YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi

Yanvarın 17-də Səbail rayonu 132-134 saylı Təhsil Kompleksində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxışında qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının tarixinə faciəvi, eyni zamanda qəhrəmanlıq günü kimi daxil oldu. Əliyalın, dinc Bakı sakinləri üzərinə təpədən-dırnağadək silahlanmış ordunun yürüdüldüyü o məşum gecədə bütün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı necə əzmkar, mərd və qorxmaz xalqdır. Direktor vurğuladı ki, bəlkə də başqa millət nümayəndələri belə bir hadisə yaşansa canının qorxusundan qaçıb gizlənərdilər, lakin Azərbaycanın qəhrəman övladları o gecə öz canları, qanları ilə öz sözlərini dedilər və Azərbaycanın müstəqilliyi üçün ilk addımı atdılar. S.Xanlarova bildirdi ki, o faciəvi gecədə həlak olan bütün şəhidlərimizin xatirəsi Azərbaycan xalqı üçün əzizdir. İtirdiyimiz həmvətənlərimizdən biri də 1990-cı ildə 132 saylı orta məktəbin 7-ci sinif şagirdi olan 20 Yanvar şəhidi Larisa Məmmədovadır. O faciəvi gecədə qəddarlıqla qətlə yetirilən 7-ci sinif şagirdi məsum qızın günahı nə idi? Bu sualın cavabı bu günə kimi davam edir.

S.Xanlarova xüsusi vurğuladı ki, qanlı 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev vermişdir. Ümummilli Liderin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev 20 yanvar şəhidlərinin ailə üzvlərinə olan sonsuz məhəbbətini daima onların yanında olmaqla ifadə edir. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, xalqımıza səbr versin və Azərbaycana bundan sonra yalnız möhtəşəm qələbə günləri qismət olsun.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev xalqımıza qarşı dəhşətli qətliamın törədildiyi qanlı 20 Yanvar hadisələri, faciənin səbəbləri, bu insanlıq cinayətinin günahkarları, 20 Yanvar günü şəhid olub Azərbaycanın müstəqilliyinin əldə olunması üçün həyatlarını qurban verən Vətən övladlarının örnək qəhrəmanlığı, bu faciədən xalq, millət olaraq öyrənməli olduğumuz ibrət dərsləri haqqında şagirdlərə geniş məlumat verdi. Professor bildirdi ki, nəhəng imperiya olan SSRİ, dağılmaq ərəfəsində olduğu dövrdə əliyalın, silahsız xalqına qarşı bu cinayəti törədərək acizliyini və xalqdan nə qədər uzaq olduğunu nümayiş etdirirdi və təkcə Azərbaycanda yox, keçmiş müttəfiq respublikalarından Qazaxıstanda, Gürcüstanda, Litvada da baş verən bənzər hadisələr SSRİ-nin sonu oldu. O məşum gecədə Bakıya göndərilən azğın və son həddə silahlanmış Sovet silahlı dəstələri əsasən ehtiyatda olan qatillər, o cümlədən əzəli düşmənlərimiz olan ermənilərdən formalaşdırılmışdı. Dinc sakinləri qadın, uşaq, qoca ayırd etmədən xüsusi qəddarlıqla qətlə yetirən cəlladların o gecə Bakıda törətdikləri vəhşilikləri ifadə etməyə sözlərin aciz olduğunu qeyd edən Ş.Hacıyev vurğuladı ki, müstəqillik, milli azadlıq hüquqlarını müdafiə etmək üçün meydanlara axışan günahsız həmvətənlərimizə qarşı törədilmiş bu amansız qətliam haqqında xüsusilə gənc nəsil mövcud faktları, yazıları oxumalı, öyrənməli, o dövrün siyasi xronikasını, video arxivini dərindən təhlil edib müvafiq nəticələr çıxartmalıdırlar ki, xalqımız bir daha belə acılar yaşamasın. Tarixi faktdır ki, o dəhşətli günlərdə yalnız Bakıda deyil, respublikamızın digər bölgələrində, Lənkəranda, Gəncədə müxtəlif miqyaslı qırğınlar törədildi, ölkə rəhbərliyi bu faciəyə biganəlik göstərdi və xalqımız üçün yeganə ümid yeri xalqımızın dahi oğlu Heydər Əliyev oldu. Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin o dövrdə Moskvada ev dustağı olmasına baxmayaraq, Azərbaycan xalqının faciəvi günündə susmaması, özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Moskdakı Azərbaycanın daimi nümayəndəliyinə gəlməsi, nəinki ölkə rəhbərliyini, eyni zamanda SSRİ rəhbərliyini bütün dünya önündə bu ağır cinayətin törədilməsində ifşa etməsi haqqında şagirdlərə geniş məlumat verərək xüsusi qeyd etdi ki, məhz Bakıda törədilən qırğın və Heydər Əliyevin cəsarətli çıxışı Azərbaycan xalqının milli oyanışının başlanğıcı oldu, bütün beynəlxalq ictimaiyyət də şahid oldu ki, öz xalqına qarşı bu qəddarlığı törətmiş hakimiyyətin ölkəni, xalqı idarə etməyə mənəvi haqqı yoxdur. Beləliklə, 20 Yanvar şəhidləri öz canları, qanları bahasına müstəqilliyimizin bünövrəsini qoydular. Sədr diqqətə çatdırdı ki, Ulu Öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin Bəyanatı” qəbul olundu. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildi və dövlət müstəqilliyimizin ilk carçıları olan 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirildi.

