Səbail rayonunda qadın seçicilərlə görüş keçirildi

VI çağırış Milli Məclis seçkilərində 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynova təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün qadın seçicilərlə görüşdü.

Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev qadınların respublikamızın ictimai-siyasi həyatında, cəmiyyətimizin yeni keyfiyyət mərhələsindəki inkişafında, eləcə də Cənubi Qafqazın siyasi avanqardı və nüfuzlu, mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında rolundan geniş bəhs edərək ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, qadınların respublikamızda, eləcə də Səbail rayonunda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakı və idarəetmə orqanlarında, seçki proseslərindəki təmsilçiliyi haqqında danışdı. Xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın humanizm, xeyriyyəçilik kimi bəşəri prinsiplərə söykənən və ən həssas, xüsusi diqqət tələb edən sahələrdəki çoxşaxəli fəaliyyəti bütün dünyada Azərbaycan qadının müsbət obrazını formalaşdırmışdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir. Ş.Hacıyev hazırda Səbail rayonunda 21 mindən çox qadın seçicinin olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan qadınları bu gün cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrində çox fəaldırlar, say etibarilə də ciddi elektorat təşkil edirlər.

Sədr YAP-ın ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olması və partiyanın monolit şəkildə seçkilərə qatılması haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi, hər kəsi seçki günü fəal olmağa və parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırdı.

Deputat mandatı alaraq Milli Məclisdə təmsil olunmağın çox şərəfli və məsuliyyətli vəzifə olduğunu xüsusi qeyd edən Ş.Hacıyev əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının etimad göstərərək namizədliklərini irəli sürdüyü gənclər cəmiyyətimizin mövcud inkişaf mərhələsində qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək və partiyamızı yeni formalaşdırılan parlamentdə layiqincə təmsil edəcəklər.

Sonra YAP-ın deputatlığa namizədi Aytən Hüseynovanın partiya sıralarındakı fəaliyyəti və ictimai-siyasi təcrübəsi haqqında görüş iştirakçılarına məlumat verildi.

Çıxış edən 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynova ictimai-siyasi fəaliyyəti, seçki platforması, eləcə də 17 yanvar tarixindən etibarən Səbail rayonunda apardığı təbliğat-təşviqat kampaniyası haqqında danışdı. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən seçicilər və rayon sakinləri ilə həm açıq havada, həm də qapalı məkanlarda keçirdiyi görüşlər haqqında ətraflı məlumat verən YAP namizədi bu görüşlərdə sakinlərin çoxsaylı təkliflərini dinlədiyini və bu görüşlərdən sonra seçki platformasını məhz Səbail rayonunda yaşayan seçicilərin arzu və istəklərinə uyğun daha da təkmilləşdirdiyini diqqətə çatdırdı.

Qadınların cəmiyyətin mühüm sütunlarından biri olduqlarını və Azərbaycan Repsublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bir çox sahələrdəki çoxşaxəli fəaliyyətinin gənclər üçün böyük nümunə olduğunu xüsusi qeyd edən Aytən Hüseynova vurğuladı ki, ölkəmizdə aparılan düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan qadınının, gəncinin həm cəmiyyətdə, həm də mötəbər idarəçilik strukturlarında layiqincə təmsil olunmaları üçün hər cürə imkan və şərait yaradılmışdır. Bəşər tarixi boyunca analıq kimi şərəfli və məsuliyyətli statusa malik olan qadınlar bu gün kişilərlə bərabərhüquqlu şərtlərdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, məsuliyyətli vəzifələrdə çalışır və Azərbaycanın ümummilli inkişafına layiqli töhfələrini verirlər.

9 fevral parlament seçkilərində ölkəmizin hər bir bölgəsində olduğu kimi, Səbail rayonu seçicilərinin də böyük fəallıq nümayiş etdirəcəklərinə dair əminliyini ifadə edən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail qadınlarını seçkilərdə ailə üzvləri ilə birlikdə fəal iştirak etməyə və siyasi mövqelərini nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləməyə dəvət etdi.

Sonra qadın seçiciləri maraqlandıran suallar cavablandırıldı və onların təklifləri dinlənildi.

Çıxış edən YAP Səbail rayon Qadınlar Şurasının sədri dos. Təranə Kərimova, YAP Səbail rayon İdarə Heyətinin üzvü Zenfira Məmmədova, rayon Qadınlar Şurasının üzvü Tinatin Əliyeva, fəal qadınlardan Pərvanə Əzimova, Könül Əfəndiyeva, Xədicə Həsənova Aytəkin Hüseynbəyli Aytən Hüseynovaya qarşıdan gələn parlament seçkilərində uğurlar arzuladılar. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olmaq böyük şərəf və məsuliyyətdir, gənclərə və xanımlara partiya tərəfindən göstərilən bu yüksək etimad bütün Azərbaycan gəncləri üçün stimuldur.

Yüksək seçici əhval-ruhiyyəsi ilə keçən görüşdə qadınlar seçki günü məntəqələrə gələrək Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildirdilər.

yap.org.az

”İki Sahil” qəzeti
”Yeni Azərbaycan” qəzeti
”Səs” qəzeti