YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü qeyd olundu

YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə fevralın 21-də rayon partiya təşkilatının qərargahında Rayon Şurası və İdarə heyətinin geniş yığıncağı keçirildi.

Rayon Şurası və İdarə heyətinin üzvləri, rayonun tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, partiya veteranları, “91”lərin nümayəndələri, partiya fəalları və gənclərin iştirak etdiyi yığıncaqda Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu, YAP Səbail rayon təşkilatında 27 il ərzində müşahidə olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında məlumat verildi, 2019-cu il ərzində görülən işlərə yekun vuruldu və qarşıda duran vəzifələr müzakirə olundu.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin və ötən dövr ərzində dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru prof. Şəmsəddin Hacıyev 1993-cü il 21 fevral tarixində təsis olunmuş YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə rayon partiya təşkilatının çoxminli üzvlərini təbrik etdi və hamıya möhkəm cansağlığı, işlərində uğurlar arzuladı.

Yeni Azərbaycan Partiyasının yarandığı və partiya daxilindəki təşkilatlanma proseslərinin genişləndiyi 1992-1993-cü illərdə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın ictimai-siyasi həyatında gedən mürəkkəb və ziddiyətli proseslər haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verən professor bəhs olunan dövrdə ölkəmizdə müşahidə olunan acınacaqlı vəziyyət, cəmiyyət həyatının bütün sahələrini bürüyən dərin siyasi, iqtisadi, sosial, mədəni böhran, dövlətçiliyimizin taleyi ilə bağlı yaranmış gərgin və çıxılmaz situasiya haqqında danışdı. Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən şərtləri geniş təhlil edərək Ulu Öndər Heydər Əliyevin bu taleyüklü məqamda böyük cəsarət və fədakarlıqla icra etdiyi xilaskarlıq missiyasına, Azərbaycanın qurtuluşunda həlledici rol oynayan “91-lər”in tarixi müraciətinə və YAP-ın yaranması ilə nəticələnən hadisələrə xronoloji ardıcıllıqla diqqət çəkdi. 1992-ci ilin 21 noyabr tarixində o dövrün dağıdıcı iqtidarına qarşı müxalifət partiyası kimi təsis olunan Yeni Azərbaycan Partiyasının yaradıcısı və ilk Sədri Heydər Əliyevin qısa müddət ərzində – cəmi yeddi ay sonra ölkə rəhbərliyinə, hakimiyyətə gəlməsi ilə qurtuluş və inkişaf yoluna qədəm qoyan Azərbaycanın ictimai-siyasi həyatının istisnasız bütün sahələrində müşahidə olunan köklü və sistemli islahatları vurğulayan Ş.Hacıyev Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ordu quruculuğunu, atəşkəsə nail olunmasını, cəmiyyət həyatını bürüyən böhranın və tənəzzülün aradan qaldırılmasını, eyni zamanda Azərbaycanın tamamilə yeni ictimai-siyasi quruluşa transformasiya prosesinin uğurla həyata keçirilməsini, bazar iqtisadiyyatının formalaşması üçün bütün zəruri addımların atılmasını, idarəedici institutların yaradılmasını, müvafiq qanunvericilk bazasının formalaşdırılmasını xüsusi qeyd etdi. Ş.Hacıyev vurğuladı ki, “Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin, inkişafının, bugünkü dinamik və hərtərəfli yüksəlişinin təməlləri məhz o dövrdə Heydər Əliyev tərəfindən atıldı. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması və 1995-ci ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müasir Azərbaycanın inkişafını təmin etdi. Ən əsası isə son dərəcə ziddiyyətli və keşməkeşli dövrdən sonra Azərbaycan xalqının qəlbində ölkəmizin gələcəyinə dair inam yarandı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi üçün həyata keçirdiyi xilaskarlıq missiyalarından biri də sağlığında özünün layiqli siyasi varisini müəyyənləşdirməsi, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxararaq çox etibatlı əllərə etibar etməsi oldu. 2003-cü ildən ötən dövrdə ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmlənməsi və Azərbaycanın qüdrətli dövlətə çevrilməsi Ümummilli Liderin bu qərarının da nə dərəcədə düzgün olduğunu sübut etdi.”

