YAP Səbail rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan videokonfrans keçirildi

12 iyun 2020-ci il tarixində YAP Səbail rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününün 27-ci ildönümünə həsr olunan videokonfrans keçirildi. Konfransda YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri, Gənclər Birliyinin nümayəndələri və könüllülər iştirak etdilər.

Konfransa sədrlik edən YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev Azərbaycan xalqının taleyinin dəyişdiyi və müasir Azərbaycan dövlətinin xilaskarlıq tarixi kimi qeyd olunan möhtəşəm “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə konfrans iştirakçılarını təbrik etdi, onlara cansağlığı, ictimai-siyasi fəaliyyətlərində uğurlar və yeni-yeni müvəffəqiyyətlər arzuladı.

Parçalanmaq, məhv olmaq ərəfəsində olan müstəqil dövlətimizin Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunan 1993-cü il 15 iyun tarixinin – Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsinin bu il 27-ci ildönümü tamam olur. 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Beləliklə, Milli Məclisin 1997-ci il 17 iyun tarixli qərarı ilə 15 iyun dövlət səviyyəsində milli bayram günü kimi elan olundu. Milli Qurtuluş Günü hər il böyük sevinc və qürur hissi ilə qeyd olunur, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz xidmətlər, ən taleyüklü məqamlarda yerinə yetirdiyi xilaskarlıq missiyaları bir daha ehtiramla yad edilir və gənc nəsillərə bu şərəfli tarix haqqında geniş məlumatlar çatdırılır.

Qurtuluş Gününün Azərbaycan xalqının və dövlətinin taleyindəki tarixi rolu və əhəmiyyəti, həmin dövrdə respublikamızda cərəyan edən son dərəcə çətin, mürəkkəb, ziddiyyətli və qeyri-müəyyən proseslər, ictimai həyatın bütün sahələrini bürüyən siyasi, iqtisadi, sosial, mədəni və hərbi böhran, müharibə şəraiti, 1 milyondan çox qaçqın və məcburi köçkünlər, eləcə də trasformasiya prosesləri haqqında videokonfrans iştirakçılarına, xüsusilə gənclər və könüllülərə geniş məlumat verən Ş.Hacıyev xüsusi olaraq qeyd etdi ki, əgər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin o ən ağır və mürəkkəb dövründə rəhbərliyə gəlməsəydi, Azərbaycan xalqının və dövlətinin taleyi çox acınacaqlı olacaqdı, çünki səriştəsiz, iradəsiz, milli-mənəvi ruhdan uzaq və bacarıqsız rəhbərlərin rüsvayçı, biabırçı hakimiyyəti nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın unitar dövlət kimi mövcudluğu böyük sual altında idi. Xalqımız ümidsizlik içində idi, Azərbaycan parçalanırdı, separatçı qüvvələr meydan sulayırdı – Dağıq Qarabağ Muxtar Vilayəti “müstəqillik” iddiasında idi, cənubda “talış-muğan” respublikası elan edilmişdi, şimalda sadvalçılar baş qaldırırdı, Gəncə qiyamı, vətəndaş qırğını başlamışdı, digər tərəfdən isə iqtisadiyyat çökmüşdü, hiperinflyasiya, işsizlik baş alıb gedirdi, ölkənin taxıl ehtiyatı tükənirdi, aclıq başlaya bilərdi, bir sözlə, yenicə müstəqillik əldə etmiş ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşaya və müstəqilliyini itirə bilərdi. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ilk növbədə dövlətimizin dərin böhran vəziyyətindən qurtuluşu üçün ümid və inam yarandı. Elə əsl müstəqillik tariximiz də həmin illərdən başladı.

Təkzibolunmaz faktdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi üçün həyata keçirdiyi tarixi missiyaları ölçüyəgəlməzdir. Heydər Əliyevin müasir Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanılmasında, müstəqil, hüquqi, azad və demokratik Azərbaycan dövlətinin qurulmasındakı ən mühüm xilaskarlıq missiyası məhz 15 iyun 1993-cü il tarixindən başladı. Mübaliğəsiz demək olar ki, Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi qorudu, möhkəmləndirdi. Ölkə iqtisadiyyatı böhrandan, tənəzzüldən çıxaraq onun inkişafına və tərəqqisinə doğru ciddi addımlar atıldı, bugünkü iqtisadi inkişafımız üçün fundamental əsaslar formalaşdırıldı, vətəndaş müharibəsinin və ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, erməni işğalı dayandırıldı, atəşkəs imzalandı, nizami ordu formalaşdırıldı, yeni iqtisadi sistemə transformasiya prosesləri uğurla həyata keçirildi, ilk müstəqil Konstitusiyamız hazırlandı və qəbul olundu, ictimai-siyasi həyatın bütün sahələrində dərin islahatlar və əsaslı struktur dəyişiklikləri həyata keçirildi, “Əsrin Müqaviləsi” imzalandı, Azərbaycan xalqının sərvəti olan neftinin dünya bazarına çıxarılması üçün nəhəng transmilli neft müqavilələri hazırlandı və qəbul olundu, bir sözlə dahi rəhbər 10 il ərzində Azərbaycan üçün ən çətin şərtlərdə mümkün olan hər şeyi etdi.

