YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olundu
20.11.2019Bu gün, YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, partiya təşkilatının Rayon Şurası və İdarə Heyətinin üzvləri, partiya veteranları, rayonun idarə və müəssisələrinin nümayəndələri, çoxsaylı qonaqlar, partiya fəalları, gənclər və tələbələr iştirak etdilər.
Tədbirdə ilk öncə, müasir Azərbaycan dövlətinin qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən törədilən terror əməliyyatı nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycanın görkəmli dövlət, siyasət və mədəniyyət nümayəndələrinin, eləcə də ötən müddət ərzində dünyasını dəyişən “91-lər”in və partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına və fəaliyyətinə həsr olunan videofilm nümayiş edildi.
Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından olan və Yeni Azərbaycan Partiyasının yaradılmasında, müstəqil dövlət quruculuğunda yaxından iştirak edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının təsis olunmasını zəruri edən səbəblər, partiyanın təşkilatlanması prosesləri, o dövrdəki çətinliklər və təqiblər haqqında danışaraq qeyd etdi ki, YAP Azərbaycan üçün son dərəcə ağır və gərgin dövrdə tarixi zərurətdən yarandı. Hakimiyyətə küçə eyforiyası ilə gələnlər xalqa rəhbərlik edə bilmədikləri kimi ölkəni də uçurumun kənarına gətirdilər. Siyasi mübarizədə partiya əsas dayaqdır və “91-lər”in Heydər Əliyevə tarixi müraciətindən sonra Yeni Azərbaycan Partiyasının yaranması müasir Azərbaycan dövlətinin qurulmasında həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyevi uzaqgörən siyasətçi, fenomenal yaddaşa malik dahi rəhbər və dünya siyasətinə gözəl bələd olan təkrarolunmaz şəxsiyyət kimi xarakterizə edən komitə sədri vurğuladı ki, Heydər Əliyev Azərbaycan üçün xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi dağılmaqdan, məhv olmaqdan, xaosdan, anarxiyadan qurtardı və Azərbaycanda sabitlik, əmin-amanklıq bərqərar oldu, dinamik sosial-iqtisadi inkişaf üçün şərait yaradıldı. E.İbrahimov Yeni Azərbaycan Partiyasının ötən 27 il ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdıraraq bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP-ın, Azərbaycanın nüfuzu dünyada ildən-ilə yüksəlir. Bu partiyaya insanlar qəlblərinin hökmü ilə, Ulu Öndərə, ölkə başçısına olan sevgilərinə, məhəbbətlərinə, etimadlarına görə gəlirlər. Azərbaycan xalqı uzun illər bu partiyanı qoruyacaq və yaşadacaq. Bayramımız mübarək!
Tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev qeyd etdi ki, 1992-ci ilin 21 noyabr günü Azərbaycan Respublikasının müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olmaqla xalqımızın taleyində son dərəcə əhəmiyyətli hadisənin baş verdiyi əziz tarixi gündür. “Gün o gün olsun ki, partiyamızın 50, 100 yaşını qeyd edək” deyən deputat qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Lideri, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti Azərbaycanı uğurlu gələcəyə aparır. Ölkəmiz möhtəşəm inkişaf yoluna qədəm qoymuşdur, vaxt gələcək Azərbaycan dünyanın ən inkişaf edən ölkələri sırasına çıxacaq, əhalinin ən yüksək rifahı, layiqli həyat səviyyəsi təmin olunacaq, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunacaq, yaxın gələcəkdə biz bu bayram tədbirlərini Xankəndidə, Şuşada, işğaldan azad olunmuş digər torpaqlarımızda qeyd edəcəyik.
Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə Azərbaycanda mövcud olan gərgin ictimai-siyasi vəziyyət, cəmiyyət həyatının bütün sahələrində hökm sürən böhran, tənəzzül, xaos, səriştəsiz idarəetmə, vətəndaş qarşıdurması, ayrı-ayrı silahlı dəstələr arasında gedən hakimiyyət davası, torpaqlarımızın işğalı və Azərbaycanın bölünmə, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qalması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı ki, bütün bu siyasi və sosial bəlalarla yanaşı ölkə eyni zamanda iqtisadi cəhətdən acınacaqlı vəziyyətdə idi. 70 illik ictimai-siyasi, sosial-iqtisadi quruluşun dağıldığı və yeni bazar iqtisadiyyatı sisteminin formalaşma zəruriyyətinin yarandığı dövrdə cəsarətsiz və milli maraqlardan uzaq hakimiyyətin biabırçı, rüsvayçı, xəyanətkar fəaliyyəti və idarəçiliyi Azərbaycanı müstəqilliyinin ilk illərində siyasi xəritədən silinmə və digər güclərin siyasi-iqtisadi vassalına çevrilmə təhlükəsi ilə üz-üzə qoydu.
