YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi

Noyabrın 27-də YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi.

İclasda 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat və təşviqat kampaniyasının təşkili və bununla bağlı rayon partiya təşkilatının vəzifələri müzakirə olundu, cari məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev respublikamızın ictimai-siyasi həyatında gedən proseslər, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın 20-25 noyabr 2019-cu il tarixlərindəki Rusiya Federasiyasına rəsmi səfəri, səfər çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə tarixi görüşləri, Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda diplomatik çıxışı və TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya verdiyi müsahibələri, bu səfərin və keçirilən görüşlərin əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətlərinin və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın inkişaf perspektivlərindəki rolu haqqında geniş məlumat verdi. Deputat vurğuladı ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Rusiya münasibətlərinin inkişafında və möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri və son uğurlu səfərinin nəticəsində ölkələrimiz arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Rusiyanın Azərbaycana olan münasibətinin son zamanlar daha da yaxşılaşması və qarşılıqlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaxın gələcəkdə real addımlar atılacağına dair ümidlərimizi artırır. Rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva bütün görüşlərində Qarabağ problemini diqqət mərkəzində saxlayaraq bu istiqamətdə geniş müzakirələr aparmışdır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiya Federasiyasına son səfəri müstəqillik illərində Azərbaycan diplomatik tarixində yeni dövrün başlanğıcı olacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakını xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, möhtərəm Prezidentimizin gənclər önündəki möhtəşəm tarixi nitqi cəsarətli, sərt, dərin məzmunlu çıxış olmaqla yeni dövrün inkişaf konsepsiyasını, proqramını özündə ehtiva edir. Ölkə başçısının dediyi hər cümləni ürəkdən alqışlamaq istədiklərini vurğulayan deputat diqqətə çatdırdı ki, cənab Prezident bu tarixi çıxışında həm dünyanın super güclərinə, həm mənfur qonşularımıza ciddi mesajlar göndərdi, Azərbaycan tarixçiləri və gəncləri qarşısında taleyüklü vəzifələr qoydu. “Biz tariximizi dərindən öyrənməli, bilməli, milli adət-ənənələrimizi qorumalıyıq. Ölkəmizdə həyata keçirilən son institusional struktur dəyişikləri nəticəsində gənclərə geniş fəaliyyət meydanı təqdim olunub. Bununla belə, bütün görülən işlərdə yaşlı-orta-gənc nəslin uğurlu tandemi tətbiq olunur, hər kəs bacarığı, biliyi, təcrübəsi qədər müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi naminə ölkəmizdə aparılan quruculuq işlərinə öz töhfəsini vermək üçün imkanlar əldə edir. Düşünürəm ki, möhtərəm Prezidentimizin bu tarixi məruzəsindən irəli gələn vəzifələrlə bağlı gənclərimizin iştirakı ilə xüsusi iclas keçirək, müzakirələr aparaq, qarşıya qoyulmuş vəzifələrə dair gənclərimizin, ağsaqqallarımızın fikirlərini dinləyək.” deyən Ş.Hacıyev vurğuladı ki, hər bir Azərbaycan vətəndaşı biliyindən, bacarığından var gücüylə istifadə edərək bu ölkəni daha da qüdrətləndirmək, cəmiyyətmizdə mövcud olan xalq-iqtidar birliyini daha da möhkəmləndirmək, möhtərəm Prezidentimizin ətrafında sıx birləşmək və yeganə problemimiz – işğal altında olan torpaqlarımızı geri qaytarmaq istiqamətində əzmkarlıqla çalışmalıdır.

Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Ş.Hacıyev bildirdi ki, 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına 30 noyabr tarixində start veriləcək. YAP Səbail rayon təşkilatında təşviqat kampaniyası ilə bağlı bütün hazırlıq işləri tamamilə başa çatıb. Rayon üzrə Səbail, Badamdar, Bibi-heybət bələdiyyələrinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər təsdiq olunub, YAP namizədlərinin təşviqat materialları çap olunub. Təşviqat müddətində Səbail rayonunda hər üç bələdiyyə ərazisində yaşayan sakinlərlə, eləcə də cəmiyyətin bütün təbəqələrindən olan seçicilərlə, gənclərlə, o cümlədən ilk dəfə səs verəcək gənclərlə, qadınlarla, müharibə veteranları və şəhid ailələri ilə mütəmadi görüşlər keçiriləcək. YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təşviqat qrupu da artıq müəyyən olunub, görüşlərin qrafiki tərtib olunub. Sədr İdarə Heyətinin və YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvlərini bütün bu işlərdə, seçicilərlə keçirilən görüşlərdə yaxından iştirak etməyə dəvət etdi. Bələdiyyə seçkilərinə hazırlıq işləri qənaətbəxş qiymətləndirildi.

Çıxış edən İdarə Heyətinin üzvü Kamil Qafarov iclas iştirakçılarının diqqətinə çatdırdı ki, “Səs” qəzetinin 26.11.2019-cu il tarixli nəşrində 18 nəfər məşhur “91-lər”in, o cümlədən YAP Səbail rayon təşkilatından olan 9 nəfər ziyalının imzası ilə ölkə Prezidenti cənab İlham Əliyevə ”Xalq Sizi dəstəkləyir” başlıqlı müraciəti dərc olunmuşdur.

Ş.Hacıyev və K.Qafarov İdarə Heyətinin üzvləri adından bu mühüm hadisə münasibətilə görkəmli filoloq alim, tanınmış ictimai-siyasi xadim, YAP Siyasi Şurasının və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, ADPU rektorunun müşaviri, Əməkdar müəllim professor Vilayət Əliyev başda olmaqla bütün “91-lər”i ürəkdən təbrik etdilər.

Təbrik və xoş sözlər üçün təşəkkür edən professor Vilayət Əliyev bildirdi ki, Azərbaycanın qeyrətli oğulları olan “91-lər”in Yeni Azərbaycan Partiyasının yaradılmasında və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olmuşdur. Professor diqqətə çatdırdı ki, son dövrdə respublikamızın ictimai-siyasi həyatında gedən proseslərlə bağlı ölkə başçısına müraciət ünvanlanması təşəbbüsü ilə çıxış edəndə məqsədi bu idi ki, hər kəs bir daha əmin olsun ki, o dövrdə olduğu kimi, “91-lər” bu gün də Azərbaycan dövlətçiliyini və Prezidentini istənilən təhlükədən qorumağa hazırdırlar. Azərbaycan ziyalısı Azərbaycan xalqı adından danışmaq haqqına sahibdir və xalq bu gün ölkəmizin sabitliyinin, firavan gələcəyinin təminatçısı olan cənab İlham Əliyevi dəstəkləyir, xalq-iqtidar birliyini qoruyub, qoruyur və qoruyacaq.

“91-lərin” tarixi xidmətlərini bir daha qeyd edən Ş.Hacıyev bu şərəfli missiya münasibətilə ziyalılarımızı bir daha təbrik etdi və iclasa yekun vurdu.