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi şərəfli inkişaf yolu haqqında geniş məlumat verən Ş.Hacıyev bildirdi ki, xüsusilə 2018-ci ildən sonra tamamilə yeni keyfiyyət mərhələsində dinamik inkişaf edən və dünyada sayılıb-seçilən dövlətə çevrilən Azərbaycan bütün sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünyanın bir çox ölkəsini qabaqlayır. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrini xatırladan professor bildirdi ki, “Biz bu panel müzakirəsində Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsinin, ölkə başçımızın siyasi nüfuzunun və şəxsi liderlik göstəricilərinin bir daha şahidi olduq. İlham Əliyev öz məntiqli, siyasi baxımdan kəsərli tarixi faktlara əsaslanan cəsarətli və təkzibedilməz çıxışı ilə işğalçı dövlətin baş nazirinin yalanlarını bütün çılpaqlığı ilə dünya qarşısında ifşa etdi. Baş nazirin siyasi məğlubiyyəti erməni mətbuatında da müvafiq rezonansa və Paşinyanın tənqid atəşinə tutulmasına səbəb oldu. Bu tarixi diplomatik qələbə bizi bir daha əmin etdi ki, Azərbaycanın ərazi bütövlüyü yaxın gələcəkdə Ali Baş Komandanımızın qətiyyətli, cəsarətli və müdrik siyasəti nəticəsində bərpa olunacaqdır.”

Bütün bu görülən işlərdə, əldə olunan tarixi nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının və onun hər bir üzvünün ölçüyəgəlməz rolunu xüsusi qeyd edən professor ötən dövr ərzində YAP-ın cəmiyyət həyatının bütün sahələrində artan rolu ilə yanaşı partiyanın ayrı-ayrı rayon təşkilatlarında, o cümlədən YAP Səbail rayon təşkilatında da analoji işlərin görüldüyünü bildirdi. Ş.Hacıyev YAP Səbail rayon təşkilatının ilk sədri, rayon partiya təşkilatının yaranması və inkişafında müstəsna rolu olan və təşkilata 22 ildən çox rəhbərlik etmiş mərhum professor Zahid Qaralovun əziz xatirəsini ehtiramla yad edərək rayon təşkilatının 27 il ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında məlumat verdi. Qeyd olundu ki, bu illər ərzində rayon partiya təşkilatı həm kəmiyyət, həm keyfiyyət göstəricilərinə görə əsaslı şəkildə inkişaf etmişdir. YAP Səbail rayon təşkilatı respublikamızın ictimai-siyasi həyatında mühüm rol oynamağa, ümummilli inkişafımıza töhfələr verməyə davam edir. 2019-cu ildə YAP Səbail rayon təşkilatında görülən işlər haqqında məlumat verən Sədr təşkilatda formalaşmış müsbət idarəçilik üsulu və iş intizamı ənənələrinin bundan sonra da yeni keyfiyyət müstəvisində davam etdiriləcəyini bildirdi. Ş.Hacıyev rayon partiya təşkilatında 2019-cu ildə görülmüş işləri əks etdirən xüsusi video-çarxın hazırlandığını qeyd edərək hamını filmə baxmağa dəvət etdi.

Sonra YAP Səbail rayon təşkilatının 2019-cu il ərzindəki fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.

Çıxış edən YAP Səbail rayon İdarə Heyətinin üzvü, 91-lərdən Hacan Hacıyev, Rayon Şurasının üzvü Svetlana Bayramova, ərazi ilk partiya təşkilatlarının üzvləri – Günel Hacıyeva Ülkər Bayramova Yeni Azərbaycan Partiyasının və YAP Səbail rayon təşkilatının keçdiyi şərəfli inkişaf yolundan danışdılar, YAP-ın və rayon partiya təşkilatının yaradılmasında xidmətləri olan partiya veteranlarının əziz xatirəsini ehtiramla yad etdilər.

Daha sonra cari məsələlərə və rayon partiya təşkilatına ünvanlanan müraciətlərə baxıldı, müvafiq qərarlar qəbul olundu.

Tarixi gündə həmçinin YAP Səbail rayon “Azertrans” ərazi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan üzvlərinə üzvlük vəsiqələri təqdim olundu.

Ş.Hacıyev əlamətdar bayram günü münasibətilə YAP Səbail rayon təşkilatının çoxminli üzvlərini bir daha təbrik etdi, partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı və iclasa yekun vurdu.

”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti

VİDEO – YAP Səbail rayon təşkilatının 2019-cu il ərzindəki fəaliyyəti