Ş.Hacıyev diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi üçün yerinə yetirdiyi ikinci ən mühüm xidməti özünün layiqli siyasi varisini müəyyənləşdirməsi və qurub-yaratdığı, şah əsəri olan Azərbaycanın taleyini məhz İlham Əliyevə etibar etməsi oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik və davamlı inkişafı, ildən-ilə siyasi, sosial-iqtisadi, hərbi qüdrətinin yüksələrək dünyanın sayılıb-seçilən dövlətlərindən birinə, Cənubi Qafqazın lider ölkəsinə, etibarlı beynəlxalq tərəfdaşa, ümumbəşəri dövlətə, mühüm transkontenental enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və iştirakçısına çevrilməsi haqqında ətraflı danışan Sədr qeyd etdi ki, bütün bu uğurlar və Azərbaycanın bugünkü inkişafı bir daha sübut edir ki, Heydər Əliyevin bu qərarı və seçimi də birmənalı olaraq Azərbaycan xalqının parlaq gələcəyinin təminatı oldu.

2020-ci ildə dünyanı bürüyən qlobal pandemiya şəraitində koronavirus epidemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən ardıcıl, sistemli və qabaqlayıcı tədbirlər haqqında danışan Ş.Hacıyev bildirdi ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrinin böyük çətinliklərlə üzləşdiyi koronavirus (COVİD 19) pandemiyasıilə mübarizə dövründə də Azərbaycan, bütün dünya ölkələrinə nümunə olan müsbət Azərbaycan modeli nümayiş etdirdi. Pandemiya sınağı ölkəmiz üçün güclü lider, güclü siyasi iradə sayəsində xalq-dövlət birliyinin bir daha təsdiqlənməsi, Azərbaycanın bəşər dövləti olmasının qlobal miqyasında etirafı, ölkəmizdə dövlət siyasətinin söz və əməl vəhdəti, hər bir vətəndaşın sağlamlığına, rifahına əsaslanan sosialyönümlü dövlət siyasətinin reallıqda icrasının bariz, əyani sübutu oldu. Ölkəmizə infeksiyanın xarici ölkələrdən gətirilməsinin ilk faktı aşkarlandığı gündən dövlət rəhbərliyi təxirəsalınmaz qabaqlayıcı, çevik və praqmatik tədbirlər gördü və ilk gündən etibarən şahidi olduq ki, Azərbaycan Prezidenti üçün vətəndaşın sağlamlığı öncül əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimizin “Biz Birlikdə Güclüyük!” çağırışı cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik və xalq-dövlət vəhdətinin şüarına çevrildi. Müvafiq iqtisadi və sosial çətinliklərin müşahidə olunduğu karantin dövründə dövlət aztəminatlı ailələrin, həssas təbəqəyə aid qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsi, sahibkarlara dəstək üçün sosial yardım paketlərini uğurla icra etdi. İqtisadi fəallığın zəiflədiyi və milyonlarla manat iqtisadi itkilərin olduğu dövrdə dövlət üçün vətəndaşın sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələyə çevrildi. Cəmiyyətin hər bir üzvünü əhatə edən 3,5 milyard AZN məbləğində sosial paket icra olundu, dövlət sektorunda işləyən 900 min, özəl sektorda çalışan 700 min vətəndaşın əməkhaqları karantin dövründə saxlanıldı, 600 min aztəminatlı və işsiz vətəndaşlara birdəfəlik yardım ödənildi, ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, ünvanlı sosial yardım 80 min ailəni əhatə etdi və s. Pandemiya ilə əlaqədar karantin dövründə məlum iqtisadi çətinliklərə baxmayaraq dövlət başçısının siyasi iradəsi sayəsində ölkəmizdə heç bir sosial proqram ixtisar olunmadı, sosial infrastruktur layihələri davam etdirildi, dövlətin sosialyönümlü siyasəti əməli-praktik tədbirlərdə bir daha öz təsdiqini tapdı. Azərbaycan qlobal sınağa çevrilmiş pandemiya dövründə bəşəri çağırışlara cavab verən ölkə olduğunu növbəti dəfə sübut etdi, Azərbaycanın milli və beynəlxalq səviyyədə pandemiya ilə mübarizə tədbirlərinə verdiyi qlobal əhəmiyyətli töhfələr bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, Dünya Səhiyyə Təşkilatının, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatı sayılan Qoşulamama Hərəkatı və onun üzvü olan dövlətlərin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bəyanatlarında da öz təsdiqini tapdı. Səhiyyəsi ən yüksək beynəlxalq standartlarla qiymətləndirilən ölkələrin pandemiya qarşısındakı çarəsizliyinə şahid olduğumuz halda, Azərbaycan hadisələri ilk gündən cilovlaya bildi və pandemiyaya qarşı əməli mübarizə tədbirləri həyata keçirdi. Sözlə əməlin vəhdətinin nümayiş olunduğu karantin dövründə görülən işlərin məntiqi nəticəsidir ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya ilə mübarizədə nümunəvi ölkə kimi qiymətləndirildi. Fövqəladə vəziyyətə dərhal adekvat reaksiya verən Azərbaycan hökuməti vətəndaş sağlamlığının maksimum qorunması üçün səhiyyə sistemini hazırlıqlı vəziyyətə gətirdi, 20 xəstəxana sırf koronavirusla mübarizə üçün ayrıldı, modul tipli 10 yeni xəstəxananın inşasına başlanıldı, artıq onlardan 4-ü tam istifadəyə verildi. Bütün bu qabaqlayıcı tədbirlər nəticəsində əminliklə deyə bilərik ki, Azərbaycan koronavirus infeksiyası ilə uğurlu mübarizə modelini ortaya qoydu və ölkəmizin pandemiyadan minimum itkilərlə çıxmasında dövlət-xalq həmrəyliyinin müstəsna rolu oldu. Şübhəsiz ki, Azərbaycan ölkə rəhbərinin düşünülmüş siyasəti nəticəsində post-pandemiya dövründə də müsbət nəticələr əldə etməyə davam edəcəkdir.

