YAP-ın deputatlığa namizədi Səbail rayonunda şəhid ailəsini evində ziyarət etdi

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynova bu gün Badamdar qəsəbəsində şəhid Mirzəməmmədov Məmməd Məhbub oğlunun ailəsini evində ziyarət etdi, şəhidin həyat yoldaşı və ailə üzvləri ilə görüşdü.

Ağsu rayonunun İkinci Aratkənd kəndindən olan Mirzəməmmədov Məmməd Məhbub oğlu könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, 24 aprel 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.

Şəhidimizin əziz xatirəsini ehtiramla yad edən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova şəhid ailəsinin üzvləri ilə söhbət etdi, onların arzu və istəklərini dinlədi. A.Hüseynova qeyd etdi ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli ölkə başçısının hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Cəmiyyətimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini daim uca tutur və onların ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar.

Aytən Hüseynova həmçinin seçki platforması haqqında məlumat verdi və Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də inamlı qələbə qazanacağına dair əminliyini bildirdi.

Görüşdə şəhidin həyat yoldaşı Dürdanə xanım Mirzəməmmədova və övladları şəhid Mirzəməmmədov Məmməd Məhbub oğlunun adının əbədiləşdirildiyini və şəhidin adının Ağsu rayonunda Aratkənd kənd tam orta məktəbinə verildiyini xüsusi məmnuniyyətlə qeyd edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər, məişət şəraitlərindən, şəhid ailələrinə ayrılan və ildən-ilə artırılan sosial müavinətlərdən razılıqlarını ifadə etdilər.

Aytən Hüseynovaya qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən şəhid ailəsi üzvləri hər zaman olduğu kimi bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildirdilər.

yap.org.az
”İki Sahil” qəzeti
”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti