YAP Səbail rayon Qadınlar Şurası YAP-ın koronavirus təhlükəsinə qarşı mübarizədə “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyasında fəal iştirak edir
27.03.2020Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiya yüksək fəallıqla davam etdirilir.
YAP fəalları və könüllüləri aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayır, operativ profilaktik və mübarizə tədbirlərinə qoşulur, maarifləndirmə işində fəallıq göstərirlər. Partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edirlər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, qohum-tanışlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər.
YAP Səbail rayon Qadınlar Şurası da bu aksiyada yaxından iştirak edir. Martın 26-da rayon partiya təşkilatının Qadınlar Şurasının sədri və fəal üzvləri Səbail rayonu ərazisində yaşayan bir neçə şəhid ailəsini və qaçqın, məcburi köçkün ailələrini ziyarət etdilər, onlara koronavirusdan qorunma və sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmaqla xəstəlikdən qorunma üsullarını izah etdilər. Aksiya çərçivəsində Qarabağ şəhidləri Məmmədov Tofiq Əbülfəz oğlu, Mirzəməmmədov Məmməd Məhbub oğlu, Hüseynov Vasif Qadir oğlu, məcburi köçkün Həsənova Bəhbubə xanımın ailələri ziyarət olundu.
Cəmiyyətimiz tərəfindən daim xüsusi diqqət və qayğı göstərilən şəhid, qaçqın və məcburi köçkün ailələrinin üzvləri öz növbələrində Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər, onları heç zaman yaddan çıxarmayan dövlətə, YAP-a fəaliyyətində uğurlar arzu etdilər.
Bir daha vurğulandı ki, qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVİD-19) qarşı mübarizənin ölkəmizdə daha da gücləndirilməsi və əhalinin sağlam həyat tərzinin qorunması məqsədi ilə vətəndaşlar müəyyən edilmiş qayda və tövsiyələrə, gigiyena qaydalarına ciddi riayət etməli, özlərinin və yaxınlarının sağlamlıqlarını qorumalıdırlar.
#EvdəQalVirusaYoluxma, #SağlamlığımızMilliHəmrəyliyimizdədir, #BizBirlikdəGüclüyük