Yeni Azərbaycan Partiyası pandemiya dövründə fəaliyyətini nəinki məhdudlaşdırmadı, əksinə sərt karantin rejimində də partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan vətəndaşlara müntəzəm olaraq hər cür yardım və dəstək göstərdilər. Xalqımız pandemiya dövründə dövlətimizin, partiyamızın diqqətini, qayğısını bir daha hiss etdi.

Respublika ərazisində xüsusi karantin rejiminin elan olunması tarixindən etibarən YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyəti tərəfindən sosial müdafiəyə ehtiyacı olan rayon sakinlərinin, aztəminatlı ailələrin, o cümlədən tənha, ahıl xəstələrin ehtiyaclarının qarşılanması üçün operativ tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə 530 min manat məbləğində  yardım həyata keçirmiş, İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların bir aylıq əmək haqqısı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə edilmişdir. YAP Səbail rayon təşkilatı da bu nəcib təşəbbüsə qoşulmuş və qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVİD-19) qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədi ilə rayon partiya təşkilatı tərəfindən qeyd olunan fonda 5000 (beş min) AZN məbləğində vəsait köçürülmüşdür.

Xüsusi karantin dövründə YAP Səbail rayon təşkilatı tərəfindən, YAP könüllü gəncləri və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) iştirakı ilə rayon ərazisində ümumilikdə 181 aztəminatlı ailəyə, o cümlədən tənha ahıllara, yataq xəstələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə, partiya veteranlarına zəruri ərzaq, dərman, tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar çatdırılmış, həmçinin müxtəlif sosial xidmətlər göstərilmişdir.

YAP Səbail rayon təşkilatı aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızı, o cümlədən Qarabağ müharibəsi əlillərini, veteranlarını, şəhid ailələrini, kimsəsizləri, yataq xəstələrini və tənha ahılları yalnız karantin rejimi ilə əlaqədar yox, ilboyu daim diqqət mərkəzində saxlayır və partiyamızın təşəbbüsü ilə bu həssas qruplara aid olan sakinlərimiz üçün müxtəlif səpkidə sosial yardım aksiyaları bundan sonra da davam edəcəkdir.

Ş.Hacıyev bir daha vurğuladı ki, pandemiya ilə əlaqədar ötən aylarda respublika ərazisində elan olunmuş sərt karantin rejimində hər bir Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, ölkə başçısı cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı, rifahı və təhlükəsizliyi dayanır. Prezident hər zaman olduğu kimi bütün vədlərinə sadiq qaldı və bu çətin şəraitdə dövlət tərəfindən bütün lazımi tədbirlər yerinə yetirildi, müsbət işlər görüldü. Lakin bu virusla mübarizədə hər bir vətəndaşın şəxsi məsuliyyəti və müəyyən olunmuş tələblərə, qaydalara riayət etməsi son dərəcə ciddi məsələdir. Hər birimiz bu pandemiyanın fəsadlarını düzgün dərk etməli, virusla ciddi mübarizə aparmalı, özümüzü, ailəmizi, millətimizi, dövlətimizi qorumalı və bütün bu çətinliklərə birlikdə qalib gəlməliyik. Pandemiya səngiməyib, hələ də davam edir, virusa qarşı peyvənd tapılmayıb. Təəssüf ki, biz bu şərtlərdə yaşamağı və işləməyi öyrənməliyik.

