Səbail rayonunda Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbir keçirildi
25.12.2019Dekabrın 25-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “ƏBƏDİYYƏT ÜFÜQÜNDƏ DOĞAN GÜNƏŞ” adlı ədəbi-bədii tədbir keçirildi.
Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə respublika ictimaiyyəti nümayəndələri, ziyalılar, dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Səbail rayonunun ictimai-siyasi, elm-təhsil, sosial-iqtisadi, incəsənət və mədəniyyət sahələrini təmsil edən idarə və təşkilatların nümayəndləri, Yeni Azərbaycan Partiyasının fəalları, Nəsimi yaradıcılığının tədqiqatçıları, Nəsimi sevərlər, çoxsaylı qonaqlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Briliyinin Səbail rayon təşkilatının sədri, AMEA-nın Zoologiya İnstitutunun dosenti, İnstitutun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova və Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz açıq elan etdilər. Qeyd olundu ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda elan olunmuş “Nəsimi ili” çərçivəsində həm ölkəmizdə, həm ölkə hüdudlarından kənarda Nəsimi yaradıcılığına həsr olunmuş çoxsaylı yubiley tədbirləri keçirilmişdir. Nəsimi işığına yığışanların bütün il ərzində keçirdiyi tədbirlər, konfranslar Azərbaycan cəmiyyətində Nəsimi ruhunu yüksəltmişdir. Bu gün Azərbaycan cəmiyyəti Nəsiminin istədiyi kimi vahid bədəndə öz vəhdətini, həmməqsədliliyini, həmrəyliyini əldə etmiş və kamil cəmiyyət kimi formalaşmışdır.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, bugünkü tədbir Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində Səbail rayonunda keçirilən və Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti silsilə tədbirlərdən biridir.
Respublikamızın ictimai-siyasi həyatında gedən zəngin siyasi, iqtisadi, sosial proseslər, aparılan sistemli kadr və struktur islahatları haqqında danışan deputat qeyd etdi ki, 2019-cu il müstəqil Azərbaycanın tarixində böyük dəyişikliklər və əsaslı islahatlar ili kimi daxil olacaq. Bu il ərzində Azərbaycanda iqtisadi və hərbi cəhətdən qüdrətli, sosial rifah dövləti quruculuğu istiqamətində mühüm işlər görülmüş, ciddi nailiyyətlər əldə olunmuşdur. Vurğulandı ki, bir neçə gün öncə ölkəmizdə növbəti bələdiyyə seçkiləri uğurla, tam şəffaf və demokratik əsaslarla, Seçki Məcəlləsinə uyğun keçirildi. Yeni Azərbaycan Partiyasını və yeni seçilmiş bələdiyyə üzvlərini təbrik edən millət vəkili əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının üzvləri gələcəkdə də cənab Prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün əllərindən gələni edəcəklər.
Dünən Yeni Azərbaycan Partiyasının Lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum günü olduğunu xüsusi qeyd edən Ş.Hacıyev xalqımız üçün böyük hadisə olan bu əlamətdar tarix münasibətilə cənab Prezidenti YAP Səbail rayon təşkilatının çoxminli üzvləri, bütün Səbaillilər adından bir daha ürəkdən təbrik etdi və ölkə başçısına istər ölkədaxilində, istər beynəlxalq səviyyədə qüdrətli Azərbaycan naminə, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə aparılan misilsiz işlərdə uğurlar, ən başlıcası isə möhkəm cansağlığı və sağlam uzun ömür arzuladı.
Azərbaycanın böyük mütəffəkkir şairi Nəsiminin zəngin yaradıcılıq dünyasını bitib-tükənməyən kamillik və fəlsəfi fikirlər okeanına bənzədən deputat bildirdi ki, Nəsimi şerinin, fəlsəfəsinin, ideyasının dərinliyini dərk etmək seçilmiş insanlara məxsusdur. Hər kəs öz təfəkkürü, biliyi səviyyəsində Nəsimi dünyasını və fikirlərini başa düşür, şərh edir. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi Nəsimi dünyavi şair olmaqla hələ XIV-XV əsrlərdə cəmiyyətdə yeni fikir cərəyanları yaratmaqla hürufilik məktəbini yeni keyfyyət mərhələsinə ucaltmışdır.
