” filmində olmasın. Bu tamaşanı tarixi mənbə kimi deyil, baxımlı, maraqlı bir tamaşa kimi hazırlamağa cəhd etdik. “Nəsimi”nin özü bədii əsər olduğu üçün tarixi əsaslara çox az üstünlük verdik. Əsərin konfliktini gücləndirmək üçün müxtəlif üsullardan istifadə etdik. Rejissor qeyd etdi ki, tamaşada Nəsiminin əsas bədii fəlsəfəsinin nəinki xalqa, eyni zamanda hökmdarlara belə təsirsiz ötüşmədiyi qabardılır: “Çalışdım ki, tamaşada Teymurla Nəsiminin görüş səhnəsində aydın şəkildə görünsün ki, sonda Teymur özü Nəsimiyə inanır. O, Nəsiminin fikirlərini sual şəklində təkrarlayır. Bu da o deməkdir ki, Teymur hardasa Nəsiminin fikirlərini, insanın Tanrıya yaxınlığını qəbul edir. Əmir Teymur kimi bir xaqanda müəyyən cücərtilər baş qaldırır. Bütün bunlar fəlsəfi fikirlərdir. Bu fəlsəfə hər zaman yaşayır və yaşayacaq da. Ümumiyyətlə hesab edirəm ki, Nəsimi ilə bağlı yazılan romanlarda onun bir insan kimi təbliğatı çox az olub. Sadəcə olaraq Nəsimi filmi ilə məhdudlaşmışıq. Ancaq romanda çox böyük fikirlər var. Biz Nəsiminin ideyalarını özümüzdən gələn nəsillərə, böyük kütləyə çatdırmalıyıq və bunun üçün də Bakı Bələdiyyə Teatrı olaraq repertuarımızda böyük şairimizi təbliğ etmək qərarına gəldik”. 40 ildir ki, teatrda çalışdığını və bu zamana qədər teatrlarımızda fəlsəfi dram janrında tamaşa ilə rastlaşmadığını bildirən M.Fərzəlibəyov diqqətə çatdırdı ki, bu əsər bədii-fəlsəfi dram janrında hazırlanıb: “Çalışmışıq ki, Nəsiminin bütün fikirlərini tamaşaçılara olduğu kimi çatdıraq. Əsas ideya ondan ibarətdir ki, insanın Tanrıya yaxınlığını, Nəsiminin bu fikirlərinin bütün insanların, hətta dünyada ən mürəkkəb xaqanların belə fikirlərini dəyişməyə qadir olmasını açıq şəkildə hiss etdirək.”

Səhnə əsərinin müəllifi, dramaturq, teatrşünas Çingiz Ələsgərli çıxış edərək qeyd etdi ki, ona belə bir əsəri səhnələşdirmək təklifi xalq artisti Mərahim Fərzəlibəyovdan gəlib: “Biz İsa Hüseynovun “Məşhər” romanı əsasında və romandan başqa əldə etdiyimiz mənbələrə də müraciət edərək “Nəsimi” pyesini ərsəyə gətirdik. Bu tamaşada Nəsimini həm insan, həm şair, həm də bir sevgili kimi tamaşaçılara göstərməyə çalışdıq. Bir sözlə, burada onun bütün insani keyfiyyətlərini daha çox üzə çıxarmağa çalışdım. Şərq aləmində Nəsiminin tanınması, Azərbaycana məxsus olması bizim üçün əsasdır. Bütün şərq dünyasında hər bir millət çalışır ki, Nəsiminin özünə aid etsin. Amma Nəsimi azərbaycanlıdır. Mən də bir çox mənbələri araşdırdım, əsas kimi İsa Hüseynova müraciət etdim və onun qəzəllərindən istifadə etdik. Sırf etik janrında olan bir tamaşadır. “Nəsimi” tamaşasını izləyən tamaşaçılar adət etdiyimiz “Nəsimi” filmindən fərqli bir ssenari və süjet xətti görəcəklər. Bu tamaşa ilə onun bizim əsrə qədər gəlib çatan yaradıcılığını önə çəkməyə çalışdıq. Yetişməkdə olan nəslə onu da çatdıracağıq ki, belə bir şairimiz olub və o, qeyri-adi şəxsiyyət olub”.

Dramaturq vurğuladı ki, bu əsəri “Nəsimi” filmi ilə müqayisə etmək heç də doğru deyil: “Bu tamaşa ilə bizim məşhur “Nəsimi” filmini kölgədə qoymaq kimi fikrimiz yoxdur. Film çox möhtəşəm çəkilib. Ancaq biz də bu tamaşa ilə öz versiyamızı irəli sürdük. Mənə elə gəlir ki, bu, tamaşaçıları maraqlandıra bilər. “Nəsimi” tamaşası Nəsimiyə fərqli bir baxış bucağıdır. Hər kəsin öz Nəsimisi var. Belə ki, dahi Azərbaycan şairinin zəngin yaradıcılığı ilə tanış olduqdan sonra insanların təxəyyülündə bir Nəsimi formalaşıb. Biz isə Nəsiminin daha çox insani keyfiyyətlərini və yaradıcılığını önə çəkdik. Mənə elə gəlir ki, bu heç də pis alınmayıb. Təbii ki, son sözü premyeradan sonra tamaşaçılar deyəcək. Filmdəkindən fərqli olaraq, tamaşanın sonunda da Nəsiminin dərisi soyulmayacaq”.

Sonra tamaşaçılar tərəfindən maraqla izlənən tamaşa nümayiş olundu. Aktyorların məharətli oyunu alqışlarla qarşılandı.

Məlumat üçün bildirək ki, tamaşada rolları teatrın istedadlı aktyorları canlandırır: Nəsimi – Tural Əhməd, Fatma – Hüsniyyə Mürvətova, Zəhra – Zülfiyyə Qurbanova, Əzra – Ülviyyə Rza, Əmir Teymur – İlqar Musayev, Şeyx Əzəm – İsmayıl Atakişiyev, Həmzə – Əhməd Salahov, İbrahim şah – Rafiq İbrahimov, Gövhərşah – Toğrul Rza, Fəzlullah Nəimi – Aydın Əliyev, Yusif – Mehman Abdullayev. Tamaşanın rəssamı İlham Elxanoğludur.

YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından Bakı Bələdiyyə Teatrının kollektivini “İmadəddin Nəsimi” fəlsəfi dram tamaşasının uğurlu premyerası münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.