YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

Bu gün, 23 dekabrda keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda ilk dəfə səs verəcək gənclərlə “Xalq üçün” şüarı altında görüş keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, rayon üzrə Səbail, Badamdar, Bibi-heybət bələdiyyələrinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvləri və 200-ə yaxın ilk dəfə səs verəcək gənclər iştirak etdilər.

Çıxış edən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev yerli idarəetmə institutu olan bələdiyyə orqanlarının fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verdi. İlk dəfə səs vermək hüququndan istifadə etməyin hər bir gəncin, Azərbaycan vətəndaşının həyatında önəmli və yaddaqalan hadisə olduğunu qeyd edən deputat hər kəsi seçki kampaniyasında fəal iştirak etməyə və 23 dekabrda səsvermə məntəqələrinə gələrək siyasi mövqelərini nümayiş etdirməyə, bələdiyyə seçkilərində xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə dəvət etdi.

Son illər, xüsusilə 2018-ci ildən etibarən Azərbaycanın ictimai, iqtisadi, humanitar, sosial həyatının istisnasız olaraq bütün sahələrində, hakimiyyətin bütün qollarında, o cümlədən mərkəzi idarəetmə sistemində əsaslı islahatların, institusional və struktur dəyişikliklərin həyata keçirilməsi haqqında görüş iştirakçılarına geniş məlumat verən millət vəkili qeyd etdi ki, aparılan bu əsaslı islahatlarda, struktur dəyişikliklərində başlıca məqsəd çevik, müasir tələblərə, çağırışlara cavab verən idarəetmə sisteminin yaradılması, idarəetmə xərclərinin minimuma endirilməsi, bütün qurumlarda təmsil olunan gənclərin xüsusi çəkisinin yüksəldilməsi, ixtisaslı kadrların yenilənməsidir.

Azərbaycanda bələdiyyə institutunun yaradılması, fəaliyyət mexamizminin formalaşması, dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiya və subvansiyaların ilbəil artan həcmi, bələdiyyələrin gəlirlərinin mənbələri və xərclərinə nəzarət mexanizmləri, bələdiyyə işçilərinin, üzvlərinin statusu və hüquqları haqqında danışan Ş.Hacıyev bildirdi ki, 1999-cu ildə keçirilən birinci bələdiyyə seçkilərindən ötən müddət ərzində Milli Məclis tərəfindən bələdiyyələrin fəaliyyətini tənzimləyən 30-dan çox qanun qəbul olunmuş və 500-dən çox normativ sənəd təsdiq olunmuşdur. Ölkəmizdə bələdiyyələrin tam işlək mexanizminin qurulması üçün zəruri olan normativ-hüquqi baza tam formalaşmışdır və beynəlxalq standartlarla uyğunluq təşkil edir. Bələdiyyələrin cəmiyyətdə rolunun bundan sonra da artacağını qeyd edən deputat vurğuladı ki, yerli idarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətində də əsaslı islahatların həyata keçirilməsi olduqca vacibdir, bələdiyyələrin işi tamamilə yeni tələblər səviyyəsində qurulmalıdır. Bu səbəblədir ki, bu seçkilərdə YAP namizədləri sırasında qadınların və gənclərin xüsusi çəkisi yüksəkdir. Səbail rayonundan bələdiyyələrə namizədliyi irəli sürülən 41 nəfərin 56%-indən çoxu gənc, 44%-ə yaxını isə qadınlardır. Bu seçkilərdə seçiləcəkləri təqdirdə gənclər və qadınlar bələdiyyə işinin təkmilləşdirilməsi üçün yaradıcı, dövrün tələbləri, yenilikləri ilə ayaqlaşan layihələr hazırlamalı və əhalinin, sakinlərin yaşayış şəraitinin, rahatlığının təmini üşün daha çox çalışmalıdırlar. Bu işlərdə Yeni Azərbaycan Partiyası namizədlərinə uğurlar arzu edən Ş.Hacıyev Səbail rayon gəncləri bu proseslərdə yaxın iştirak etməyə və seçki günü yüksək seçici fəallığı nümayiş etdirməyə çağırdı.

Gəncləri seçkilərdə maksimum fəal olmağa çağıran YAP Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışdı və qeyd etdi ki, bu gün gənclərə böyük etimad göstərilir. Vurğulandı ki, ölkəmizdə bələdiyyə institutunun inkişafında və bu sahədə görülən işlərdə gənclərin böyük rolu vardır. 1999-cu ildə keçirilən seçkilərdə bələdiyyələrə irəli sürülmüş namizədlər sırasında gənclərin cəmi 3% təşkil etdiyini, bu ilki seçkilərdə isə bu göstəricinin 50%-ə yüksəlməsini mütərəqqi hal kimi qiymətləndirən S.Orucov bildirdi ki, Azərbaycan xalqı 1993-cü ilin 3 oktyabr tarixindən etibarən keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını dəstəkləmişdir. Bu da təsadüfi deyildir, çünki Yeni Azərbaycan Partiyasının Nizamnamsəində də, Proqramında da partiyanın başlıca amalının Azərbaycanın inkişafı, tərəqqisi naminə çalışmaq, güclü, inkişaf etmiş Azərbaycan qurmaq və əhalinin sosial rifahını ilbəil yüksəltməkdən ibarət olduğu qeyd olunmuşdur. Fərəhləndirici haldır ki, Ümummilli Liderimiz Heydər Əliyev və Onun siyasətini layiqincə, uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Yeni Azərbaycan Partiyasının bu vədlərini ötən dövrdə artıqlaması ilə doğrultmuş və müstəqil Azərbaycan dövlətçiliyini əbədi etmişlər. YAP Gənclər Birliyinin sədri vurğuladı ki, Azərbaycan gəncləri müasir, qüdrətli, dinamik inkişaf edən, dünyada söz sahibi olan və qlobal iqtisadi layihələr icra edən Azərbaycanla, ölkə başçısının gördüyü işlərlə, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusilə sosial-humanitar sahədə, əhalinin problemlərinin həlli istiqamətindəki humanist fəaliyyəti ilə fəxr edirlər və bu siyasəti dəstəkləyirlər. Yeni Azərbaycan Partiyasını güclü edən bu faktorlardır. Odur ki, 23 dekabrda səsvermə məntəqələrinə gələk və xalq üçün YAP namizədlərini dəstəkləyərək qələbələrimizə daha birini əlavə edək.

Görüşdə Bibi-heybət bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Məmmədov Elmar Eldar oğlu, Ələkbərova Nərgiz Yavər qızı, Sadıqov Rəşad Əsəd oğlu, Mustafayev Nəcəf Rasim oğlu, Səbail bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Aslanov Səmədağa Seyidaslan oğlu, Allahyarlı Nihad Vüqar oğlu, Yusubov Cavid Rövşən oğlu, YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Fidan Abbasova və Qərbi Kaspi Universitetinin I kurs tələbəsi Elnur Məhəmmədli çıxış etdilər. Bütün natiqlər Səbail rayonu gənclərinin hər zaman bütün ictimai-siyasi proseslərdə öncül rolunu qeyd edərək əminliklərini ifadə etdilər ki, Yeni Azərbaycan Partiyası indiyədək bütün seçkilərdə olduğu kimi bu Bələdiyyə seçkilərində də növbəti möhtəşəm qələbəsini qazanacaqdır.

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər yekdilliklə ən layiqli namizədlər olan Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini vurğuladılar.

SəsTV

”İki Sahil” qəzeti
”Yeni Azərbaycan” qəzeti
”Səs” qəzeti
yap.org.az