20 Yanvar şəhidlərinin ailə üzvlərinə və faciə nəticəsində əlil olan şəxslərə göstərilən yüksək dövlət qayğısı haqqında danışan sədr bildirdi ki, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki həssas yanaşmasının davamı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və bütövlükdə Azərbaycan cəmiyyəti daima şəhidlərimizin əbədi xatirəsini əziz tutur və onları xüsusi diqqətdə saxlayır.

Ş.Hacıyev Azərbaycan gənclərinin tariximizi düzgün, dəqiqliklə araşdırıb öyrənməsinin əhəmiyyətinə diqqət çəkərək vurğuladı ki, gənclərimiz bir təkzibolunmaz həqiqəti unutmamalıdırlar. Azərbaycan xalqının tarixi və əzəli düşməni olan ermənilər əsrlər boyu xalqımızın başına gətirilən faciələrin təşkilatçısı və bilavasitə icraçısı olublar, məqsəd isə Azərbaycanın əzəli, əbədi torpaqlarıdır. Biz güclü olmalıyıq, tariximizi dərindən öyrənməliyik ki, erməni yalanlarını ifşa edək və yeganə problemimiz olan Dağlıq Qarabağ problemini həll edərək düşmən tapdağı altında olan torpaqlarımızı azad edək, yoxsa şəhidlərimizin ruhu bizi bağışlamaz. Bu gün, Azərbaycan qüdrətli ölkəyə çevirilib, xalqımız firavan yaşayır və sülh tərəfdarıdır. Bununla belə, Azərbaycan xalqı bir qarış da olsa torpağını düşmən tapdağı altında qoymayacaq və torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdır.

Azərbaycan xalqına bundan sonra yalnız şanlı qələbə günləri arzu edən Ş.Hacıyev əminliyini ifadə etdi ki, qədirbilən Azərbaycan xalqı daima qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edəcək və onların xidmətlərini yaşadacaqdır. Biz heç vaxt unutmayacağıq ki, Azərbaycanın neçə-neçə qəhrəman oğul-qızları bugünkü müstəqil, firavan həyatımız uğrunda necə cəsarətlə, mərdliklə mübarizə aparıblar. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun!

Sonra məktəb şagirdlərinin ifasında 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarlarını ifşa edən təsirli ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.

Bugünkü anım tədbirinin təşkilatçılarına və iştirakçılarına ürəkdən təşəkkür edən 20 Yanvar şəhidi Larisa Məmmədovanın anası Qalina Məmmədova 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə və faciə nəticəsində əlil olan şəxslərə göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkür etdi.

Tədbirə yekun vuran məktəbin direktoru, Əməkdar müəllim Sara Xanlarova şagirdlərə tarixin ibrətlik dərslərindən nəticə çıxartmağı, tariximizi əsaslı şəkildə öyrənməyi, azərbaycançılıq ruhunu daima yaşatmağı və Azərbaycanın xoşbəxt gələcəyi naminə töhfələr vermək üçün yaxşı təhsil alıb, Vətənə, dövlətə layiqli vətəndaşlar kimi yetişməyi tövsiyə etdi.