Nəsiminin müasir dövrdə Azərbaycanda tanınması və layiq olduğu mövqeyə sahib olmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri və milli-mənəvi dəyərlərimizə, tariximizə göstərilən diqqət və qayğının dövlət siyasəti səviyyəsində eyni həssaslıqla ölkə başçısı cənab İlham Əliyev və Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tərəfindən davam etdirilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verən millət vəkili vurğuladı ki, klassik dünya ədəbiyyatında iz qoymuş Nəsimi yaradıcılığı təəssüflər olsun ki, Sovet dövründə Azərbaycanda ciddi təhrif olunmuş və ateizm ruhunda təbliğ olunmuşdu. 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirilməsi, daha sonra tarixi filmin çəkilməsi, mütəfəkkir şairin Bakının mərkəzində abidəsinin ucaldılması dahi şəxsiyyətin xatirəsinin əbədiləşməsində mühüm rol oynadı və bütün dünyaya sübut etdi ki, Nəsimi dünyavi şair olsa da azərbaycanlıdır və məhz ölkəmizin ən qədim və siyasi-mədəni mərkəzlərindən birində – Şamaxıda doğulub, boya-boşa çatmış, bəşəriyyətin fəlsəfi şer tarixində əbədiyaşar izlər qoymuşdur.
Ş.Hacıyev Nəsimini Azərbaycan cəmiyyətinə, gənc nəsilə olduğu kimi təqdim etmənin əhəmiyyəti haqqında danışaraq bildirdi ki, Allaha, dinimizə bağlı mütəfəkkir şair olan Nəsimi yaradıcılığında insan, onun kamilliyi, mənəvi dünyası, söz və ruh azadlığı qızıl hərflərlə qeyd olunur. Şairin həyatı, insani keyfiyyətləri, öz ana dilində yazdığı şerlər, bəşər xəzinəsinə, Azərbaycan divan ədəbiyyatı və şeriatı tarixinə bəxş etdiyi böyük töhfələr və zəngin yaradıcılığı haqqında gələcəkdə də çox tədqiqatlar aparılacağına, yeni əsərlər yazılacağına, filmlər çəkiləcəyinə dair əminliyini ifadə edən deputat qeyd etdi ki, nə qədər Azərbaycan var, Vətənimizin görkəmli mədəniyyət xadimləri, şəxsiyyətləri yaddaşlarda qalacaq və onların xatirəsi, yaradıcılığı yaşadılacaqdır. Biz fəxr edirik ki, Nəsimi məhz Azərbaycan türküdür və bütün bəşəriyyətin ədəbiyyat xəzinəsində özünəməxsus yeri olub, var və olacaqdır.
AMEA-nın Humanitar Elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli 2019-cu ildə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması haqqında danışaraq bildirdi ki, bu il keçirilən yubiley tədbirləri nəticəsində bütün dünyada Nəsiminin bəşəriyyət qarşısındakı xidmətlərini qiymətləndirənlərin, ümumiyyətlə Nəsimişünasların, Nəsimini oxumağa və dərk etməyə çalışanların sayı artdı, bu da çox təqdirəlayiq haldır. Çünki, Nəsimi bütün varlığı ilə, sənəti ilə kainatın sirrlərini açmaq, insana layiq olduğu ləyaqətli həyatı yaşatmaq üçün həyatın mənasını axtarmış və insanın ömürboyu kamilləşmək üçün öz üzərində çalışmasının əhəmiyyətinə diqqət çəkmişdir. Bu dəyərlərin bu gün də aktual olduğunu vurğulayan akademik bildirdi ki, Azərbaycan xalqının, ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizə sahib çıxmasının nəticəsidir ki, dünyada gedən bütün dağıdıcı proseslər və cəmiyyətlərdə müşahidə olunan mənəvi deqradasiya ilə müqayisədə Azərbaycan sabitlik adası kimi öz yolu ilə dinamik dayanıqlı inkişafını davam etdirir.
