YAP könüllüləri Səbail rayonunda şəhid ailələrinin xanım üzvlərinin “8 Mart” bayramını təbrik etdi

Martın 8-də YAP Səbail rayon təşkilatının könüllü gəncləri “8 Mart – Beynəlxalq qadınlar günü” münasibətilə rayon ərazisində 10 şəhid ailəsini evlərində ziyarət etdilər və qəhrəman şəhidlərimizin fədakar analarını, həyat yoldaşlarını, ailə üzvləri olan xanımlarını bayram günü münasibətilə təbrik etdilər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və sevgi ilə yad edən YAP könüllüləri hər biri qəhrəmanlıq səlnaməsi yazan şəhidlərimizin xanım ailə üzvlərini ürəkdən təbrik edərək onlara gül dəstələri təqdim etdilər.

Gənclər, şəhid ailələri üzvləri ilə səmimi söhbət etdilər. Xüsusi qeyd olundu ki, xalqımız Vətənimiz üçün canlarını qurban verən şəhidlərimizlə hər zaman qürur duyur, onların fədakarlığını yüksək qiymətləndirir. Şəhidlərimizin qəhrəmanlığı bütün gənclərimiz üçün böyük vətənpərvərlik nümunəsidir. Cəmiyyətimiz şəhidlərimizi daim böyük ehtiramla yad edir, onların ailələrinə xüsusi hörmətlə yanaşır, dövlətimizin siyasətində şəhid ailələrinə diqqət və qayğı mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva daim şəhid ailələrini, müharibə veteranlarını, onların ailə üzvlərini xüsusi diqqət mərkəzində saxlayırlar və bu ailələrin problemlərinin həllini dövlətin sosial siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyən etmişlər. Yeni Azərbaycan Partiyası da ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial aksiyalarda yaxından iştirak edir, partiya fəalları, YAP gəncləri, könüllüləri daima şəhid ailələri, müharibə veteranları, cəmiyyətimizin xüsusi qayğıya ehtiyacı olan insanları üçün müxtəlif səpkili sosial aksiyalar təşkil edir. Bu işlərdə yaxından iştirak edən YAP Səbail rayon təşkilatı rayonda yaşayan aztəminatlı ailələri, əlilləri, şəhid və məcburi köçkün ailələrini, müharibə veteranlarını, tənha qocaları və yataq xəstələrini daim diqqət mərkəzində saxlayır.

Şəhid ailəsi üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısı üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirdilər, Yeni Azərbaycan Partiyasının şəhid ailələrinə göstərdiyi diqqəti yüksək qiymətləndirdilər və məişət şəraitlərindən, şəhid ailələrinə ayrılan və ildən-ilə artırılan sosial müavinətlərdən razılıqlarını ifadə etdilər.

Geniş VİDEO
YeniTV

sia.az