YAP Səbail rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin geniş toplantısı keçirildi

YAP Səbail rayon təşkilatının qərargahında ərazi ilk partiya təşkilatları sədrlərinin geniş toplantısı keçirildi.

Toplantıda 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə Səbail rayonunda aparılan hazırlıq işləri və 29 saylı Səbail seçki dairəsindən YAP-ın vahid namizədi Aytən Hüseynovanın təbliğat-təşviqat kampaniyası haqqında məlumat verildi və qarşıda duran vəzifələr müzakirə olundu.

Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev son illər, xüsusilə 2018-ci ildən etibarən ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni həyatında baş verən köklü dəyişikliklər haqqında geniş məlumat verdi. Qeyd olundu ki, bu gün Azərbaycan cəmiyyəti bütövlükdə yeni keyfiyyət mərhələsinə və inkişaf dövrünə qədəm qoyub, ictimai həyatın bütün sahələrində sistemli islahatlar həyata keçirilir. Özündə ciddi mahiyyət və məzmun dəyişikliyi ehtiva edən bu islahatlar daha da dərinləşir, genişlənir, şaxələnir, mütərəqqi institusional islahatlar nəticəsində ölkəmizdə idarəetmə sistemi daha yüksək çeviklik qazanır, cəmiyyətdə yeniləşmə, gəncləşmə prosesləri geniş vüsət alır. Sədr vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bütün mənalarda Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə yüksəlir. Bizim yolumuz Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına və ölkə başçısının Azərbaycan xalqının milli maraqlarına xidmət edən düşünülmüş, müstəqil, cəsarətli siyasətinə əsaslanır. Biz bu siyasətə bağlıyıq və bu yol müstəqil Azərbaycanımızı gələcəkdə daha yüksək nailiyyətlərə aparacaq.

Çıxışına davam edən Ş.Hacıyev diqqətə çatdırdı ki, VI çağırış Milli Məclis seçkiləri üçün 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynovanın Səbail rayonu ərazisində təbliğat-təşviqat kampaniyası uğurla davam edir, YAP namizədi seçicilərlə əsasən sakinlərin sıx yaşadığı ərazilərdə, Bayılda, Bibiheybət və Badamdar qəsəbələrində məhəllələrdə görüşür, evlərində qonaq olur, şəhid ailələrini ziyarət edir. Səbail rayonunda seçkilərin hər zaman olduğu kimi tam demokratik, aşkar və şəffaf şəraitdə keçirilməsi üçün zəruri hazırlıq işlərinin tamamlandığını qeyd edən Ş.Hacıyev bildirdi ki, rayon ərazisində əksər məntəqələrdə quraşdırılmış veb-kameralar vasitəsilə seçki prosesi gün ərzində əvvəldən axıra kimi izləniləcəkdir. Sədr bu seçkilərdə də Səbail rayonunda yüksək seçici fəallığının qeydə alınacağına dair əminliyini ifadə edərək YAP namizədinə uğurlar arzuladı.

İşgüzar şəraitdə davam edən toplantıda qarşıda duran vəzifələr müzakirə olundu, ərazi ilk partiya təşkilatları sədrlərinə müvafiq tapşırıqlar verildi və təşkilat sədrlərini maraqlandıran suallar cavablandırıldı.

”Yeni Azərbaycan” qəzeti
”İki Sahil” qəzeti
”Səs” qəzeti