Azərbaycanın müstəqil dövlətçiliyinin gələcəyinə dair ümidlərin itirildiyi o illərdə xalqımızı təmsil edən cəsur, mərd, millətə, dövlətçiliyə bağlı 91 nəfər Azərbaycan ziyalısının ölkəni düçar olduğu bəlalardan qurtarmaq üçün o dövrdə Naxçıvanda olan Heydər Əliyevə müraciət ünvanladığını vurğulayan millət vəkili bildirdi ki, o cəsur insanlar sırasında olan və Səbail rayonunu təmsil edən altı nəfər – prof. Eldar İbrahimov, prof. Vilayət Əliyev, prof. Allahverdi Hacıyev, prof. Ədalət Fərəcov, prof. Hacan Hacıyev və bu proseslərdə yaxından iştirak edən Rizvan Vahabov bu gün bu zaldadır.
Tədbir iştirakçıları YAP-ın “Qızıl Fondu” olan partiya veteranlarını ürəkdən alqışladılar.
Çıxışına davam edən Ş.Hacıyev “91-lər”in tarixi müraciətdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz qarşısında yerinə yetirdiyi tarixi missiyalar – Yeni Azərbaycan Partiyasının Naxçıvanda 1992-ci il 21 noyabr tarixində təsisi, 1993-cü il 15 iyun tarixində ölkə rəhbərliyinə qayıdığı və cəmi 10 il ərzində Azərbaycanı düşdüyü bəlalardan xilas edərək inkişaf, tərəqqi yoluna çıxartması, müasir Azərbaycanın iqtisadi strategiyasının təməllərini təşkil edən “Əsrin Müqaviləsi”nin 1994-cü il 20 sentyabr tarixində imzalanması, cəmiyyətdə bütün münasibətlər sistemini tənzim edən və Heydər Əliyevin adı ilə bağlı olan Konstitusiyanın 1995-ci il 12 noyabr tarixində qəbulu, bütün sosial-iqtisadi sahələrdə həyata keçirilən sistemli islahatlar, bir sözlə Ümummilli Liderin müstəqil Azərbaycan dövlətini qurub yaratması, dinamik inkişaf edən ölkəni Azərbaycan xalqına miras qoyması və sağlığında ən layiqli davamçısını müəyyənləşdirməsi haqqında geniş danışdı.
Öz dövründə xalqı, milləti, dövləti üçün bu qədər taleyüklü nəhəng işlər görən, sözün əsl mənasında cəsarət, şücaət göstərən ikinci şəxsiyyətin olmadığını xüsusi vurğulan deputat 2003-cü ildən sonra ölkə başçısı cənab İlham Əliyevin müdrik, uzaqgörən və müstəqil idarəçiliyi nəticəsində Azərbaycanın ötən 17 il ərzində keçdiyi möhtəşəm, dinamik inkişaf yoluna diqqət çəkərək bildirdi ki, bu dövrdə ölkəmiz sözün əsl mənasında qüdrətli, güclü ölkəyə çevrildi. Bu gün Azərbaycan ordusu döyüş qabiliyyətinə, təchizatına görə dünyanın 50 ölkəsindən biridir, Azərbaycan beynəlxalq aləmdə islahatçı ölkə kimi tanınır, cənab Prezidentin ölkədaxili və xarici siyasəti dünyada, beynəlxalq təşkilatlar, eləcə də Azərbaycan vətəndaşları tərəfindən təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə yüksəlir, son dövrlərdə həyata keçirilən sosial proqramlar ölkəmizdə mövcud olan xalq-iqtidar birliyini daha da möhkəmləndirib və sarsılmaz edib.