Nəsiminin yubileyi, bu əlamətdar bayram münasibətilə bütün Nəsimi sevərləri təbrik edən Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, filologiya elmlər doktoru professor Qəzənfər Paşayev Nəsiminin doğma dilinə olan sevgisi, məhəbbəti haqqında danışaraq bildirdi ki, Nəsimi şerlərini doğma dili olan Azərbaycan dilində yazaraq dilimizi o dövrdə hakim olan fars və ərəb dili səviyyəsinə yüksəltdi. Bu, böyük hünər olmaqla yanaşı Nəsiminin vətənpərvərliyinin təzahürü idi. Vurğulandı ki, xalq dilindən gələn ibarələrlə zəngin olan Nəsimi yaradıcılığı şairdən sonra gələn bir çox görkəmli sənətkarın yaradıcılığına təsir etdi.
Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdəmir yaradıcılığı və əsərlərində ifadə etdiyi ideyaları ilə bəşəriyyətin ədəbiyyat və fikir tarixində əbədi olaraq yaşayacaq Nəsimi şəxsiyyətini geniş təhlil edərək bildirdi ki, insan başqa dünyaya aid olan ruhunu daima Nəsiminin əsərlərində diqqət çəkdiyi mənəvi dəyərlərlə zənginləşdirməli və çıxdığı kamillik yolculuğunda şəxsiyyət kimi formalaşmağa çalışmalıdır.
Nəsiminin bəşər xəzinəsinə bəxş etdiyi və Türk mənəviyyatını zənginləşdirən nadir incilərdən danışan Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Məsələləri üzrə katibi İlqar Fəhmi Nəsiminin Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətləri, Nəsimi ilə Şah İsmayıl Xətai arasında üstad-davamçı münasibətləri haqqında tədbir iştirakçılarına məlumat verdi. Qeyd olundu ki, Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətinə, qızılbaşlara güclü mənəvi-ideoloji baza tələb olunurdu və bu bazanı məhz Nəsimi və hürufilik təşkil etmişdir.
“Nəsimi” filmində rol alan Əməkdar İncəsənət Xadimi, Respublikanın xalq artisti Əbdül Mahmudov filmin çəkilişi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq Ulu Öndər Heydər Əliyevin Sovetlər dövründə Nəsimi yaradıcılığının tərənnümü istiqamətindəki qəbul etdiyi qərarlar haqqında danışdı. Aktyor diqqətə çatdırdı ki, Nəsimi obrazına və fəlsəfi fikrinə istinad edən müqəddəs yol bu gün də Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynayır. Nəsimi böyük türk mədəniyyətinin və Azərbaycan xalqının mədəniyyət daşıyıcısı idi. Xalqımızın ziyalıları bu dəyərlərin qorunması üçün gənclərə müsbət örnək təqdim etməlidirlər.
Tədbirin bədii hissəsində respublikamızın xalq və əməkdar artistləri, görkəmli incəsənət xadimləri, qiraət ustaları çıxış etdilər. Sənətkarların möhtəşəm ifası və musiqiçilərin Nəsimi irsini tərənnüm edən musiqiləri tədbir iştirakçılarına xoş anlar yaşatdı və böyük rəğbətlə qarşılandı.
Tədbirdə Azərbaycan əsilli, tanınmış musiqiçi Sami Yusifin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyası və “Nəsimi” filmindən videoçarxlar nümayiş etdirildi. Foyedə xüsusi olaraq hazırlanmış guşədə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş və Seyid İmadəddin Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi nümayiş etdirildi.
Sonda tədbirin rəsmi və bədii hissəsinin iştirakçılarına Fəxri Fərmanlar təqdim olundu.
”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti
AzərTAC
yap.org.az
sia.az
yeniazerbaycan.com
atributinfo.az