“COVID-19” pandemiyası dövrünün yeni mərhələsində YAP Səbail rayon təşkilatı qarşısında duran vəzifələr müzakirə olundu

İyunun 30-da YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyevin sədrliyi ilə təşkilatın aparat işçilərinin onlayn formatda növbəti iclası keçirildi.

İlk öncə, ölkəmizin ictimai-siyasi həyatında və dünyada baş verən proseslər, qlobal pandemiya şəraitində ölkəmizin gündəmində olan siyasi, iqtisadi, sosial məsələlər haqqında qısa icmal şəklində məlumat verən Ş.Hacıyev ölkə rəhbərimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövlət və hökumət başçıları tərəfindən dəstəklənməsini xüsusi əlamətdar hadisə kimi qeyd etdi. Vurğulandı ki, bu tarixi hadisə İlham Əliyev siyasətinin, diplomatiyasının növbəti uğuru olmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun günbəgün yüksəlməsinin, söz sahibi dövlətə çevrilməsinin bariz nümunəsidir. Bu gün dövlətimizin, Azərbaycan xalqının milli maraqlarını dünyada layiqincə təmsil edən, dünyanın çətin sınaqdan keçdiyi bu dövrdə qlobal həmrəyliyə çağırış edəcək qədər güclü Liderimizin olması və möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqlara söykənən praqmatik siyasəti hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.

İclasda pandemiyaya qarşı mübarizə çərçivəsində YAP Səbail rayon təşkilatının qarşısında duran əsas vəzifələr geniş müzakirə olundu və müvafiq tapşırıqlar verildi.

Qeyd edək ki, rayon partiya təşkilatının fəaliyyətinin operativliyi mütəmadi olaraq onlayn formatda təşkil olunan iclaslarla təmin olunur.