Bütün bu görülən işlərdə ölkəmizdə əldə olunan misilsiz nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının müstəsna yerini və rolunu xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, partiyamız ötən 27 il ərzində şərəfli yol keçib, həm kəmiyyət, həm keyfiyyət baxımından sıralarını genişləndirib. Bu gün 750 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında 350 min nəfərdən çox, üzvlərin təxminən 44%-i gənclərdir. Partiyamızın fəaliyyəti ildən-ilə təkmilləşir, modernləşir, siyasi mübarizədə ən müasir texnologiyalardan istifadə olunur. Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət gətirdi, sivil siyasi mübarizə məktəbi, idarəçilikdə yeni model, imic yaratdı. Bu gün partiya sıralarında Azərbaycanın ən işıqlı ziyalıları cəmləşib, gənc, orta və yaşlı nəslin gözəl bağlılığı və qarşılıqlı əməkdaşlığı formalaşıb. Millət vəkili vurğuladı ki, nə qədər Azərbaycan var müstəqil Azərbaycanın qurucusu, memarı Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun yaratdığı Yeni Azərbaycan Partiyası da yaşayacaq. Azərbaycan üçün yeganə düzgün yol olan Heydər Əliyev siyasəti bu gün təkmilləşərək tamamilə yeni keyfiyyət müstəvisində dünyada və ölkəmizdə gedən ictimai-siyasi proseslər nəzərə alınmaqla uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı firavan, xoşbəxt gələcəyə və böyük uğurlara aparır. Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın Ulu Öndər Heydər Əliyev ideyaları! Yaşasın Azərbaycanı firavan gələcəyə, yeni uğurlara aparan partiyamızın Lideri cənab İlham Əliyev!
YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Səbail rayon “Ailə problemləri” ərazi ilk partiya təşkilatının sədri Sədaqət Qəhrəmanova 1992-ci ildə Azərbaycan xalqının məhz Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdiyini vurğulayaraq qeyd etdi ki, insanlar bu partiyaya Heydər Əliyev partiyası kimi baxırdılar, bu səbəblə də Azərbaycanın müstəqil dövlətçiliyi üçün ən taleyüklü məqamda ölkənin xilası üçün milli birlik yarandı. Bildirildi ki, bu gün gənclər dövlətimizin, millətimizin gələcək inkişafını düşünərək Yeni Azərbaycan Partiyası sıralarına gəlməlidirlər, biz bir yumruq kimi birləşərək dövlətimizi həm daxildəki, həm xaricdəki düşmənlərdən qorumalıyıq və bu yolda lazımi fədakarlığı göstərməyə hazır olmalıyıq.
YAP Səbail rayon “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fakültə dekanı prof. Elçin Əhmədov Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövrünü geniş təhlil edərək Ümummilli Liderin hələ SSRİ-nin varlığını davam etdirdiyi illərdə müstəqillik yolunda atdığı cəsarətli addımları, qərarları, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən ictimai-siyasi prosesləri, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsini, ölkədə rəhbərliyə qayıtdıqdan sonra həyata keçirdiyi mühüm və təxirəsalınmaz qərarları xronoloji ardıcıllıqla tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yeni Azərbaycan Partiyasının çox ağır və keşməkeşli sınaqlardan çıxdığını və şərəfli inkişaf yolu keçdiyini vurğulayan E.Əhmədov bildirdi ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla, dinamik şəkildə, novatorcasına və dövrün tələblərinə uyğun ləyaqətlə həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, qitənin siyasi-iqtisadi arxitekturasına öz layiqli töhfələrini verir. Yeni Azərbaycan partiyası ətrafında cəmləşmiş fədakar insanlar, xüsusilə gənclər qarşımızda duran məsuliyyətli vəzifələri dərk etməli, partiyamızı qorumalı, Prezidentimizin ətrafında sıx birləşməli və Azərbaycan həqiqətlərini dünyaya yayaraq bədnam qonşularımıza qarşı mübarizədə iştirak etməlidirlər. Bu yolda hamıya uğurlar arzu edən E.Əhmədov hər kəsi bayram münasibətilə ürəkdən təbrik etdi.
YAP Səbail rayon təşkilatının gənc fəalı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə gənclərin Yeni Azərbaycan Partiyasındakı rolu, mədəni-kütləvi tədbirlərdəki və sosial mediadakı fəaliyyəti haqqında danışdı. Sağlam Azərbaycan gəncliyinin, xalqına, dövlətinə bağlı gənclərin bu partiya sıralarında cəmləşdiyini, ölkə başçısının siyasəti ətrafında birləşdiyini və təsadüfi şəxslərə qətiyyən etimad etmədiklərni vurğulayan C.Adilzadə müasir dövrdə gənclərin üzərinə düşən yüksək məsuliyyəti və qarşıda duran vəzifələri xüsusi qeyd etdi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında partiyanın ərazi ilk partiya təşkilatının uzun müddət sədri olmuş Yusif Zeynalov bu sahədəki fəaliyyətinə görə YAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu.
”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti
”İki Sahil” qəzeti