YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

08 yanvar 2020-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə heyətinin iclası keçirildi.

İclasda Azərbaycan Respublikasında 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilər ilə əlaqədar hazırlıq işləri və bununla əlaqədar qarşıda duran vəzifələr və digər cari məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul olundu.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycan Respublikasında 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilər ilə əlaqədar hazırlıq işləri və bununla əlaqədar qarşıda duran vəzifələr haqqında iclas iştirakçılarına ətraflı məlumat verərək VI çağırış Milli Məclisinə keçiriləcək seçkilər üçün Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynova Aytən Arif qızını iclas iştirakçılarına təqdim etdi. Bildirildi ki, A.Hüseynova Səbail rayonunda imzatoplama mərhələsini uğurla başa çatdırıb, imza vərəqələri Seçki Məcəlləsinin prosedur qaydalarına uyğun olaraq tamamlanaraq vaxtında Dairə Seçki Komissiyasına təqdim olunub və 29 saylı Səbail seçki dairəsi üzrə A.Hüseynovanın namizədliyi artıq qeydə alınıb. Sədr YAP namizədinə seçki prosesində uğurlar arzu etdi.

VI çağırış Milli Məclisinə keçiriləcək seçkilər üçün Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynova Aytən Arif qızı Sədr başda olmaqla İdarə Heyətinin üzvlərini salamladı və tərcümeyi-halı, partiya sıralarındakı ictimai-siyasi fəaliyyəti, eləcə də deputat seçiləcəyi təqdirdə rayonda görəcəyi işlər haqqında məlumat verdi. İmzatoplama mərhələsində ona göstərilən dəstəyə və köməkliyə görə rayon partiya təşkilatına təşəkkür edən A.Hüseynova rayon ərazisində seçicilərlə görüşüb dəstək imzalarını yığan zaman sakinləri narahat edən problemlər haqqında məlumat topladığını və gələcək fəaliyyətini də bu istiqamətlərdə quracağını nəzərə çatdırdı.

A.Hüseynovaya bir daha uğurlar diləyən Sədr vurğuladı ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi seçki kampaniyasında YAP-ın vahid namizədini bütün resursları ilə dəstəkləyəcək və biz çalışacağıq ki, 29 saylı Səbail seçki dairəsi üzrə məhz YAP-ın namizədi mandat alsın və Milli Məclisdə təmsil olunsun.

Sonra gündəlikdə duran cari məsələlər ətrafında geniş müzakirələr aparıldı. İclasda YAP Səbail rayon təşkilatı sədrinin müavinləri Əhliman Qarayev, Mehman İsmayılov, Afət Xanbabayeva, İdarə Heyətinin üzvləri Rizvan Vahabov, Hacan Hacıyev, Zenfira Məmmədova, Təranə Kərimova, Səbuhi Gülməmmədov, Sara Xanlarova, Rəşid Hüseynov Himalay Qasımov çıxış etdilər. Ətraflı müzakirələrdən sonra İdarə Heyəti tərəfindən müvafiq qərarlar qəbul olundu.