Sədr fürsətdən istifadə edərək, YAP Səbail rayon təşkilatının bütün üzvlərinə, ərazi ilk partiya təşkilatlarının sədrlərinə, Gənclər Birliyinin, Qadınlar Şurasının bütün üzvlərinə bu məsələ ilə bağlı bir daha çağırış etdi. Xüsusi qeyd olundu ki, pandemiya ilə mübarizə tədbirləri ilə bağlı geniş maariflədirmə işləri davam etdirilməlidir, sosial şəbəkələrdə bununla bağlı təbliğat aparılmalıdır. Bu virusa birlikdə qalib gəlmək istəyiriksə, hər kəs əsas üç qaydaya ciddi riayət etməlidir: 1) Mütləq şəkildə maskalardan istifadə olunmalıdır; 2) Sosial məsafə qaydalarına əməl olunmalıdır və 3) Şəxsi gigiyena qorunmalıdır. Təəssüf ki, bəzi vətəndaşların şəxsi məsuliyyətsizliyinin nəticəsində ölkəmizdə virusa yoluxma sayı karantin rejiminə baxmayaraq hələ də yüksəkdir, bu səbəblə hətta həftəsonlarında sərt karantin tətbiq olunmasına ehtiyac yaranıb. Bizim mövcud şəraitdə öncül vəzifəmiz virusla mübarizədə qeyd olunan tələblərə və müəyyənləşdirilmiş qaydalara ciddi şəkildə riayət etmək və bununla bağlı vətəndaşlar arasında geniş maarifləndirmələr aparmaqdır. Biz bu pandemiyaya fərdi məsuliyyətimizlə qalib gələ bilərik və birlikdə bunun da öhdəsindən gələcəyik.

Çıxış edən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan xalqının dövlətçilik taleyinə qızıl hərflərlə yazılan əlamətdar tarixi gün 15 iyun – Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etdi. B.Quliyev 1992-ci ildə “91-lər”in Heydər Əliyevə “Səs” qəzeti vasitəsilə tarixi müraciətini və Ulu Öndərin “Səs”qəzetində dərc olunan Azərbaycan ziyalılarına ölkənin gələcək taleyi ilə bağlı proqram xarakterli cavabında diqqət çəkdiyi məqamları gənclər üçün bir daha geniş təhlil etdi. Vurğulandı ki, Heydər Əliyev hər bir Azərbaycan gənci üçün ən böyük vətənpərvərlik və azərbaycançılıq nümunəsidir. Biz fəxr edirik ki, biz azərbaycanlıyıq. Nə qədər ki, Azərbaycan və Azərbaycan xalqı var, Ulu Öndərin ideyaları və İlham Əliyev siyasəti yaşayacaq.

Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edən Dövlət İdarəçilik Akademiyasının dekanı prof. Elçin Əhmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hər iki hakimiyyəti dövründə ölkəmizin inkişafı və tərəqqisi naminə gördüyü misilsiz işlər və tarxi xidmətləri haqqında geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, görkəmli dövlət xadimi və nəhəng siyasətçi Heydər Əliyevin zəngin dövlətçilik irsi gənclərimiz tərəfindən ətraflı araşdırılmalı və öyrənilməlidir.

Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil siyasəti haqqında danışan YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli bildirdi ki, bu gün Azərbaycan gəncliyi Heydər Əliyev ideyaları və İlham Əliyev siyasəti ətrafında sıx birləşib. Pandemiya dövründə bütün Azərbaycan xalqı bir daha əmin oldu ki, Azərbaycan Prezidenti üçün xalqımızın sağlamlığı və təhlükəsizliyindən ümdə heç nə yoxdur. Əminik ki, xalqımız ölkə rəhbərimizin siyasəti nəticəsində pandemiya sınağından da üzüağ çıxacaq.

Konfransa yekun vuran Ş.Hacıyev hər kəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bir daha təbrik etdi və qeyd etdi ki, gənclərimiz Azərbaycanın ən müasir siyasi tarixini dərindən öyrənməlidirlər. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və İlham Əliyev siyasəti əsasında inkişaf edir və əminik ki, xalqımızı gələcəkdə daha böyük uğurlar gözləyir.

yap.org.az
AzərTAC
sia.az