Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirildi
28.11.2019Noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirildi.
Açılış mərasimində Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak, Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlər, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik korpus nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri prof. Şəmsəddin Hacıyev və digər dəvət olunan qonaqlar iştirak etdilər.
Tədbirdə əvvəlcə uşaq xorunun ifasında Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirildi.
Sonra Miroslav Layçak və Ramiz Həsənov səfirliyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Çıxış edən Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak səfirliyin açılmasının ölkəsi ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini söylədi. “Azərbaycanın potensialını bilirdik, buna görə də burada səfirlik açmaq qərarına gəldik. Biz iqtisadi sahədə daha intensiv fəaliyyət göstərməyə hazırıq. İqtisadi qanunvericilik bazasının qurulmasında prosesləri sürətləndirməli – sərmayəçiləri və biznesmenləri sahibkarlıq fəaliyyətlərinə daha da ruhlandırmalıyıq. Biz birbaşa biznes əlaqələrinə dəstək verməyə və yeni biznes platformalarını üzə çıxarmağa hazırıq. Bizim xalqlarımız oxşardırlar, onlar dostluq əlaqələrimizin və insani münasibətlərimizin təməlini qoyanlardı. Buna görə də insanlara daha yaxın olan təhsil, gənclər mübadiləsi, səhiyyə və turizm kimi sahələrdə yeni əməkdaşlıq imkanları üzrə çıxarmağa maraqlıyıq”, – deyə nazir qeyd etdi.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ölkəmizdə Slovakiya səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğuladı. O bildirdi ki, Azərbaycan tərəfi səfirliyin səmərəli fəaliyyəti üçün lazımi dəstək göstərməyə hazırdır. Azərbaycanın Slovakiya ilə əlaqələrə önəm verdiyini vurğulayan nazir müavini qeyd etdi ki, iki ölkə arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. “Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında bir sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Bu sazişlər iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin etibarlı hüquqi təməlini yaradıb. Bununla yanaşı, ölkələrimiz arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur”, – deyə nazir müavini bildirdi ki, bu imkanlardan səmərəli istifadə olunması istiqamətində bundan sonra da birgə səylər göstəriləcək.
Qeyd edək ki, Slovakiyanın Azərbaycanda səfirliyi bu ilin oktyabrın 1-dən fəaliyyətə başlayıb.