Partiyanın bütün strukturları kimi YAP Səbail rayon təşkilatı da “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə etdi
26.03.2020Yeni Azərbaycan Partiyası koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. Partiyanın bütün strukturları bu ümumxalq mübarizəsində iştiraka cəlb edilmişdir.
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirmiş, İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların bir aylıq əmək haqqısı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə edilmişdir.
YAP Səbail rayon təşkilatı da bu nəcib təşəbbüsə qoşulmuş və qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVİD-19) qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədi ilə rayon partiya təşkilatı tərəfindən qeyd olunan fonda müəyyən vəsait ayrılmışdır. Eyni zamanda, YAP Səbail rayon təşkilatının fəalları və könüllüləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasında da yaxından iştirak edir, rayon ərazisində yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkilir, onlara koronavirusdan qorunma və sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırılmaqla xəstəlikdən qorunma üsulları izah edilir.
Qeyd edək ki, YAP Səbail rayon təşkilatının qərargahında mütəmadi olaraq lazımi sanitar-profilaktik və dezinfeksiya işləri aparılır. Mart ayı ərzində artıq ikinci dəfədir ki, bu gün rayon partiya təşkilatının qərargahında dezinfeksiya işləri həyata keçirilmişdir.
YAP Səbail rayon təşkilatı üzvləri olaraq, biz də hər kəsi #evdəqal aksiyasına qoşularaq özümüzün və ətrafımızdakı insanların sağlığı naminə məsuliyyətli olub evdə qalmağa çağırırıq.
#EvdəQalVirusaYoluxma, #SağlamlığımızMilliHəmrəyliyimizdədir, #BizBirlikdəGüclüyük